Seyid Əli İmadəddin Nəsimi - orta əsr Azərbaycan Türk şairi və hürufilik təriqətinin ən məşhur nümayəndələrindən biri. Zamanında Nəsimi təxəllüsü ilə daha çox tanınan şair, Azərbaycan Türkcəsində divanın, Fars və Ərəb dillərindədə isə müxtəlif xırda əsərlərin müəllifi olmuşdur. Nəsimi Türk ədəbi tarixinin banilərindən biri sayılır. Həyatı Nəsiminin həyatı haqda geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin (عماد الدين) kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli (علی) və Ömər (عمر) olduğunu qeyd edən mənbələrdə vardır. Bir çox tədqiqatçı onun Şamaxıda başqaları isə Bursada, Təbrizdə, Bakıda, Diyarbakırda və hətta Şirazda anadan olduğunu iddia edirlər. Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şe'rlər yazdığı və hazırda bu adla tanınan qədim qəbristanlıqda basdırıldığı mə'lumdur. İslamdan sonrakı dövrdə Şamaxı iri mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Burada çoxlu məktəb, mədrəsə, bütün Şərqdə məşhur olan şe'r və musiqi məclisləri fəaliyyət göstərir, zəngin ictimai və şəxsi kitabxanalar mövcud idi. Paytaxtdan bir qədər kənarda, Məlhəm adlanan yerdə məşhur şair Xaqaninin əmisi-alim və həkim Kafiəddin tərəfindən yaradılmış Dar-üş-şəfa tibb akademiyası da fəaliyyət göstərirdi. Şamaxıdan bütöv bir şair və alimlər pleyadası çıxmışdır ki, onların da arasında böyük sənətkar Əfzələddin Xaqanini xüsusi qeyd etmək lazım gəlir. Nəsiminin məktəb illəri belə bir mühitdə keçib. Şairin əsərlərinin təhlili göstərir ki, Nəsimi Şamaxıda o dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil ala bilib. O, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş, İslam və Xristianlıq dinlərinin əsaslarına yaxından bələd olmuş, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnmişdi. O, dilləri elə yaxşı öyrənmişdi ki, Azərbaycan, fars və ərəb dillərində eyni dərəcədə gözəl şe'rlər yaza bilirdi. Onun azərbaycanca şe'rlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan xalq şe'ri nümunələri olan bayatılara çox yaxındır. Nəsiminin poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin adları tez-tez xatırlanır. Bunlardan Əli ibn Sinanı, Xaqanini, Nizaminini, Fələkini, Həllac Mənsuru, Fəzlüllah Nəimini, Şeyx Mahmud Şəbüstərini, Övhədi Marağayini və başqalarını göstərə bilərik. Hürufilər Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda Nəsimi vətəndən didərgin düşüb, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olub. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub. Nəsimini Təbrizi nisbəsində təqdim edən İbn əl-İmad Hənbəli yazır: "O, hürufilərin şeyxidir, Hələbdə sakin idi, tərəfdarları çoxaldı, bidəti artdı, iş o yerə çatdı ki, sultan onun öldürülməsini əmr etdi, boynu vuruldu, dərisi soyuldu, çarmıxa çəkildi.” Nəsimi 3 dildə yazıb. O, öz ideyalarını peşəkar filosof kimi ayrıca traktatlarda bitkin sistemdə verməyib, çünki Miyanəcinin, İbn Ərəbinin geniş əhatəli sufi-fəlsəfi əsərlərindən sonra bu məzmunda traktatlar yazmağa o zaman bəlkə də ehtiyac duyulmurdu. Hürufiliyin nəzəri əsaslarına gəldikdə, Nəiminin əsərlərində o artıq işlənib hazırlanmışdı. [redaktə / تحریر] Fəlsəfəsi Nəsimidə hər iki qrup – mötədil və ifrat sufilərin təsiri aydın duyulur. Nəsimi Allahı dərk etməklə mövcud çoxluğun heçliyə varması, hər şeyin vahid varlığın təzahürü olaraq qalması fikrinə şərik olur: "Faniyi mütləq olmuşam, Haqlayam, Haqq olmuşam.” Nəsimi idrakda yəqinliyin elmi, yəqinliyin eyni, yəqinliyin həqiqəti mərhələlərini nəzərdən keçirib. Birincisi, bilik, ikincisi, görmə və üçüncüsü Haqqa çatmaqdır. Monoteist sufilərin varlıq təliminin əsasında kreatsionizm nəzəriyyəsi durur. Bu, sufi ədəbiyyatda Qurandan götürülmüş "kün! Fə kanə” (Ol! Oldu!) ilə göstərilib. Sonralar bu ehkamın əsaslandırılması üçün bir hədisdən istifadə ediblər: "Mən gizli bir xəzinə idim, istədim ki, tanınım. Ruhları və insanları yaratdım ki, tanınam.” Nəsimi "Ol!Oldu” ifadəsinə kaf (k) ilə nun (n), həmin hədisə isə "Kuntu kənzən” deyə dəfələrlə işarə edib. Lakin həmin ifadələri panteist məzmunda işlədib. Nəsiminin panteizmini sufilərdən fərqləndirən başlıca xüsusiyyət onun hürufi rəmzlərindən istifadə etməsidir. 28, yaxud 32 hərf, onun mühüm ifadə vasitələrindəndir. Nəsiminin əsərlərində "Haqq” ilə "cümlə aləm” arasındakı eyniyyət üçün "İnsan” anlayışından istifadə olunur. Belə ki, "İnsan” ən geniş həcmdə "Allah” haqqında, ən zəngin məzmunda isə "cümlə aləm”, yaxud onun təzahürləri haqqındadır. Ən geniş həcmli anlayış olan "Haqq" ilə eyniləşdirilən "Mən” anlayışına yalnız bütün mövcudatın mütləq məcmusu bərabərdir. Əks təqdirdə, "Mən” hər şeyə şamildir, ona şamil olan isə yoxdur. Allahı təbiətdən ayrı hesab etməyi korluq hesab edir. Nəsimi insanı nə qədər ümumiləşdirib mücərrədləşdirib kosmoloji həddə matdırsa da, onunhəyatda real, etik vəziyyətini, cəmiyyətdə yerini unutmayıb. Onun fikrincə, ürək sıxan üç şey var: Birincisi, yaman qonşu, pis xasiyyətli dost, pis övrət. İkincisi, yalançılıq, qeybət, paxıllıq, ədavət. Üçüncüsü, böhtan, ələ salma, kobud zarafat. [redaktə / تحریر] Yaradıcılığı Tokay Məmmədov İbrahim Zeynalov la birgə - tunc, qranit - 1979 Nəsiminin Bakı şəhərində heykəli Nəsimi dilin zənginliklərindən qəzallərində özünəməxsus bir ustalıqla istifadə edib. Bə'zən şair şe'rlərini yalnız xitab və ifadəli təkrarlar üzərində qurur: Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım... Diləfruzum, vəfadarım, cikərsuzum, cəfakarım, Xudavəndim, cahandarım, əmirim, bəyimü xanım. Filosof-şairin poeziyası çox tez bir zamanda Orta Asiya, Türkiyə və İran xalqları arasında populyarlıq qazanır. Həllac Mənsurla birlikdə onun adı öz əqidəsi uğrunda qeyri -adi sədaqət və cəsurluq rəmzinə çevrilir. Onun əsərləri bir çox dillərə çevrilir və həmin dillərdə yazıb-yaradan şairlər onu təqlid edirlər. Nəsiminin şe'rlərini xalq arasında avazla oxumaq və onun hürufi ideyalarını təbliq etmək üstündə bir çoxları əzablara qatlaşır, hətta canlarından da keçirlər. Yaradıcılığının ilk dövrlərində Nəsimi də ustadı Nəimi kimi sufizm mövqeyində dayanır və tanınmış sufi şeyxi Şiblinin tə'limini davam etdirirdi. Bu mərhələdə şair öz əsərlərini "Hüseyni", "Seyid Hüseyni", "Seyid" təxəllüsləri ilə yazır. Lakin X əsrin sufi İran filosof-şairi Hüseyn Həllac Mənsurun tə'limi Nəsiminin ruhuna daha yaxın idi. İlk dəfə məhz o demişdi ki, "Mən allaham!" Bu cür küfr sayılan fikirlərinə görə Həllac Mənsur daim tə'qiblərə mə'ruz qalmış və nəhayət, öz ömrünü dar ağacında başa vurmuşdu. Əqidəsi uğrunda bu cür fədakarlıq göstərməyə hazır olan Nəsimi də Mənsura heyran kəsilmiş və öz əsərlərində onu tərənnüm etmişdi. Maraqlıdır ki, şair hürufi tə'limini qəbul etdikdən sonra da Həllaca vurğunluğundan qalmamışdı. Bu sözləri müəyyən mə'nada Nəsiminin uzun müddət sadiq qaldığı sufi fəlsəfəsi haqda da söyləmək olar. Bununla əlaqədar olaraq, Zümrüd Quluzadə yazır: "Nəsimi yaradıcılığının mərkəzində lirik qəhrəmanın aşiq olduğu, onu yüksəldən, kamilləşdirən və öz nuruna qərq edən gözəl-allah dayanır. İnsan üçün ən yüksək, ülvi duyğu həmin sevgilinin vüsalına yetişmək, ona qovuşmaq, onda əriyib yox olmaqdır. Şair yazır ki, eşqi günah sayanların sözlərinə baxmayaraq, o, bu yoldan çəkinməyəcək. Çünki yalnız bu yol insanı tanrıya, həqiqətə çatdıra bilər." Daha sonra oxuyuruq: "Lakin tədricən Nəsiminin dünyagörüşündə sufilik hürufiliklə əvəz olunur. Bu, hər şeydən öncə şairin panteist görüşlərindəki dəyişiklikdə əks olunur. Bu görüşlərin əsasında artıq eşq və sərxoşluq deyil, hərf, ağıl dayanmağa başlayır. Bu zamandan e'tibarən Nəsimi fəlsəfədə Nəiminin yaratdığı hürufiliyə tapınır və onun əsas müddəalarını təbliğ edir. Ancaq Nəsiminin təbliğ etdiyi hürufilik heç də Nəiminin yaratdığı tə'limin eynilə təkrarı deyil." Nəsimi yaradıcılığının ana xətti insanın allahla eyniləşdirilməsi və ilahiliyi ideyasından keçir. Nəsiminin bu düşüncələrini poetik tərzdə ifadə eləyən məşhur şe'r də fikrimizi sübut edir: Məndə sığar iki* cahan, mən bu cahanə sığmazam, Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam. Ərşlə fərşu kafü nun məndə bulundu cümlə çün, Kəs sözunüvü əbsəm ol, şərhu bəyanə sığmazam. Kövnü məkandır ayətim, zati dürür bidayətim, Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam. Kimsə gümanə zənn ilə olmadı həqq ilə biliş, Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam. Surətə baxu mə'nini surət içində tanı kim, Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam. Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm, Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam. Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş, Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam. Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm, Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam. Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm, Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam. Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm, Çək dilinivu əbsəm ol mən bu lisanə sığmazam. Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm, Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam. Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə, Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam. Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm, Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam. Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm, Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam. Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm, Bundan uludur ayətim, ayətü şanə sığmazam. * Bəzi mənbələrə görə orijinal versiyada iki sözü ikən olmalıdır. Bu 20-ci illərin səhvi kimi göstərilir. Lakin əksər müasir nəşrlərdə iki kimi yazıldığından bu söz iki kimi verilmişdir. Azərbaycan mədəniyytində Nəsimi Azərbaycan Respublikası yenidən qurulanda Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna Nəsiminin adı verilmişdir. Həmçinin bax Nəsimi metrostansiyası Nəsimi (1971) Nəsimi (1973) Nəsimi (1973) (II)
|