Fransa həm coğrafi, həm də təbii şəraitinin müxtəlifliyinə görə fərqlənir. Fransanın geniş dəniz sərhədləri və Avropanın ən iri nəqliyyat magistralı Reyn çayının onun ərazisində axması, ölkənin iqtisadi əlaqələrinin inkişafında olduqca əlverişli şərait yaratmışdır. Faydalı qazıntılarla, xüsusilə yanacaq resusları ilə kasad olmasına baxmayaraq (uran istisna olmaqla), Fransa zəngin hidroenerji sərvətlərinə (Alp və Prieneydə), məhsuldar torpaqlara, mülayim və subtropik iqlimə malikdir.
Keçmiş müstəmləkə imperyası olmuş, bir vaxtlar iqtisadi gücünə görə dünyada Böyük Britaniyadan sonra II yeri tutan Fransa indi bir sıra göstəricilərinə görə, xüsusilə sənaye istehsalının ümumi həcminə görə, ABŞ, Yaponiya və Almaniyadan xeyli geridə qalır.
Fransanın təsərrüfatının ərazi strukturu əsasən XIX əsrdə sənaye çevrilişindən sonra formalaşmışdır. Bu dövrdə əlverişli coğrafi mövqeyinə görə və mineral ehtiyatlarına (xüsusilə dəmir filiz və kömür) malik olan şimal və şərq rayonları daha sürətlə inkişaf etmişdir. Nəticədə ölkənin sənayesi getdikcə daha çox bu rayonlarda təmərküzləşmişdir. İndi də Fransanın 60%-dən çoxu və sənaye məhsulları istehsalının 75%-ə qədəri Havr-Marsel xəttindən şərqdə yerləşir. Ən iri sənaye mərkəzləri Paris, Marsel, Havr, Dünkerk, Lill, Strasburq, Lion, Bordo, Nant, Tuluzadır.
Paris ölkənin paytaxtı olmaqla yanaşı, həm də onun ən mühüm iqtisadi mərkəzidir. Fransanın sənaye məhsullarının 30%-i Paris rayonunda təmərküzləşmişdir. Burada emaledici sənayenin (avtomobilqayırma, təyyarəqayırma, kimya sənayesi və s) 100-ə qədər iri müəssisəsi, başlıca olaraq ən müassir elmtutumlu sahələr yerləşir.
İstehsalın ənənəvi yerləşdirmə xüsusiyyətləri ilə yanaşı yeni amillər meydana gəlmişdir. Sənayenin yeni sahələrinin (neft-kimya, neft emalı) sürətli inkişafı, eləcə də köhnə sahələrin (qarametallurgiya və s.) idxal xammala keçməsi dənizsahili rayonların təsərrüfat potensialının güclənməsinə səbəb olmuşdur.
Fransanın təsərrüfatında aqrar bölmənin İngiltərə və Almaniyaya nisbətən mühüm əhəmiyyəti var. Kənd təsərrüfatında heyvandarlıq üstünlük təşkil edir. Ət, süd məhsulları istehsalına, buğda, şəkər çuğunduru yığımına görə Fransa Qərbi Avropada 1-ci yeri, üzüm yığımına və şərab istehsalına görə isə dünyada ilk yerlərdən birini tutur. Fransa kənd təsərrüfatı məhsullarının iri istehsalçısı olmaqla yanaşı, həm də onun iri ixracatçısıdır.
|