Cümə, 22.11.2024, 15:35
Salam Qonaq

Farmakoloq.tk
Sayta Giriş
Bölmələr
Axtarış
Əsas Səhifə » Fayl » İslam

İmam Sadiq
05.06.2010, 16:04

Altıncı İmamın adı Cəfər, künyəsi Əbu-Abdullah, ləqəbi Sadiq, atası İmam Baqir (ə), anası isə Ümmü-Fərvə olmuşdur.

İmam Sadiq (ə) hicrətin səksən üçüncü ilində rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya gəlmiş, hicrətin yüz qırx səkkizinci ili altmış beş yaşında vəfat etmişdir. Müqəddəs məzarı Bəqi qəbiristanlığında atasının məzarı kənarındadır.

İmam Sadiqin (ə) həməsri olmuş xəlifələr İmam Sadiq (ə) hicrətin yüz on dördüncü ilində İmamətə yetişmişdir. O Həzrətin İmamət dövrü hicrətin yüz otuz ikinci ilində başa çatmış və bu dövr Əməvilər hakimiyyətinin sonları və Abbasilər sülaləsinin əvvəllərinə təsadüf edir.

İmam Sadiq (ə) adları aşağıda çəkilən Əməvi xəlifələrini həməsri olmuşdur:

Hişam ibn Əbdülməlik (105-125 h.q);

Vəlid ibn Yezid ibn Əbdülməlik (125-126 h.q);

Yezid ibn Vəlid ibn Əbdülməlik (126 h.q);

İbrahim ibn Vəlid ibn Əbdülməlik (hicrətin yüz iyirmi altıncı ilinin cəmi yetmiş gününü);

Mərvan ibn Məhəmməd (Mərvani Himar) (126-132 h.q);

Abbasi xəlifələrindən isə aşağıdakıların həməsri olmuşdur:

Abdullah ibn Məhəmməd (Səffah) (132-137 h.q);

Əbu-Cəfər (Mənsur Dəvaniqi) (137-158 h.q);



İmam Sadiqin (ə) elmi əzəmət və yüksəkliyinə aid çoxlu sübutlar vardır. Bu məsələ həm şiə, həm də sünni alimlərinin qəbul etdiyi bir mövzudur. Böyük alim və fəqihlər onun elm mərtəbəsinin yüksəkliyi qarşısında diz çökür, onun elm sahəsində üstün olduğunu tərifləyirlər.

Hənəfi firqəsinin məşhur banisi Əbu-Hənifə deyirdi: "Mən Cəfər ibn Məhəmməd əleyhissəlamdan (İmam Sadiqdən) savadlı şəxs görməmişəm.” O həmçinin, deyirdi: "Mənsur (Dəvaniqi) Cəfər ibn Məhəmməd əleyhissəlamı hüzuruna çağıran zaman məni çağırıb dedi: "Camaat Cəfər ibn Məhəmmədin vurğunu olmuşdur, onu məhkum etmək üçün bir sıra çətin məsələləri nəzərində tut.” Mən qırx dənə çətin məsələ hazırladım. Bir gün Mənsur Hiyrədə olarkən məni çağırtdırdı. Məclisə girərkən gördüm ki, Cəfər ibn Məhəmməd (ə) (İmam Sadiq) onun sağında oturub. Ona baxdıqda heybəti məni elə bürüdü ki, heç Mənsuru görəndə elə olmurdum. Salam verib Mənsurun işarəsindən sonra oturdum. Mənsur üzünü ona (İmam Sadiqə (ə)) tutub dedi: "Bu, Əbu-Hənifədir.” O cavab verdi ki, tanıyıram. Sonra Mənsur üzünü mənə tutub dedi: "Ey Əbu-Hənifə! Öz məsələlərini Əbu-Abdullah (İmam Sadiq (ə)) ilə müzakirəyə qoy.” Mən də məsələləri deməyə başladım. Hər hansı məsələni soruşurdumsa, dərhal cavab verirdi ki, sizin bu məsələ barədə əqidəniz filan, Mədinə əhalisinin əqidəsi filan, bizim əqidəmiz də filandır. Bəzi məsələlərdə bizimlə həmfikir olur, bəzilərində Mədinə əhalisi ilə, bəzilərində isə fikri tamam başqa olurdu. Bu minvalla düz qırx məsələ soruşdum ki, hamısına cavab verdi.” Əbu-Hənifə bura yetişəndə İmam Sadiqə (ə) işarə edərək dedi: "O, insanların ən alimi, onların fiqhi məsələlərə aid olan ixtilaflarını bilən ən agah adamdır.”

Maliki məzhəbinin banisi Malik deyirdi: "Bir müddət Cəfər ibn Məhəmməd əleyhissəlamın yanına gedib-gəlirdim. Onu daima bu üç halda gördüm: ya namaz qılırdı, ya oruc tuturdu, ya da Quran oxuyurdu. Onu dəstəmazsız hədis danışan görmədim. Elm, ibadət və təqvada Cəfər ibn Məhəmməd əleyhissəlamdan üstün bir şəxsi nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də heç kimin fikrinə belə gəlməmişdir.”

Şeyx Müfid yazır: "O Həzrətdən o qədər elm söylənilib ki, artıq bütün müsəlmanların yanında məşhur olmuş, onun səs-sədası hər tərəfə yayılmış, onun nəslindən olanların heç birindən onun söylədiyi qədər elm söylənilməmişdir.”

İbn Həcər Heytəmi yazır: "O Həzrətdən o qədər elm söylənilmişdir ki, artıq bütün müsəlmanların yanında məşhur olmuş, onun səs-sədası hər tərəfə yayılmış və fiqh və hədis aləminin böyük rəhbərlərindən olan Yəhya ibn Səid, İbn Cərih, Malik, Süfyan Suri, Süfyan ibn Üyeynə, Əbu-Hənifə, Şübə və Əyyub Sicistani kimi şəxslər ondan hədis söyləmişlər.

Onuncu əsrin görkəmli alimlərindən olan Əbu Bəhr Cahiz deyir: "Cəfər ibn Məhəmməd (ə) elə bir şəxsdir ki, onun elmi bütün dünyanı əhatə etmiş, deyilənlərə görə Əbu-Hənifə və eləcə də, Süfyan Suri onun şagirdlərindən olmuşdur. Bu iki nəfərin onun şagirdi olması onun elmi yüksəkliyini sübut etmək üçün kifayət edər.”

Seyyid Əmir Əli Bəni Üməyyənin hakimiyyəti dövründə mövcud olmuş məzhəbi firqələr və fəlsəfi məktəblərə işarə edərək yazır: "Dini rəy və fitvalar yalnız Əhli-beyt adamlarının yanında özünə fəlsəfi baxım almışdı. O dövrdə elmin yayılması, bəhs və təhqiqat ruhiyyəsi yaratmış və bütün ictimai yerlərdə fəlsəfi söhbətlər əsas yer tutmuşdu. Böyük fəxrlə qeyd etməliyik ki, bu ideoloji hərəkata Mədinədə çiçəklənmiş elm ocağı rəhbərlik edirdi. Bu elm ocağını Əli ibn Əbutalib əleyhissəlamın Sadiq ləqəbli nəvəsi təsis etmişdi. O, fəal təhqiqatçı, böyük mütəfəkkir və dövrün elmlərinə yaxşı bələd olan bir şəxs idi. O, İslamda əsl fəlsəfə üsullu məktəb təsis edən ilk şəxsiyyət olmuşdur. Onun elmi məclislərində sonralardan fiqhi məzhəb baniləri olmuş adamlardan əlavə, uzaq yerdən gəlmiş filosof və fəlsəfə elminin tələbələri də, onun dərslərində iştirak edirdilər. Bəsrə fəlsəfə məktəbinin banisi Həsən Bəsri və Mötəzilə məzhəbinin banisi Vasil ibn Əta da, o Həzrətin şagirdlərindən olmuş, onun elm mənbəyindən bəhrələnmişlər.»

Məşhur tarixçi ibn Xəllikan yazır: "O, on iki İmamlı şiələrin İmamlarından biri, Peyğəmbər ailəsinin böyük şəxsiyyətlərindən biri olmuşdur. Düzgünlüyünə və doğru danışdığına görə onu Sadiq adlandırmışlar. Onun fəzilət və kəraməti o həddədir ki, daha bunu şərh etməyə ehtiyac yoxdur. Əbu-Musa Cabir ibn Həyyan Tərtusi onun şagirdi olmuşdur. Cabir İmam Sadiqin (ə) təlimlərini ehtiva etmiş və beş yüz risalədən ibarət olan min vərəq həcmində bir kitab yazmışdır.

İmam Sadiqin (ə) dövründəki siyasi, ictimai və mədəni vəziyyət İmamlar arasında İmam Sadiqin (ə) dövrü özünəməxsus yer tutmuş və o dövrdəki siyasi-mədəni vəziyyət heç hansı bir İmamın dövründə olmamışdır. Çünki həmin dövr Bəni-Üməyyə hakimiyyətinin zəiflədiyi, Bəni-Abbasın qüdrətinin isə artdığı bir dövr olmuşdur. Bu iki dəstə bu müddətdə bir-biri ilə mübarizədə olmuşdur. Hişam ibn Əbdülməlikin dövründən etibarən Abbasilərin siyasi təbliğatı başlamış, hicrətin yüz iyirmi doqquzuncu ilində bu təbliğat artıq silahlı və nizamlı mübarizəyə çevrilmiş, nəhayət yüz otuz ikinci ildə Abbasilərin qələbəsi ilə nəticələnmişdir. Bu dövrdə Bəni-Üməyyə siyasi çətinliklər içərisində olduğundan daha İmam Sadiq (ə) və şiələrə (İmam Səccadın (ə) dövründə olduğu kimi) təzyiq göstərməyə fürsət tapmırdı. Abbasilər də hakimiyyətə gəlməzdən qabaq Peyğəmbər ailəsinin tərəfdarı və onların intiqamını almaq şüarı altında hərəkət etdikləri üçün onlar tərəfdən bir çətinlik törənmirdi. Bu cəhətdən də, bu dövr İmam Sadiqin (ə) və şiələrin nisbi rahatlıq və azadlıq dövrü, onların elmi-mədəni fəaliyyətləri üçün çox yaxşı fürsət hesab olunurdu.


İmam Sadiqin (ə) dövrü, həm düşüncə və fikirlərin bir-biri ilə mübadilə olunması, həm də məzhəb və firqələrin meydana gəldiyi bir dövr olmuşdur. Müsəlmanların kitab əhlinin, eləcə də yunan alimlərinin əqidə və nəzərləri ilə üzləşməsi nəticəsində müxtəlif növ çətinliklər irəli çıxmışdı. O dövrdə Mötəzilə, Cəbriyyə, Mürciə, Qulat,Zənadiqə, Müşəbbihə,Mütəsəvvifə, Mücəssəmə,Tənasüxiyyə və bu kimi məzhəblər yaranmış və bunların hər biri öz əqidələrini yaymağa çalışmışlar. Bundan da əlavə, İslami elmlərin hər birində o elmin alimləri arasında fikir müxtəlifliyi yaranırdı. Məsələn, Quran qiraəti, təfsir, hədis, fiqh və əqaid elmlərində qızğın mübahisələr yaranır, hərə bir cür hökm verərək müxtəlif nəzəriyyəni himayə edirdi.

=== Böyük Cəfəri məktəbi ===İmam Sadiq (ə) yaranmış əlverişli siyasi vəziyyəti və cəmiyyətin böyük ehtiyacını, həmçinin, ictimai şəraitin hazır olduğunu nəzərə alıb atası İmam Baqirin (ə) elmi və mədəni inqilabının yolunu davam etdirərək böyük elm ocağı, böyük məktəb təsis etdi. O dövrün dini və dəqiq elmləri sahəsində sayı dörd minə yaxın qeyd edilmiş Hişam ibn Həkəm, Məhəmməd ibn Müslim, Əban ibn Təğlib, Hişam ibn Salim, Mömin Taq, Müfəzzəl ibn Ömər, Cabir ibn Həyyan və s. kimi seçilmiş böyük şagirdlər yetişdirdi. Bu şagirdlərin hər biri öz növbəsində böyük elmi şəxsiyyət və parlaq simalardan olub böyük xidmətlər göstərmişdir. Onlardan bəziləri böyük elmi əsərlər yazmış, çoxlu şagirdlər yetişdirmişlər. Misal üçün qeyd edə bilərik ki, Hişam ibn Həkəm otuz bir cild, Cabir ibn Həyyan isə müxtəlif elmlər sahəsində, istər dəqiq elmlər, istər təbiət elmləri, istərsə də o dövrdə geniş yayılmış kimya sahəsində iki yüz cilddən artıq kitab yazmış, məhz buna görə də, "kimyanın atası” ləqəbini almışdır. Cabirin kitabları orta əsrlər dövründə Avropanın müxtəlif dillərinə tərcümə edilmişdir. Yazıçılar onun xatirəsini böyük əzəmətlə yad edirlər.

Qeyd etdik ki, İmam Sadiqin (ə) məktəbində yetişmiş tələbələrin sayı dörd minə çatırdı. Burada onların bir neçəsi barədə məlumat vermək yaxşı olardı, ancaq qısa olsun deyə təkcə onlardan biri haqqında məlumat verəcəyik. O da Hişam ibn Həkəmdir.


Hişam görkəmli alim, böyük əqaidçi, şirin və gözəl nitq sahibi və elmi mübahisədə çox mahir bir şəxsiyyət idi. O, İmam Sadiq (ə) və İmam Kazimin (ə) məktəbinin ən görkəmli şagirdlərindən biri hesab olunurdu.

Hişam ibn Həkəm şiələrin hər tərəfdən müxtəlif məzhəblər və siyasi qüdrətlərin təzyiqlərinə məruz qaldığı bir dövrdə şiə dünyasına çox böyük xidmətlər göstərmiş, xüsusən şiə məzhəbinin əsas əqidə dayaqlarından biri olan İmamət mövzusunu layiqincə müdafiə etmiş, onun cəmiyyəti islah edə biləcək mənasını gözəl şəkildə bəyan etmişdir. Düzdür, Hişamın əqidə dayaqları və elmi şəxsiyyəti İmam Sadiqin (ə) məktəbində möhkəmlənmiş və bu məktəbdə onun İslami və fikri təkamülü öz inkişafını davam etdirmişdir. Ancaq hicrətin yüz qırx səkkizinci ilindən sonra, yəni, İmam Sadiq (ə) şəhid olduqdan sonra Hişamın böyük şəxsiyyətliyi İmam Kazım əleyhissəlamın tövsiyələri ilə təkamülə çatmış və bu sahədə son həddə qədər irəliləmişdir.


Hişam öz elmi axtarışlarında hələ ki,axtardığını tapmamışdı. Müxtəlif məzhəblərlə tanış olmasına, öz dövrünün ən məşhur elmi və məzhəbi şəxsiyyətləri ilə bəhslər etməsinə baxmayaraq, hələ öz istədiyinə nail ola bilməmişdi. Hişamın üzləşmədiyi təkcə bir nəfər qalmışdı. O da şiələrin altıncı İmamı Həzrət Cəfər ibn Məhəmməd (ə) idi.

Hişam tamamilə düzgün fikirləşmişdi. İmam Sadiq (ə) ilə görüş onun üzünə yeni bir pəncərə açacaqdı. Buna görə də, o, şiələrdən və İmam Sadiqin (ə) tərəfdarlarından olan əmisindən onu İmam Sadiq (ə) ilə görüşdürməsini xahiş etdi.

Hişamın İmam Sadiq (ə) ilə ilk və onun elmi həyat yolunu tamamilə dəyişən görüşü çox şirin və maraqlı olmuşdur.

Hişamın Ömər ibn Yezid adlı əmisi deyir: "Cəbriyyə məzhəbinə xidmət edən qardaşoğlum Hişam, məzhəbi məsələlərdə elmi mübahisələr etmək üçün onu İmam Sadiq (ə) ilə görüşdürməyimi xahiş etdi. Mən ona cavab verdim ki, İmam Sadiqdən (ə) icazə almamış belə bir iş görə bilmərəm. Sonra İmamın hüzuruna gedib Hişamın onunla görüşməsi üçün ondan icazə aldım. Qırağa çıxıb bir neçə addım atdıqdan sonra qardaşoğlumun cəsarət və qorxmazlığını xatırladıb yenidən İmamın (ə) hüzuruna qayıtdım. Qardaşoğlumun cəsarət və qorxmaz olduğunu ona bildirdim. İmam Sadiq (ə) mənə buyurdu: "Mənim üçün narahatsan?” Tutduğum işdən utanıb səhvimi başa düşdüm. Sonra qardaşım oğlunu İmamın (ə) hüzuruna gətirdim. İçəri keçib oturduqdan sonra İmam (ə) ona bir sual verdi, o, cavab verə bilməyib bir qədər möhlət istədi, İmam (ə) da ona möhlət verdi. Hişam bir neçə gün həmin məsələnin cavabını tapmaq üçün o qapını, bu qapını döyürdü. Axırda da bir cavab tapa bilmədi. Nəhayət, çarəsiz qalıb yenidən İmamın (ə) hüzuruna getdi, İmam Sadiq (ə) da məsələnin cavabını onun üçün açıqladı.

İkinci görüşdə İmam Sadiq (ə) cəbriyyə məzhəbinin əsaslarını kökündən sarsıdan bir məsələni ortaya atdı. Hişam bu sualın da cavabında aciz qalıb heyrət və narahatçılıq içərisində məclisi tərk etdi. O, bir qədər heyrət içərisində gün keçirtdi. Axırda yenə məndən xahiş etdi ki, onu İmam (ə) ilə görüşdürüm. Mən yenə İmam əleyhissəlamdan onun görüşməsi üçün icazə istədim. İmam (ə) buyurdu: "Sabah Hiyrənin filan yerində məni gözləsin.” İmamın (ə) xəbərini Hişama çatdırdım. O, vaxt çatmazdan qabaq qərar qoyulmuş yerə getdi...”

Ömər ibn Yezid əlavə edib deyir: "Sonradan Hişamdan soruşdum ki, o görüşünüz necə oldu? Dedi: "Mən vaxtından tez qərar qoyulmuş yerə getdim. Bir də gördüm ki, İmam Sadiq (ə) bir qatıra minmiş halda təşrif gətirir. Mənə yaxınlaşdı, üzünə baxanda onun əzəməti məni elə cəzb etdi ki, hər şeyi unudub bir söz də olsun belə deyə bilmədim. O, bir qədər mənim sual verib söhbət edəcəyimi gözlədi. Onun vüqarla dolu olan intizarı mənim heyrətimi daha da artırdı. Vəziyyəti belə görən İmam (ə) məni tək qoyub Hiyrənin küçələrindən birinə tərəf üz tutub getdi.”

Bu macərada bir neçə maraqlı məsələ var:

1.Hişam fövqəladə bir elmi mübahisə qüvvəsinə malikdir. Belə ki, macəranı danışan (yəni Hişamın əmisi) ondan qorxu hiss edərək onun bu sahədə olan bacarıq və hünərini cəsarət və qorxusuzluq adlandırır. O, hətta (İmam Sadiqin (ə) böyük İmamət məqamından xəbərsiz olub) onun İmam (ə) ilə üzləşəcəyindən nigarançılıq hissi keçirərək bu məsələni İmama (ə) bildirir.

2.Hişamın elm və biliyə həddən artıq çox əlaqəsi var və o, elm teşnəsidir. Belə ki, bu yolda yorğunluq bilmədən ələ düşən fürsətdən istifadə edir və İmamın (ə) suallarına cavab tapmadıqda yenidən İmam (ə) ilə görüşmək istəyir. O, sonuncu görüşdə qərar qoyulmuş yerə İmam əleyhissəlamdan qabaq gəlir. Bunların hamısı onun elmə olan əlaqəsini göstərir.

3.Diqqəti cəlb edən üçüncü məsələ İmam Sadiqin (ə) şəxsiyyətinin əzəmətidir. Belə ki, Hişam onun qarşısında özünü itirərək bütün bildiklərini unudur və gözlərindən oxunan hörmətlə dolu baxışları ilə özünün o Həzrətin qarşısında kiçikliyinə etiraf edir.

Bəli, o mənəvi görüş öz işini görərək Hişamın həyat tərzini büsbütün dəyişdi. O gündən etibarən Hişam İmam Sadiqin (ə) məktəbinə qoşularaq keçmiş fikirlərini başından çıxartdı və bu məktəbdə elə parladı ki, İmamın (ə) digər dostlarını da ötüb keçdi.

Hişamın əsərləri Hişam İmam Sadiqin (ə) məktəbindən öyrəndiyi çoxlu elmlər sayəsində qısa bir zamanda yüksək elmi mərhələləri arxada qoyub şiə məzhəbinin əsaslarının təbliği və məzhəbin müdafiəsində əlindən gələni etdi. O, bu sahədə çoxlu elmi əsərlər yazıb özündən yadigar qoydu. Hişamın təxminən otuza qədər olan əsər və kitablarının adını nəzərdən keçirsək, onun elmi əzəmət və gördüyü işlərin nə qədər böyük olduğunu görərik. İndi onun müxtəlif sahələrdə yazdığı əsər və kitabların adını oxucuların nəzərinə çatdırırıq:

1.İmamət;

2.Əşyanın yaranmasının sübutları;

3.Zənadiqə firqəsinə cavab;

4.Sənəviyyə firqəsinə cavab;

5.Tövhid;

6.Hişami–Cəvaliqiyə cavab;

7.Təbiətçilər firqəsinə cavab;

8. Qoca və cavan;

9.Tövhiddə tədbir;

10. Mizan;

11.Meydan;

12.Üstün şəxsin İmam olması əqidəsində olan şəxslərə cavab;

13.Camaatın İmamət məsələsində mübahisəsi;

14.Vəsiyyət, vəsiyyəti inkar edənlərə cavab;

15.Məcburiyyət və qəzavü-qədər;

16.İki münsif;

17.Mötəzilə məzhəbinin Təlhə və Zübeyr barədə olan əqidələrinə cavab;

18.Qəzavü-qədər;

19.Gəlmələr;

20.Mərifət (tanıma);

21.Qüdrət (imkan);

22.Səkkiz qapı;

23.Şeytani–Tariqə cavab;

24.Qapını açmaq necə xəbər ola bilər?

25.Tövhiddə Aristotelə cavab;

26.Mötəzilə məzhəbinin əqidələrinə cavab;

27.İmamət barədə məclislər;

28. Haram edilməyin səbəbləri;

29. Vacibi hökmlər (İrs bölməsi).


Əməvilər sülaləsi İmam Sadiqin (ə) dövründə süquta uğradığı üçün indi də, onların süquta uğrama səbəblərini qısaca olaraq oxucuların nəzərinə çatdırırıq.

Əməvi xəlifələri hakimiyyətdə olarkən bir sıra bidət və mövhumatlar yaratmış, bunlar da, üst-üstə yığılıb camaatın qəzəbinə səbəb olmuşdur. Bütün bunlar axırda müsəlmanların qiyamı və Bəni-Üməyyənin süqutu ilə nəticələndi. Camaatın qəzəbinə səbəb olmuş amilləri aşağıdakı şəkildə xülasə etmək olar:

1.İslam hökuməti Müaviyənin dövründən etibarən zülm əsasında qurulmuş irsi və fərdi bir hökumətə çevrildi.

2.Ümumi işlər üçün işlənilməli olan və mücahidlərə çatmalı olan döyüş qənimətləri hökumətin ixtiyarına keçdi və hökumət də onları şəxsi rifah istiqamətində sərf etməyə başladı.

3.Təqib, həbs olunma, işkəncə, qətl və bəzən də kütləvi soyqırım adi hala çevrilmişdi.

4.Əməvi sülaləsi hakimiyyət başına gəlməmişdən qabaq şiə fiqhinin bir o qədər də nəzəri cəlb etməməsinə və bütün İslam hökmlərini bilən şiə İmamlarının fiqhi alimlər kimi tanınmamasına baxmayaraq, rəsmi fiqhi qayda-qanunlara zahirdə də olsa, riayət olunurdu. Məsələn, bir mövzu haqqında hökm vermək istərkən, əvvəl Qurana, sonra isə Peyğəmbər sünnəsinə müraciət edilirdi. Əgər həmin mövzuya aid bir ayə tapılmasaydı, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrinə üz tutub soruşurdular ki, bu hökm barədə Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) bir hədis eşitmisiniz, ya yox? Bu qədər araşdırmadan sonra əgər bir nəticəyə gələ bilmirdilərsə, onda fiqh sahəsində mütəxəssis olan şəxslərin araşdırmaları nəticəsində hökmü təyin edirdilər. Ancaq bu şərtlə ki, verilmiş hökm Quran və Peyğəmbər sünnəsinin əksinə olmasın. Ancaq Əməvilər sülaləsi hakimiyyətə gəldikdən sonra hər hansı bir verilən hökmün Quran və Peyğəmbər sünnəsi ilə zidd olduğu təqdirdə, buna qarşı heç bir reaksiya vermir və bunun qarşısını almırdılar. Belə ki, Müaviyə Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) buyurduğunun əksinə olaraq Ziyadı qeyri-şəri yolla Əbu Süfyanın oğlu və özünə qardaş qərar verdi.

5.Bildiyimiz kimi İslam şəriətində dini hökmlərdən kənar iş görmüş şəxslər üçün "hədlər və diyələr” adlanan bir sıra hökmlər təyin olunmuşdur. Günahkar şəxs həmin hökmlərə əsasən, cəzalandırılmalıdır. Ancaq Əməvi sülaləsi hakimiyyətdə olduğu müddətdə bu hədlərin heç biri günahla uyğunlaşdırılmırdı. Günahkarın cəzası hakimdən asılı idi, bəzi vaxtlar hakim günahkarı əfv edir, bəzi vaxtlar günahsız bir şəxsi edam etdirir, bəzi vaxtlar isə günahkar üçün həddindən çox cəza təyin edirdi.

6.Böyük fəqihlərin İslami elm ocaqlarında yetişmələrinə baxmayaraq ümumiyyətlə, heç kəs onların dediklərinə diqqət yetirmirdi. Əgər bir fəqihin verdiyi şəri hökm hakimin zərərinə olurdusa, həmin fəqihə qarşı mütləq təzyiqlər olurdu. Beləliklə də, İslam şəriətinin iki mühüm əsaslarından olan əmr be-məruf və nəhy əz-münkər icra olunmur və xəlifə və ya onun işçilərindən birini pis işlərdən çəkindirməyə kimsənin cürəti çatmırdı.

7.İslam müqəddəsatları hörmətsizliyə məruz qaldı və müsəlmanlar üçün müqəddəs hesab olan şeylər təhqir olundu. Belə ki, Məscidül-həram və Kəbə evi viran edildi və Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) məzar, minbər və məscidinə hörmətsizlik edildi, habelə, Mədinə camaatı üç gün kütləvi qırğına məruz qaldı.

8.İslam tarixi ərzində ilk dəfə olaraq Peyğəmbər ailəsi kütləvi şəkildə öldürüldü və onun qız-gəlinləri əsir götürülərək şəhərbəşəhər gəzdirildi.

9.Cahiliyyət dövrünün əlamətlərindən olan və Peyğəmbərin dövründə pislənilən mədhiyyə və öyünmə şerləri yenidən adət oldu. Əməvilər sülaləsi dövrünün şairləri xəlifə və ya hakimləri onlarda olmayan sifətlərlə tərifləməyə və onlarda olan mənfi sifətləri isə ört-basdır etməyə başladılar.

10. Bir sıra dünyatələb və dini satmış alimlər iş başına gələrək xəlifələrin razılığı bahasına özlərinə Allah qəzəbini qazandılar. Onlar öz şəxsi fikirlərinə əsasən, Quran ayələri və Peyğəmbər hədislərini təfsir edir, xəlifələrin gördüyü işlərə, dediyi sözlərə həqiqət libası geyindirirdilər.

11. Rifah içərisində yaşama, yeyinti məhsulları, pal-paltar, ev-eşik, ev avadanlıqları günbəgün artır, hökumət işləri üçün saraylar, hətta ovlaqlar da artmağa başlayırdı.

12.Şərabxorluq, arvadbazlıq, xoşavazlı kənizlər almaq adət halına çevrilmişdi. İş o yerə çatmışdı ki, Əməvi xəlifələrinin bəzilərinin gündəlik söz-söhbəti ancaq qadın, yemək və şərab barəsində olurdu.1

13. İslam nizam-intizamının ən mühüm əsaslarından biri olan irqi bərabərçilik aradan gedərək öz yerini ərəblərin xeyrinə, digər millətlərin isə zərərinə nəticələnən kobud irqi ayrıseçkiliyə verdi. Halbuki, Quran və Peyğəmbər sünnəsi hər hansı bir ayrıseçkiliyi ləğv etmiş və hörmətli və üstün olmağın ölçüsünü ancaq təqvalı olmaqda qərar vermişdir. Əməvilər isə ərəb millətini ən üstün millət hesab edərək deyirdilər ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) ərəb millətindən olduğu üçün ərəblər sair millətlərdən üstündür. Ərəblərin öz içərisində isə Qüreyş qəbiləsi digər qəbilələrdən üstündür. Bu siyasətə əsasən, ərəblər bütün işlərdə əcəm (qeyri-ərəb) millətlərindən üstün tutulurdu. Bəni-Üməyyənin təmtəraq əsasında qurulmuş hökumət sistemi mövliyanı (müsəlman olmuş qeyri-ərəb millətləri) qocalıb əldən düşmüş insanlar kimi satın alır, onları bütün ictimai hüquqlardan məhrum edirdilər. Təbii ki, belə olan halda da, təhqir, hörmətsizlik daima mövliyanın üstündən əskilmirdi. Mövliyalar hər hansı bir abırlı iş və peşədən məhrum idilər. Onların silah düzəltməyə, ata minməyə, ərəblərdən, hətta adı heç bir yerdə çəkilməyən bədəvi ərəblərdən qız almağa ixtiyarları yox idi. Əgər bunu gizli şəkildə etsəydilər, onda qadını kişisindən təlaq aldırıb ayrılmağa məcbur edər, kişini isə şallaqlayıb həbs edərdilər. Hökm vermək, mühakimə yürütmək və rəhbərlik etmək kimi işlər hər bir sahədə ərəblərə məxsus idi və qeyri-ərəbin bu işləri görməyə səlahiyyəti yox idi. Ümumiyyətlə, Əməvi ərəbləri belə fikirləşirdilər ki, onlar ağa olmaq, hökm vermək üçün yaradılmışlar və iş-güc, zəhmət hamısı mövliyaya məxsusdur. Onların mövliyaya qarşı bu cür hərəkəti Abbasilərin Bəni-Üməyyəni süquta uğratmasında böyük rolu olmuş əsas amillərdən biridir. Əməvilərə qarşı qiyamın gedişatında Abbasilər Bəni-Üməyyəni pis tanıtdırmaq və camaatı qiyama qaldırmaq üçün bu amillərdən istifadə edirdilər. Ancaq bu amillərin arasından iki amilin təsiri daha çox idi. Onlardan biri mövliyanın təhqir olunması, digəri isə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsinin məzlumiyyəti olmuşdur. Abbasilər bu iki amildən lazımi qədər istifadə etdilər. Bu amillər Abbasiləri hərəkətə gətirən və onları öz məqsədlərinə nail olmaqda irəli aparan iki əsas amil hesab olunbur.

Nə üçün İmam Sadiq (ə) Abbasilər qiyamının başçılarının təklifini qəbul etmədi? İmam Sadiqin (ə) həyatında diqqəti cəlb edən məsələlərdən biri də, o Həzrətin Abbasilər qiyamının başçılarının ona beyət etmək təklifini qəbul etməməsidir. Əgər bu məsələyə ötəri və səthi baxsaq, ola bilər belə fikirləşək ki, bu qiyamda məzhəbi fikirlərin daha çox təsiri olmuşdur. Çünki qiyamçıların bütün şüarları İslami şüarlar və bayraqları üzərinə yazılmış sözlərin hamısı Quran ayələri idi. Onlar özlərini elə qələmə verirdilər ki, guya Əhli-beytin (əleyhimussəlam) xeyrinə iş görür və məqsədləri Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsinin Bəni–Üməyyə və Bəni–Mərvan tərəfindən axıdılmış nahaq qanının intiqamını almaqdır. Onlar öz qiyamını Əhli-beyt (əleyhimussəlam) ilə əlaqələndirmək istəyirdilər. Düzdür, əvvəl camaatı ona tərəf dəvət etdikləri xəlifənin adını bildirməsələr də, ancaq şüarları belə idi ki, "Biz Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) ailəsindən seçilmiş bir şəxsə beyət etmək üçün qiyam etmişik.”

Deyirlər ki, Əbu Müslimin ərəblər arasında da (o özü qeyri-ərəb olmuşdur) çoxlu dost-tanışı, silahdaşı var idi. Onlar Əbu Müslimə beyət edərkən and içib deyirdilər ki, Quran və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sünnəsinə əməl etməkdə, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsindən seçilmiş və hələ ki, naməlum qalan bir şəxsə itaət etməkdə möhkəm olacaq və öz başçılarına itaət etməkdə hiyləyə yol verməyib onların əmrlərini heç bir söz-söhbətsiz icra edəcəklər. Hətta and içərkən bunu da söyləyirdilər ki,düşmənə qalib gəldikləri təqdirdə, onları ancaq İslam və öz başçılarının qayda-qanunları əsasında həlak edəcəklər.

Qiyamçıların tanınması üçün olan əlamət onların qara paltar geymələri və qara bayraq götürmələri idi. Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) bayrağı qara olduğu və onların da məqsədləri Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) dininə qayıtmaq olduğu üçün, ya da məqsədləri Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsinin intiqamını alıb onlara əzadar olduqlarına görə öz bayraqları üçün qara rəngi seçmişdilər. Bəlkə də, məqsədləri bu olmuşdur ki, özlərini kütləvi qırğınla nəticələnəcək döyüş barədə deyilmiş uzaqgörənliyin aşkar nümunəsini qələmə versinlər. Bu fikrə görə Xorasan tərəfdən qara rəngli bayraqların qalxması zalımlar dövlətinin süqutu və haqq olan dövlətin yaranması nişanəsidir.

Bir sözlə, bunun zahirindən belə başa düşülür ki, Abbasilər qiyamı İslam ehtivalı, əzəmətli bir qiyam olmuşdur.

Qiyam başçılarının İmam Sadiqə (ə) yazdığı məktublar Əbu Müslim, İbrahimin ölümündən sonra İmam Sadiqə (ə) belə bir məktub yazdı: "Mən camaatı Əhli-beytlə dostluğa dəvət edirəm, əgər razısınızsa, xəlifə olmağa sizdən yaxşı bir adam yoxdur.” İmam Sadiq (ə) onun cavabında yazdı: "Nə sən bizim dostlarımızdansan, nə də zəmanə bizim zəmanəmizdir.”

Fəzli Katib yazır: "Bir gün İmam Sadiqin (ə) yanında olarkən Əbu Müslimdən bir məktub gəldi. İmam Sadiq (ə) qasidə buyurdu: "Sənin gətirdiyin məktubun cavabı yoxdur, çıx get!”

Həmçinin, sonralar "vəziri-Ali-Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)” ləqəbi almış Əbu Sələmeyi Xəllal, İbrahimin ölümündən sonra vəziyyətin onun xeyrinə olmadığını görüb bu qərara gəldi ki, onlardan (Abbasilərdən) ayrılıb Əlinin (ə) övladlarına qoşulsun. Bu məqsədlə Ələvilərin (Əlinin (ə) nəslinin) üç böyük nümayəndələri olan Cəfər ibn Məhəmməd Əs-Sadiq (ə), Abdullah ibn Həsən ibn Əli ibn Əbu Talib və Ömər Əl-Əşrəf ibn Zeynül-abidinə məktub yazıb onu dostlarından birinə verərək dedi ki, əvvəl Cəfər ibn Məhəmməd Əs-Sadiqin (ə) yanına get, əgər o qəbul etsə, digər iki məktubu aradan apar, yox əgər o qəbul etməsə, Abdullahın yanına get, əgər o da qəbul etməsə, Ömərin yanına get! Əbu-Sələmeyi Xəllalın qasidi əvvəl İmam Sadiqin (ə) yanına gəlib məktubu ona verdi. İmam Sadiq (ə) buyurdu: "Başqasının tərəfdarı olan Əbu Sələmə ilə mənim nə işim var?” Qasid dedi: "Məktubu oxuyun!” İmam Sadiq (ə) öz qulluqçusuna dedi ki, çırağı onun yanına gətirsin. Sonra məktubu oda atıb yandırdı. Qasid soruşdu: "Ona cavab yazmırsan?” İmam Sadiq (ə) buyurdu: "Bu gördüyün elə onun cavabı idi.” Əbu Sələmənin qasidi İmamın (ə) yanından çıxıb Abdullahın yanına gedərək məktubu ona verdi. Abdullah məktubu oxucaq onu öpüb dərhal ata minərək İmam Sadiqin (ə) yanına gəlib dedi: "İndicə bizim Xorasandakı şiələrimizdən birinin gətirdiyi bu məktub Əbu Sələmə tərəfindən yazılıb. O məni xilafət başına keçməyə dəvət edir.” İmam Sadiq (ə) Abdullaha buyurdu: "Xorasan camaatı nə vaxtdan sənin şiələrin olmuşdur? Əbu Müslimi onların yanına sən göndərmisən? Bir halda ki, nə sən onları tanıyırsan, nə də onlar səni, bəs, onda necə sənin şiələrindirlər?” Abdullah dedi: "Deməli, sənin sözündən belə çıxır ki, sənin bu barədə başqa fikrin var?” İmam Sadiq (ə) buyurdu: "Allah Özü bilir ki, mən hər bir müsəlman barədə yaxşı fikirləşməyi özümə vacib bilirəm, necə ola bilər ki, indi onu sənə rəva bilməyim? Abdullah, bu puç arzuları ağlından çıxart, bunu bil ki, hakimiyyət Bəni-Abbasın (Abbasilərin) olacaqdır. Bu məktubdan mənim üçün də gəlmişdir.”

Abdullah narahat halda İmam Sadiqi (ə) tərk edib geriyə döndü.

Ömər ibn Zeynül-abidin də Əbu Sələmənin məktubuna mənfi cavab verdi. Onun məktubunu qəbul etməyib dedi: "Mən heç məktubu yazanı tanımıram ki, ona cavab da yazım.”

Elə ki qələbə bayraqları dalğalanmağa başlayıb zəfər əlamətləri müşahidə olundu Əbu-Sələmə yenidən İmam Sadiqə (ə) məktubla bildirdi: "Bizim ixtiyarımızda yetmiş min döyüşçü var, indi öz mövqeyini müəyyən et!” İmam Sadiq (ə) yenə də əvvəlki cavabını verdi.

Əbu Bəkr Həzrəmi nəql edir ki, bir gün Əban ibn Təğliblə birlikdə İmam Sadiqin (ə) yanına getmişdik. O vaxt artıq Xorasanda qara bayraqlar (Abbasilərin bayraqları) dalğalanırdı. İmam Sadiqə (ə) dedik: "Vəziyyətin gedişatı barədə nə fikirləşirsiniz?” O buyurdu: "Öz evinizdə oturun, elə ki gördünüz biz kiminsə başına toplaşmışıq, silah götürüb bizə tərəf gəlin.”

İmam Sadiq (ə) başqa bir söhbətində öz səhabələrinə buyurmuşdur: "Danışığınıza fikir verin və evinizdən eşiyə çıxmayın, çünki sizə məxsus olan şey (əsl İslam hökuməti) bu tezliklə sizə nəsib olmayacaq...”

Deyilənlərə diqqət yetirərkən ilk baxışda İmam Sadiqin (ə) Əbu Müslim və Əbu Sələmənin təklifləri qarşısındakı mövqeyi bir az anlaşılmazlıq yaradır. Ancaq bu məsələyə bir az diqqətlə yanaşdıqda, İmamın (ə) belə bir mövqedə durmasının səbəbi çox aydın şəkildə məlum olur. İmam Sadiq (ə) çox yaxşı bilirdi ki, qiyam başçılarının hakimiyyətə gəlməkdən başqa bir fikri yoxdur. Əhli-beytin tərəfdarlığı şüarını irəli sürmələri isə müxtəlif kütlələri özlərinə tərəf cəlb etməkdən ötrüdür.

Tarixi rəvayətlər sübut edir ki, Xorasan qoşunu Kufəyə gəldikdən sonra Əbu Sələmeyi Xəllal siyasi işləri öz əlinə alıb ətrafındakı siyasi və nizami təşkilatları genişləndirməyə başladı. O istəyirdi ki, Əlinin (ə) nəslindən bir nəfər xəlifə seçilməklə dövlətin əsas qüdrətini özü ələ alıb son qərarı özü çıxartsın, xəlifənin ancaq adı olub zahirdə görünsün.

İmam Sadiq (ə) bilirdi ki, Əbu Müslim və Əbu-Sələmə Əhli-beytdən olan tanınmış bir nəfər rəhbər təyin etməklə öz məqsədlərinə çatmaq fikrindədirlər. İmam (ə) bilirdi ki, onlar onu İmam kimi tanımır. Əgər onu İmam kimi tanısaydılar, onda eyniməzmunlu məktubu Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsindən olan üç nəfərə niyə yazırdılar?

İmam Sadiq (ə) son dərəcə qətiyyətlə bilirdi ki, qiyamın əsas təşkilatçıları Abbasilərdir, onların da hakimiyyətə gəlməkdən başqa bir məqsədləri yoxdur. Əbu Müslim və Əbu Sələmə kimilər isə yalnız bir vasitədirlər. İmam Sadiq (ə) bilirdi ki, Abbasilər daha onlara lazım olmayan və yaxud da, onlara mane olan şəxsləri tezliklə aradan götürəcəklər. Elə belə də oldu. Əbu Müslim, Əbu Sələmə, Süleyman ibn Kəsir və tezliklə başqaları aradan götürüldülər. İmam (ə) qətiyyətlə bilirdi ki, Əbu Müslim və Əbu Sələmə kimilər aldadılmışlardır və onlar heç də İslam və Əhli-beyt yolunda deyillər. Buna görə də, onlarla həmkarlıq etməyə və onların gördüyü işlərə şəri bəraət verməyə razı olmurdu. Çünki qiyam başçıları onun məktəbinin şagirdləri deyildilər. Onlar intiqam, hakimiyyətə gəlmək və eləcə də pis işlər uğrunda çox ifrata varmış və elə işlər görmüşdülər ki, özünü müsəlman bilən şəxs onların gördüyü bu işləri əsla təsdiqləyə bilməzdi.


Zeydin Kufəyə gəlişi böyük səs-küy salmış, onun Hişamla söhbəti hər yerə yayılmışdı. Vəziyyətin gedişatını yaxından izləyən Kufə camaatı Zeydin Mədinəyə göndərilməsini eşitcək tez özlərini ona çatdırıb onu himayə edəcəklərini bildirərək dedilər: "Kufədə qal və camaatdan beyət al! Arxayın ol ki, yüz min nəfər sənə beyət edib sənin ordunda vuruşmağa hazır olacaq. Bəni-Üməyyənin isə Kufədə çox az tərəfdarı var, onlar da ilk hücumda qırılıb qurtaracaqlar.”

Kufə camaatının Həzrət Əli (ə), İmam Həsən (ə) və eləcə də, İmam Hüseynin (ə) dövründəki vəfasızlıqlarını yaddan çıxarmamış Zeyd bir o qədər də onların vədələrinə arxayın olmadı, ancaq kufəlilərin həddən artıq təkidləri nəticəsində Mədinəyə getmək fikrindən daşınıb Kufəyə qayıtdı. Camaat dəstə-dəstə gəlib ona beyət etdi. İş o yerə çatdı ki, təkcə Kufədən iyirmi beş min nəfər döyüşə hazır oldu.


Yusif ibn Əmr Səqəfi Əməvilərə zidd olan qoşun dəstələrinin Zeydin ətrafına toplaşmasını ardıcıl olaraq Hişama xəbər verirdi. Bu işdən qorxuya düşən Hişam Yusifə əmr edir ki, tez Zeydin topladığı orduya hücum edib qiyam alovunu söndürsün.

Hər iki tərəfin qoşunları səfərbər oldu və çox çətin bir döyüş baş verdi. Zeyd son dərəcə şücaətlə vuruşur və ordusunu dözümlü olmağa çağırırdı. Döyüş axşamadək davam etdi. Birdən düşmən tərəfindən atılmış bir ox Zeydin alnına batır. Daha döyüşməyə taqəti qalmayan Zeyd bir tərəfdən bəzi dostlarının döyüşdə öldürülməsinə, digər tərəfdən də ordusunun bir hissəsinin pərakəndə olmasına görə məcbur qalıb geri çəkilmək əmri verdi.


Oxu Zeydin alnından çıxartmaq üçün axşam bir həkim gətirdilər. Ancaq ox çox dərinliyə işlədiyindən onu asanlıqla çıxartmaq mümkün olmadı. Nəhayət, həkim oxu Zeydin alnından çıxartdı, ancaq oxun yarası ciddi olduğundan Zeyd şəhid oldu.

Zeydin dostları uzun sürən məsləhətdən sonra belə qərara gəldilər ki,Hişamın adamları Zeydin cənazəsini tapa bilməsin deyə, onu nəhrin yatağında dəfn edərək, suyu üzərindən axıtsınlar. Bu məqsədlə onlar əvvəlcə suyun axarını öz yolundan döndərdilər və Zeydin cənazəsini nəhrin` yatağında dəfn etdikən sonra, suyu yenə əvvəlki vəziyyətinə qaytardılar. Təəssüflər olsun ki, məsələ heç də onlar istəyən kimi olmadı. Hişamın məmurlarından biri Zeydin dəfn mərasimində iştirak edərək bütün məsələni açıb Yusifə deyir. Yusifin göstərişi ilə Zeydin cənazəsini çıxarıb başını bədənindən ayırdılar və bədənini Kufənin girəcəyində dara çəkdilər. Onun başsız bədəni dörd ilə qədər darda qaldı. Sonra isə bədənini dardan endirib od vurub yandırdılar və külünü sovurdular.

Zeydin qiyam etməsində İmam Sadiqin (ə) razılığı olmuşdurmu? Zeyd barədə, eləcə də, onun İmamət iddiasında olub-olmaması və İmam Baqir (ə) və İmam Sadiqin (ə) İmamətliyini qəbul edib-etməməsi barədə məsum İmamlardan bir-birinə zidd olan müxtəlif rəvayətlər nəql edilmişdir. Bu rəvayətlərin bir qismində Zeyd tənqid olunaraq mənfi tip kimi, digər bir qismində isə müsbət tip kimi göstərilmişdir.

Bizim hədis və rical elmi sahəsindəki alim və təhqiqatçılarımız istər keçmişdəkilər, istərsə də müasirlər, Zeydi tənqid edib onu mənfi tip surətində göstərən hədisləri qəbul etməmiş və onlara arxalanmamışlar. Misal üçün qeyd etmək olar ki, mərhum ayətullah əl-uzma Xoyi Zeydin tənqidi barədə olan rəvayətləri araşdırıb onları qəbul olunmaz hesab etdikdən sonra bu rəvayətləri sənəd nöqteyi-nəzərindən zəif və etibarsız bilib yazır: "...Dediklərimizdən belə nəticəyə gəlirik ki, Zeyd böyük və təqdirəlayiq bir şəxsiyyət olmuş və onun əqidə pozğunluğu, yaxud tənqidi barədə əlimizdə heç bir qəti sübut yoxdur.”

Mərhum Əllamə Məclisi də Zeyd barədə olan rəvayətləri qeyd etdikdən sonra yazır: "Zeyd barədə rəvayətlər müxtəlifdir. Lakin onun tərifi və haqdan kənar iddialar etməməsi barədəki rəvayətlər üstünlük təşkil edir. Şiə alimlərinin əksəriyyəti onun məqamının uca olması haqda nəzər vermişlər. Buna görə də, yaxşı olar ki, onun barəsində xoş təəssüratda olub onu tənqid etməkdən çəkinək.”

Zeydin qiyamına gəlincə isə bir çox fakt və sübutlar göstərir ki, o, İmam Sadiqin (ə) razılığı ilə qiyam etmişdir. Bu faktlardan biri də, İmam Rzanın (ə) Məmunun sualına verdiyi cavabdır. İmam Rza (ə) Məmunun cavabında buyurur: "Atam Musa ibn Cəfər atası Cəfər ibn Məhəmməddən eşitmişdir ki, o (İmam Sadiq (ə)) buyurur: "...Zeyd qiyam etmək üçün mənimlə məsləhətləşdi. Mən ona dedim ki, əmi can, əgər Kufə girəcəyindən asılacaq şəxs olmaq istəyirsənsə, sənin yolun elə budur.” Zeyd İmam Sadiqin (ə) hüzurundan getdikdən sonra o Həzrət buyurdu: "Vay o şəxsin halına ki, onun dəvət sədasını eşidə, lakin ona cavab verməyə.”

Bu rəvayət açıq-aşkar sübut edir ki, Zeydin qiyamı İmam Sadiqin (ə) razılığı ilə olmuşdur. Sadəcə olaraq ola bilərdi ki, İmam Sadiqin (ə) Zeydin qiyamına baş qoşub ona razılıq verməsi düşmənin sorağına çata, digər tərəfdən də Zeydin qiyamı ehtiyat və hesab-kitab üzündən olsun deyə, nə İmam Sadiq (ə), nə Zeydin özü, nə də İmamın səhabələri bu işdən kimsənin xəbər tutmasını istəmirdilər.

İmam Sadiq (ə) Zeydin ordusunda vuruşaraq Əməvi qoşunlarından altı nəfəri öldürmüş bir şəxsə buyurur: "Allah məni bu qanlara şərik etsin. And olsun Allaha ki, əmim Zeyd eynilə Həzrət Əli (ə) və onun səhabələrinin yolu ilə hərəkət etmişdir.”

Zeyd İmam Sadiqi (ə) İmam kimi tanıyan şəxslərdən olmuşdur. Onun özü də demişdir ki, Cəfər (İmam Sadiq (ə)) halal və haram məsələsində bizim İmamımızdır.

Zeyd həmçinin, deyirdi: "Hər bir vaxt biz Əhli-beytdən bir nəfər Allahın hüccəti olmalıdır. Bizim dövrümüzün hüccəti də qardaşım oğlu Cəfər ibn Məhəmməd əleyhissəlamdır. Ona itaət edən şəxs əsla yolunu azmaz, onunla müxalifətçilik edən şəxs isə əsla düz yola yönəlməz.”

İmam Sadiq (ə) buyurardı: "Allah əmim Zeydə rəhmət eləsin! Əgər qalib gəlsəydi, mütləq (verdiyi vədə) əməl edərdi. Əmim Zeyd camaatı Ali-Məhəmməddən (səlləllahu əleyhi və alihi və səlləm) (Peyğəmbər ailəsindən) olan seçilmiş bir şəxsdən itaət etməyə dəvət edirdi. O şəxs də mənəm.”

Başqa bir rəvayətdə İmam Sadiq (ə) Zeyd barədə buyurur: "Allah ona rəhmət eləsin, mömin, arif, bilikli və düzdanışan adam idi. Qalib gələrdisə, verdiyi vədə əməl edər, hakimiyyəti ələ alsaydı, onu kimə verəcəyini yaxşı bilirdi.”

Zeyd və dostlarının şəhadət xəbəri Mədinə şəhərinə çox acınacaqlı təsir bağışladı. Bu hadisədən hamıdan çox İmam Sadiq (ə) kədərləndi. Bu hadisə İmam Sadiqə (ə) o qədər təsir etmişdi ki, Kufə və Zeydin adı çəkilcək ixtiyarsız olaraq o Həzrətin gözlərindən yaş axmağa başlayır, şəhid olmuş əmisi və onun dostları barədə hörmətlə dolu olan ürəkağrıdıcı sözlər deməklə onun şəhadətini dərin hörmətlə yad edirdi.

İmam Sadiqin (ə) Həmzə ibn Həmran adlı bir dostu deyir: "Bir gün İmam Sadiqin (ə) yanına getdikdə, o Həzrət məndən soruşdu: "Həmzə, haradan gəlirsən?” Dedim ki, Kufədən gəlirəm. İmam Sadiq (ə) Kufənin adını eşitcək möhkəm ağlamağa başladı. Belə ki, mübarək sifəti göz yaşlarından islandı. Bu vəziyyəti belə görüb təəccüblə soruşdum: "Ey Peyğəmbərin balası! Sizin bu cür ağlamağınıza səbəb nə oldu?”

İmam Sadiq (ə) qəmli və gözləri yaşla dolmuş halda buyurdu: "Əmim Zeyd və başına gətirilənlər yadıma düşdü, ona görə də ağladım.”

Həmzə: "Onun haqqında məgər sizin yadınıza nə düşdü?”

İmam Sadiq (ə): "Onun şəhadəti yadıma düşdü.”

Sonra İmam Sadiq (ə) Zeydin şəhid edilməsi hadisəsini Həmzə üçün izah etdi.




Cəfər ibn Məhəmməd ibn Əli ibn Hüseyn və ya sadəcə Cəfər əs-Sadiq (miladi tarixin 702-765). İslamın ən böyük alimlərindən biri və altıncı şiə imamı. Dini elmlərlə yanaşı zəmanəsinin dünyəvi elmlərinə də dərindən bələd olmuşdur.

Hicrətdən 83 il sonra Rəbiəvvəl ayının 17-si [[Mədinə]] şəhərində şiə müsəlmanlarının beşinci imamı Məhəmməd əl-Bağırın ailəsində dünyaya gəlmişdir.

İlk təhsilini babası Əli ibn Hüseyndən almış və onun ölümündən sonra atası Məhəmməd əl-Baqirin tələbəsi və sonralar (m.t.733) onun xələfi olduğu elan edilmişdir.

Qısa müddət ərzində İslamın hədis, sünnə, və Quran elmlərini dərindən mənimsəyən Cəfər əl-Sadiq dünyəvi-riyaziyyat, fəlsəfə, astronomiya, anatomiya, kimya və digər elmlərə də dərindən yiyələnir. Kimyanın "atası" hesab olunan Əbu Musa Cabir ibn Həyyan (Avropada sadəcə Geber kimi tanınır) Cəfər əs-Sadiqin tələbəsi olmuşdur.

Cəfəri Sadiq (ə) atası kimi Bəni Üməyyə ilə Abbasilərin hakimiyyət uğrunda çəkişməsindən istifadə edərək elmi məktəbini yaratdı.

Cəfər əl-Sadiqin elmə verdiyi töhfələr onun Günəş sisteminə, işığın fiziki-optik xassələrinə, insan bədənin anatomiyasına və s. dair fikirlərində göstərmişdir. Onun elmi fəaliyyəti sonralar Avropa alimləri, elecə də İslam alimlərindən İbn əl-Həzum, tələbəsi Cabir ibn Həyyan və başqa alimlər tərəfindən daha geniş öyrənilmişdir. Strasburqda yerləşən İslam Tətqiqatlar Mərkəzi Cəfər əl-Sadiqin irəli sürüdüyü elmi nəzəriyyələri nəşr etdirmişdir.

Tanınmış İslam alimlərindən biri - Əbu Hənifə ən-Nümman da Cəfər əs-Sadiqin tələbəsi olmuşdur. Deyilənə görə Əbu Hənifə tələbə olduğu vaxt tələbə yoldaşlarında biri ondan yaşını soruşmuş və Əbu Hənifə cavabında: "2 yaşım var" deyə bildirmişdir. Tələbə dostu onu iki ildən artıq müddətdə tanıdığı halda bunun necə mümkün olduğunu soruşduqda isə Əbu Hənifə ömrünün Cəfər əs-Sadiqdən aldığı elmlə başlandığını bildirmişdir.

Sonralar əhli sünnə imamlarının birincisi olan Əbu Hənifə ən-Nümmanın Cəfəri Sadiqlə fikir ayrılığı yaranmışdır. Bunun mərkəzində Əbu Hənifənin qiyasla (müqayisə ilə) hökm etməsi məsələsini qəbul etməsi durur. Sonralar İmam bu xüsusda onun fikirlərinin yanlış olduğunu bir neçə nümunə ilə izah edir. Rəvayətə görə, onlar arasında bu səpkidə dialoq olur:
Bölmə: İslam | Yükləyən: Farmakoloq
Baxış Sayı: 892 | Yüklənib: 0 | Reytinqi: 0.0/0
Bütün Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Dost Saytlar
Statistika

Bütün istifadeçilər 4
Qonaq 4
İstifadəçi 0