Cümə, 22.11.2024, 15:27
Salam Qonaq

Farmakoloq.tk
Sayta Giriş
Bölmələr
Axtarış
Əsas Səhifə » Fayl » İslam

İmam Səccad
31.05.2010, 17:57

Həyatı

İmam Səccad (ə) şiələrin dördüncü İmamı Həzrət Hüseyn ibn Əlinin (ə) oğludur. Anası Şəhrəbanu olmuş, ən məşhur ləqəbi Zeynül-abidin və Səccaddır. İmam Səccad (ə) hicrətin otuz səkkizinci ilində dünyaya gəlmişdir. Uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. O, təxminən iki il babası Əlinin (ə) hakimiyyət illərini görmüş, ondan sonra isə on il əmisi Həzrət Həsənin (ə) İmamət dövrünü dərk etmişdir. İmam Həsən (ə) bu on ilin yalnız altı ayını zahiri hakimiyyət başında durmuşdur. Hicrətin əllinci ili İmam Həsənin (ə) şəhadətindən sonra Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan İmam Hüseyn (ə) ilə on il çiyin-çiyinə durmuşdur. Hicrətin altımış birinci ilinin məhərrəm ayında atasının inqilab və şəhadəti zamanı Kərbəlada olmuşdur. Kərbəla faciəsindən sonra digər Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o, müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O, bu səfər zamanı öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etdi və Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Nəhayət hicrətin doxsan dörd, ya da doxsan beşinci ili şəhadətə qovuşdu. O Həzrət Bəqi qəbiristanlığında əmisi İmam Həsənin (ə) qəbrinin kənarında dəfn olunmuşdur.

İmam Səccad (ə) ilə həməsr olmuş xəlifələr

1. Yezid ibn Müaviyə (61-64 h.q);

2. Abdullah ibn Zübeyr (61-73 h.q);

3. Müaviyə ibn Yezid (altımış dördüncü ilin bir neçə ayı);

4. Mərvan ibn Həkəm (altımış beşinci ilin doqquz ayı);

5.Əbdülməlik ibn Mərvan (65-86 h.q);

6.Vəlid ibn Əbdülməlik (86-96 h.q).



İmamın xəstəliyi İlahi bir məsləhət idi

Təəssüflə qeyd etməliyik ki, müsəlmanların savadsız təbəqələrinin əksəriyyəti dördüncü İmamı həmişə xəstə kimi yad edir və bununla da, camaatın fikrində o Həzrət çox zəif, əldən düşmüş,saralıb-solmuş bir şəxs kimi canlanır. Halbuki, əslində heç də belə olmamışdır. Çünki dördüncü İmam ancaq Kərbəlada, özü də çox qısa müddətdə xəstə olmuşdur. Kərbəla hadisəsindən sonra isə sağalmış və təxminən otuz beş il o biri İmamlar kimi sağlam bədənlə fəaliyyət göstərmişdir. Şübhəsiz ki, o Həzrətin Kərbəla hadisəsindəki müvəqqəti xəstəliyi Allahın bir məsləhəti olmuşdur. Belə ki, İmam (ə) bu vasitə ilə cihad vəzifəsindən azad olmuş, müqəddəs vücudu Yezidin muzdurlarının ölüm təhlükəsindən amanda qalaraq İmamət xətti davam etmişdir. Əgər İmam Səccad (ə) xəstələnməsəydi, gərək cihadda iştirak edəydi. Bu təqdirdə də atasının başqa oğul və dostları kimi şəhid olar və beləliklə də, İmamət nuru birdəfəlik sönmüş olardı. Səbt ibn Əl-Cuzi yazır: "Əli ibn Hüseyn (ə) (İmam Səccad) xəstə olduğu üçün öldürülmədi.”

Məhəmməd ibn Səd yazır: "Əli ibn Hüseynin (ə) o gün (Aşura günü) atası ilə olan zaman iyirmi üç, ya iyirmi dörd yaşı var idi. Onun o vaxt azyaşlı uşaq olduğunu söyləyənlər tamamilə əsassızdırlar. O, həmən gün xəstə olmuş, buna görə də, döyüşdə iştirak edə bilməmişdir.” Həmçinin, Məhəmməd ibn Səd qeyd edir ki, Şimr İmam Hüseyni (ə) öldürdükdən sonra İmam Səccadın (ə) üstünə gəldi. O, xəstə olduğu üçün yataqda yatmışdı. Şimr dedi: "Bunu öldürün!” Onun yanındakılardan biri dedi: "Sübhanəllah! Xəstə olan və heç döyüşdə də iştirak etməyən bir gənci öldürək?” Bu zaman Ömər ibn Səd gəlib dedi: "Qadınlar və bu xəstə ilə işiniz olmasın.”

Şeyx Müfid Yezidin ordusunda iştirak etmiş Həmid ibn Müslimin dilindən rəvayət edib deyir: "(Aşura günü) Əli ibn Hüseynin çadırına yetişdik. O, bərk xəstə idi və yataqda yatmışdı. Şimr bir neçə nəfərlə onun yanına gəldi. Yanındakılar Şimrə dedilər: "Bu xəstəni öldürmürsən?” Mən dedim: "Sübhanəllah! Uşaqları da öldürürsünüz? Bu ki, bir uşaqdır, özü də xəstəlik onu əldən salıb.” O qədər bu cür sözlərdən dedim ki, axır onları o Həzrəti öldürmək fikrindən yayındırdım. Bu vaxt Ömər ibn Səd gəldi. Qadınlar onun üstünə qışqırıb ağladılar. O, öz adamlarına dedi: "Heç biriniz bu qadınların evlərinə (çadırlarına) girməyin və bu cavanla işiniz olmasın.”

Qeyd olunduğu kimi dördüncü İmamın sağ qalmasına səbəb olan xəstəlik İlahi bir məsləhət olmuşdur. Bu, onun düşmən qarşısında heç də ruhiyyə zəifliyi və gücsüzlüyü demək deyil.

İmam Səccad (ə) o çətin və acınacaqlı əsirlik müddətində əsirlərin ümid və pənah yeri olmaqla yanaşı, həm də düşmənə qarşı şücaət və vüqarla hərəkət etmişdi. İmamın (ə) Kufə və Şam şəhərlərindəki mətin və kəskin çıxışları bu məsələni bir daha təsdiq edir. Belə ki,əsirləri Kufəyə gətirdikdən sonra Übeydullah ibn Ziyadın məclisində onunla İmam Səccad (ə) arasında gedən kəskin söz-söhbətdən Übeydullah ibn Ziyad bərk qəzəblənib İmamın qətlinə əmr verərkən İmam Səccad (ə) ona buyurdu: "Məni öldürməklə hədələyirsən? Bilmirsən ki, ölmək bizim üçün adi bir iş,şəhadət bizim üçün şərəf və fəzilətdir?”

Kərbəla inqilabının carçısı Qeyd etdiyimiz kimi İmam Səccad (ə) Kərbəla faciəsində iştirak etmiş, atasının şəhadətindən sonra Əhli-beyt əsirlərinin başında olmaqla inqilabın və İmam Hüseynin (ə) qızılqanlı şəhadətinin carçısı olmuş, öz söhbət və çıxışları ilə Əməvi hakimiyyətinin çirkin üzünü tanıtdırmaq və camaatın fikrini oyatmaqla məşğul olmuşdur.

Əməvi hökumətinin Müaviyyənin dövründən etibarən Peyğəmbər ailəsinin əleyhinə uzun-uzadı təbliğatlarını (xüsusən Şamda) nəzərə almaqla şübhəsiz ki, əgər Əhli-beyt əsirləri Əməvi hakimiyyətinin iç üzünü açaraq camaatın fikrini oyatmasaydılar, İslam düşmənləri və hökumət nümayəndələri İmam Hüseynin (ə) böyük və həmişəyaşar inqilabını tarix səhifəsindən pozar və onun simasını dəyişdirərdilər. Ancaq İmam Səccadın (ə) və eləcə də, digər əsirlərin əsir olduqları müddətdə apardıqları təbliğat (qeyd etməliyik ki, bu fürsəti onlara Yezidin axmaqlığı və şəxsi düşmənçiliyi vermişdir) İmam Hüseynin (ə) düşmənlərinə bu fürsəti vermədi və Yezidi hər yerdə rüsvay etdi.

İmam Səccadın (ə) təbliğati mübarizələrini İmam Hüseynin (ə) həyatı bölməsində geniş şəkildə izah etdiyimiz üçün burada yalnız bununla kifayətlənirik.

Diktatura mühiti İslam peyğəmbərinin vəfatından sonra İmamət silsiləsinin dörd dövrə bölünməsinə əsasən (bu dörd dövrü Həzrət Əlinin (ə) həyatı bölməsində izah etmişik), İmam Səccadın (ə) həyatı dördüncü dövrə təsadüf edir. Yəni, silahlı mübarizə yolu ilə qələbədən naümid olmaq; Peyğəmbər ailəsi vasitəsilə uzun müddətli İslam hökuməti yaratmaq uğrunda səy göstərmək; bu məqsədə çatmaqdan ötrü zəminə yaratmaq üçün mədəni tədbirlər vasitəsilə münasib insani qüvvələri tərbiyə etmək; əsl İslami fikirləri bəyan etmək, mövhumat və bidətləri üzə çıxarmaq.

Bu məsələ haqqında qısa məlumat verək.

Faciəli Aşura hadisəsi (tez bir zamanda) şiə məzhəbinə ağır zərbə vurdu. Bu hadisənin xəbərinin yayılması ilə İslam dövlətinin hər tərəfində, xüsusən İraq və Hicazda şiə məclislərində ümumi bir qorxu hökm sürməyə başladı. Çünki məlum oldu ki, (İslam aləmində hamı tərəfindən əzəmətlə, etibarla və müqəddəs bir şəxs kimi tanınan) Peyğəmbər balasını öldürüb Əhli-beyt qız-gəlinini və arvad-uşaqlarını əsir almaqla öz hakimiyyətini qoruyub saxlayan Yezid hakimiyyət dayaqlarını möhkəmlətmək üçün heç bir cinayətdən çəkinməz. Kufə və Mədinədə artıq öz əsərlərini büruzə verən qorxu və vəhşət (hicrətin altımış üçüncü ilində zil-həccə ayında baş vermiş) "Hirrə faciəsi” və Mədinə camaatının Yezidin ordusu tərəfindən amansızcasına qırılması ilə daha da şiddətləndi, Peyğəmbər ailəsinin nüfuz etdiyi yerlərdə, xüsusilə Hicazda Mədinəyə, İraqda isə Kufəyə möhkəm represiya hakim kəsildi. Bəni-Üməyyənin düşmənləri olan İmamların dostları zəifləyib süstləşdilər, öz təşəkküllərini itirdilər. İmam Səccad (ə) bu acınacaqlı vəziyyətə işarə edərək buyurur: "Bütün Məkkə və Mədinədə bizi sevən iyirmi nəfər yoxdur.” Görkəmli tarixçi Məsudi yazır: "Əli ibn Hüseyn (ə) (İmam Səccad) İmaməti gizli və təqiyyə şəklində və çox çətin bir vaxtda öhdəsinə götürmüşdü.” İmam Sadiq (ə) bu dəhşətli və acınacaqlı vəziyyəti təsvir edərək buyurur: "Camaatın üç nəfər istisna olmaqla hamısı Hüseyn ibn Əlidən (ə) sonra (onun şəhadətindən sonra) döndü: (Peyğəmbər ailəsinin ətrafından uzaqlaşdılar): Əbu Xalid Kabili, Yəhya ibn Ummut-Təvil və Cübeyr ibn Mutim.” Sonra bir neçə nəfər onlara qoşuldu və sayları artdı. Yəhya ibn Ummut-Təvil Mədinədə Peyğəmbər məscidinə gedib camaata xitab edərək deyərdi: "Biz sizinlə (yolunuzla) müxalifik, bizimlə sizin aranızda aşkar və əbədi düşmənçilik və kin-küdurət var...”

Deyilməsə də, məlumdur ki, o cür şəraitdə belə bir açıq-aşkar mövqedə durmağa yalnız acınacaqlı nəticələrə sinə gərə bilən Yəhya ibn Ummut-Təvil kimi şəxslərin qüdrəti çata bilərdi. Məhz buna görə də, Həccac ibn Yusif Yəhyanın Həzrət Əlinin (ə) dostu olmasına görə əl-ayağını kəsdirmiş, sonra da onu şəhadətə yetirmişdir.

Onuncu əsrin ortalarının görkəmli alimlərindən və hədisçilərindən biri və həm də İmam Cavad (ə), İmam Hadi (ə) və İmam Əskərinin (ə) şagirdlərindən olan Fəzl ibn Şazan deyir: "İmam Səccadın (ə) İmamət dövrünün əvvəllərində yalnız beş nəfər ona itaət edirdi: Səid ibn Cübeyr, Səid ibn Müsəyyib, Məhəmməd ibn Cübeyr ibn Mutim, Yəhya ibn Ummut-Təvil və Əbu Xalid Kabili.”

 
Səhifeyi-Səccadiyyə

Səhifeyi-Səccadiyyə təkcə Allahın dərgahına dua etmək və hacət istəməkdən ibarət deyil. Bu kitab eyni zamanda İslami elmlər və maarif dəryasıdır. Onun içində əqidəvi, mədəni, ictimai, siyasi və bir sıra təbiət və şəriət qayda-qanunları vardır ki, dua şəklində bəyan olunmuşdur. Hicri-qəməri tarixi ilə 1353-cü ildə (altımış yeddi il bundan qabaq) mərcəi-təqlid mərhum Ayətullah əl-üzma Mərəşi Nəcəfi "Səhifeyi-Səccadiyyə”nin bir nüsxəsini özünün həməsri olan, "Təntavi” təfsirinin müəllifi və İskəndəriyyə müftisinə hədiyyə göndərir. İskəndəriyyə müftisi bu qiymətli hədiyyəni aldıqdan sonra buna görə çoxlu təşəkkür etmiş və Ayətullah əl-üzma Mərəşi Nəcəfinin cavabında yazmışdı: "Bu bizim bədbəxtliyimizdəndir ki, bu vaxta qədər nübüvvət irsindən olan belə bir əbədi və qiymətli əsərdən xəbərsiz qalmışıq. Mən nə qədər ona baxıram, onu bəşər kəlamından üstün, Tanrı kəlamından isə aşağı görürəm.”

Səhifeyi-Səccadiyyənin misilsiz etibar və əhəmiyyətinə görə İslam tarixi boyu ona ərəb və fars dillərində çoxlu şərh yazılmışdır.

Mərhum Şeyx Ağabüzürg Tehrani çox qiymətli "Əz-Zəriətu ila təsanifiş-şiə” kitabında Səhifeyi-Səccadiyyəyə yazılmış əlli şərhin (tərcümələrdən başqa) adını çəkmişdir. Bu şərhlərdən əlavə, keçmiş və müasir alimlərin bir dəstəsi bu kitabı dəfələrlə ayrı-ayrılıqda tərcümə etmiş və onların bir çoxu son illərdə nəşr edilmişdir.

Səhifeyi-Səccadiyyə əlli dörd duadan ibarətdir. Onların mündəricatı aşağıdakı şəkildədir:

1. Allaha sitayiş;

2.Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və onun ailəsinə salam;

3.Asimanı daşıyan mələklərə salam;

4.Peyğəmbərlərin ardıcılları üçün rəhmət istəmək;

5.İmam Səccadın (ə) özü və dostları üçün duası;

6.Səhər və axşam vaxtı dua;

7. O Həzrətin çətinliklər, mühüm hadisələr və qəm-qüssə vaxtında oxuduğu dua;

8. Pis və bəyənilməz işlərdə Allaha pənah aparmaq barədə dua;

9.Bağışlanmaq üçün dua;

10. Allah dərgahına pənah aparmaq üçün dua;

11.Aqibətin yaxşı nəticələnməsi üçün dua;

12.Günahlara etiraf və tövbə etmək üçün dua;

13.Hacətlərin istənilməsi üçün dua;

14.Zalımlardan şikayət, zülm olunan zaman, yaxud zalımlardan xoşuna gəlmədiyi iş gördüyü zaman oxuduğu dua;

15.Xəstəlik, çətinlik və kədər irəli çıxan zaman oxuduğu dua;

16.Günah və eyblərin bağışlanması üçün dua;

17.Şeytan şərrini dəf etmək və onun hiylə və düşmənçiliyindən Allaha pənah aparmaq üçün dua;

18.Xətər sovuşduqdan və hacətin tez qəbul olmasından sonra oxuduğu dua;

19.Quraqlıq vaxtı yağış yağması üçün oxunan dua;

20.Gözəl və bəyənilmiş əxlaq üçün oxunan dua

21.Qəm-qüssə vaxtı oxunan dua;

22. Çətinlik və müşkülat zamanı oxunan dua;

23.Sağlamlıq (təmizlik) istəmək və onun üçün şükr etmək barədə dua;

24. O Həzrətin ata-anası üçün duası;

25.Öz övladları barədə dua;

26.Qonşu və dostları barədə dua;

27.İslam ölkəsinin sərhədçiləri üçün dua;

28. Allaha pənah aparmaq barədə dua;

29. Ruzinin azaldığı zaman oxunan dua;

30. Borcun ödənilməsi üçün Allahdan kömək istəmək barədə dua;

31.Tövbə etmək və tövbə zikri barədə dua;

32. Gecə namazından sonra oxunan dua;

33. Xeyir istəmək barədə dua;

34.Çətinlik zamanı və günah rüsvayçılığına giriftar olmuş şəxsi görərkən oxunan dua;

35.Dünya əhlini görən zaman razılıq etmək üçün dua;

36.Göy gurultusu eşitdikdə, bulud və şimşək gördükdə oxunan dua;

37.Allahın nemətlərinin şükrünü yerinə yetirməyin mümkün olmadığını etiraf etmək barədə dua;

38.Bəndələrin hüquqlarını yerinə yetirərkən naqislik olunan zaman oxunan dua;

39.Əfv və rəhmət istəyərkən oxunan dua;

40.Kiminsə ölümündən xəbərdar olduqda, yaxud ölümü yad edərkən oxunan dua;

41.Günah qarşısına pərdə çəkilməsini istəmək üçün dua;

42.Quranı xətm edərkən oxunan dua;

43.Təzə çıxmış ayı gördükdə və ona baxarkən oxunan dua;

44.Ramazan ayının əvvəlinin duası;

45.Ramazan ayı ilə vidalaşarkən oxunan dua;

46. Fitr bayramı və cümə günləri oxunan dua;

47.Ərəfə günü oxunan dua;

48. Qurban bayramı və cümə günləri oxunan dua;

49.Düşmənlərin hiyləsini dəf etmək üçün oxunan dua;

50. Allahdan qorxmaq barədə oxunan dua;

51.Ağlamaq və sızıldamaq barədə oxunan dua;

52.Allahdan xahiş etməkdə israr barədə oxunan dua;

53. Allah qarşısında kiçiklik üçün oxunan dua;

54.Qəm-qüssənin çəkilməsi üçün oxunan dua.

Səhifeyi-Səccadiyyənin siyasi cəhətləri Qeyd etdik ki, Səhifeyi-Səccadiyyə təkcə dua, münacat və Allahdan hacət istəməkdən ibarət deyil. Eyni zamanda, onda siyasi, ictimai, mədəni və əqidəvi məsələlər də vardır. İmam Səccad (ə) öz duaları əsnasında dəfələrlə siyasi məsələlərə, xüsusilə də, İmamət və İslam cəmiyyətinin rəhbərliyi məsələsinə toxunmuşdur. İndi onlardan bəzi nümunələri sizin nəzərinizə çatdırırıq:

1) İmam Səccad (ə) (Məkarimül-əxlaq duasının) iyirminci duasında buyurur: "İlahi, Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Ali-Məhəmmədə salam göndər, mənə əl (qüvvə) ilə zülm edənə qarşı, mənimlə dil (sübut dili) ilə mübarizə aparana qarşı, mənimlə düşmənçilik və inadkarlıq edənə qarşı mənə qələbə əta et! Mənə qarşı hiylə işlədənə və fırıldaqçılıq edənə qarşı mənə tədbir, mənə təzyiq edənə qarşı mənə qüvvə, məndə səhv tutan və məni söyənlərə qarşı mənə təkzib qüdrəti və mənə düşmənlərin qorxu təhlükəsi qarşısında əmniyyət əta et...”

İmam Səccad (ə) Əbdülməlikin Hişam ibn İsmayıl Məxzumi (Mədinənin hakimi) kimi nümayəndələrinin zülm, inad,bədgümanlıq, hədə-qorxu və təzyiqlərinə məruz qalmamışdımı? Buna əsasən, İmam Səccadın (ə) bu duası öz dövrünün hökumətinin zülmlərinə qarşı bir şikayət olmuş və bu baxımdan da siyasi xarakter daşımışdır.

2)İmam Səccadın (ə) Qurban bayramı günü və eləcə də, hər cümə günləri oxuduğu duada deyilir: "...İlahi, bu məqam (Qurban bayramının, cümə gününün namazı və xütbələri, onun vəzifəsi olan bu hakimiyyət və ümmətin rəhbərlik məqamı) Sənin seçilmiş bəndələrinə və canişinlərinə məxsusdur. Bu rütbələr Sənin onları çox yüksək mərtəbədə qərar verdiyin əmin bəndələrinə məxsus olub, ancaq zalımlar (zalım Əməvi xəlifələri) onu güclə qəsb edib ona sahib çıxmışlar... İş o yerə çatıb ki, Sənin xəlifələrin (biz İmamlar) məğlub olmuşlar. Onlar Sənin əhkamının dəyişilməsini, Sənin kitabının əməl meydanından uzaq düşdüyünü, vacib əməllərin təhriflərə məruz qaldığını, Peyğəmbər sünnəsinin tərk olunduğunu öz gözləri ilə görürlər.

İlahi, Sənin seçilmiş bəndələrinin düşmənlərinə, əvvəldən axıra kimi, eləcə də onların ardıcılları və onların işlərinə razı olanlara lənət olsun, onları Öz rəhmətindən uzaqlaşdır...”

Bu duada İmam Səccad (ə) Peyğəmbər ailəsinə məxsus olan İmamət məsələsindən və onun zalımlar tərəfindən qəsb edilməsindən açıq-aşkar söhbət etmiş, bununla da, Bəni-Üməyyə hökumətinin qeyri-şəri hökumət olduğunu bəyan etmişdir.

İmam Səccad (ə) Ərəfə gününün duasında buyurur: "İlahi, camaata rəhbərlik etmək və Sənin əmrlərini yerinə yetirmək üçün seçdiyin, onları Sənin elm xəzinədarların və dininin gözətçiləri təyin etdiyin Peyğəmbər ailəsinin ən pak adamlarına salam göndər! Sən onları bəndələrə Öz hüccətin təyin edib onları Öz istəyinə əsasən bütün çirkinliklərdən təmiz etdin və onları Səninlə vasitə və Öz Cənnətinin yolu qərar verdin... İlahi, Sən hər bir vaxt Öz dinini bir İmam vasitəsi ilə qoruyub saxlamısan, O İmamı qeybi əlaqə vasitəsi ilə Özünlə əlaqədə saxladıqdan, onu Öz rizayətinə vasitə qərar verdikdən, ona itaət etməyi vacib etdikdən, ona asi olmağı nəhy etdikdən, onun əmr və qadağalarına itaət etməyi əmr etdikdən, hamının ona itaət etməsini vacib bilib heç kəsi onun itaətindən çıxmamasını əmr etdikdən sonra onu bəndələrinə rəhbər və bayraqdar, dünyada hidayət məşəli qərar verdin...”

İmam Səccad (ə) bu duada da, Peyğəmbər ailəsindən olan İlahi rəhbər və İmamların xüsusi mövqe və üstünlüklərindən söhbət etmişdir. Bu da şübhəsiz ki, dövrün hakimiyyətinin qeyri-şəri olduğunu bildirir.

4. Saray alimləri ilə mübarizə İmamların həyatının ən maraqlı, ən əhəmiyyətli bölmələrindən biri onların öz dövrlərinin İslam cəmiyyəti arasındakı ləyaqətsiz, düşüncə və mədəniyyətdən uzaq olan başbilənlər, yəni, saray fəqihi,hədisçi, təfsirçi, qari və qazıları ilə mübarizələri olmuşdur. Bunlar camaatın fikir və düşüncələrini zalım hakimlərin xeyrinə cəlb edir, onları Bəni–Üməyyə və Bəni–Abbas xəlifələrinin cəmiyyətdə təyin etdikləri hakimiyyətə yönəldir, onları bu vəziyyətə tabe edərək zalım hakimlərin hakimiyyəti üçün fikri və zehni zəmin yaradırdılar. İmam Səccadın (ə) siyasi həyatındakı bu cür mübarizələrdən bir nümunəsi o Həzrətin saray hədisçisi olan Məhəmməd ibn Müslimi Zühri (58-124 h.q) ilə mübarizəsidir.


Zühri kimdir?

Zühri o dövrün tabein (peyğəmbərin özünü yox, səhabələrini görmüş şəxs) fəqih və böyük hədisçilərindən biri idi. O, öz dövründə yaşamış sünni məzhəbinin yeddi fəqihinin dərslərində olmuş, on nəfər səhabənin xidmətinə yetişmişdir. Belə ki, böyük şəxsiyyətlərin bir dəstəsi ondan hədis və fiqh (şəri məsələlər) rəvayət etmişlər.

Zühri belə sabiqəsi nəticəsində öz dövrünün elmi və fiqhi məclislərində böyük şöhrət qazanmışdı. Belə ki, onu aşağıdakı ifadələrlə xatırladırdılar: Malik ibn Ənəs demişdir: "Mədinədə bir nəfərdən başqa hədisçi və fəqih görmədim. O da İbn Şəhab Zühridir.” Yaxud: "Məkhula dedilər ki, indiyədək gördüyün ən savadlı şəxs kimdir?” Dedi: "Zühri.” Dedilər: "Ondan sonra?” Dedi: "Zühri.” Yenə dedilər: Ondan sonra? Cavab verdi: "Zühri.” Bununla belə, Zühri İmam Səccadın (ə) elm, zöhd, təqva əzmətinin heyranı, o Həzrətin mənəvi məqamının vurğunu idi. Zühri deyirdi: "Qüreyşdə Əli ibn Hüseyndən (ə) (İmam Səccaddan) təqvalı və üstün bir şəxs görmədim.” Həmçinin, o deyirdi: "Haşimilər arasında gördüyüm ən bilikli şəxs Əli ibn Hüseyn əleyhissəlamdır (İmam Səccaddır.) Zühri hər vaxt İmam Səccad əleyhissəlamdan söhbət etsəydi, ağlayardı və o Həzrəti Zeynül-abidin (abidlərin zinəti) adı ilə qələmə verirdi. O, İmam Səccadın (ə) elmindən çoxlu istifadə etmiş, ondan çoxlu hədis nəql etmişdir.


Zühri bir qədər Bəni-Üməyyə tərəfindən vilayətlərdən birində hakim olmuşdur. Bu dövrdə o, bir nəfəri cəzalandırmış, həmin şəxs bu cəza nəticəsində ölmüşdür. Zühri bu hadisədən bərk narahat olub ev-eşiyindən çıxıb səhraya üz tutmuş və demişdir: "Bundan sonra evin tavanı bir daha mənim başım üzərinə kölgə salmayacaq.”

Bir gün İmam Səccad (ə) Zührini görüb buyurdu: "Sənin (Allah rəhmətindən) məyus olmağın bu günahından pisdir. Allahdan qorx və tövbə et! Ölən şəxsin qan bahasını onun varislərinə göndər, özün də ailənin yanına qayıt.” Bütün bu elmi ilə yanaşı bu məsələdən xəbərdar olmayan Zühri bu göstərişə sevindi. O, sonralar deyirdi: "Əli ibn Hüseynə (ə) hamıdan çox mən borcluyam.”

Zührinin İmam Səccadın (ə) hüzurunda şagirdliyi Zührinin məzhəb və məqsədi bizim alimlər arasında çox qalmaqallıdır. Bəziləri onu şiə və İmam Səccadın (ə) dostlarından bilmiş və bunun üçün bəzi sübutları şahid gətirmişlər. Bəziləri isə, onu İmamət ailəsinin düşmənlərindən və Bəni-Üməyyənin tərəfdarlarından bilərək tənqid atəşinə tutmuşlar. "Rövzətül-Cənnət” kitabının müəllifi bu iki versiyanı bir yerə toplayıb belə bir qərara gəlmişdir ki, Zühri əvvəllər Bəni-Üməyyənin tərəfdarlarından olmuş, ancaq öz elm və agahlığı nəticəsində ömrünün sonlarında haqq yolu taparaq Bəni-Üməyyə ilə əlaqəsini kəsmiş və İmam Səccadın (ə) şagird və dostları sırasına qoşulmuşdur.Lakin yuxarıdakı versiyanın əksinə olaraq bir çox tarixi sənəd və faktlar göstərir ki, Zühri əvvəllər Mədinədə olduğu gənclik dövründə İmam Səccad (ə) ilə əlaqədə olmuş və onun dərslərindən istifadə etmişdir. Ancaq sonralar Bəni-Üməyyənin sarayına cəlb edilərək onlara xidmət etmişdir. Əməvilərin bəzi vaxtlar ona tənə edərək "sənin Peyğəmbərin İmam Səccad (ə) nə edir?” deməsi bu dövrə aiddir.

İndi qısaca olaraq Zührinin həyatını araşdırıb onun Bəni-Üməyyə ilə olan əlaqələri barədə sübutları oxucuların nəzərinə çatdırırıq.

Zühri Bəni-Üməyyə sarayında İbn Əbil Hədid Zührini Əlinin (ə) müxaliflərindən biri hesab edərək yazır: "Bir gün İmam Səccad (ə) eşitdi ki, Zühri və Ürvə ibn Zübeyr Peyğəmbərin məscidində oturub Həzrət Əli (ə) haqqında nalayiq sözlər danışırlar. İmam Səccad (ə) məscidə gedib o iki nəfərin başı üstündə dayanıb onları möhkəmcə danladı.

Zühri Əbdülməlik ibn Mərvanın hakimiyyəti dövründə Bəni-Üməyyə sarayının rifahından istifadə etmək üçün Dəməşqə getdi. Maddi üstünlüklər və zahiri məqamlara yiyələnmək üçün öz elmini vasitə qərar verib Əbdülməlikin fikrini özünə cəlb etdi. Əbdülməlik ona çox hörmət göstərib beytül-maldan onun üçün maaş təyin etdi və onun borclarını ödəyərək onun üçün bir qulluqçu ayırdı. Beləliklə, Zühri Əbdülməlikin yaxın adamları sırasına qoşuldu. İbn Səd yazır: "Zührini Əbdülməlikin sarayına çəkən şəxs Əbdülməlikin kəbin-təlaq işləri üzrə xüsusi nümayəndəsi Qübeyzə ibn Züeyb olmuşdur. Beləliklə də Zührinin Bəni-Üməyyənin çirkin sarayı ilə əlaqəsi başlandı. O, Əbdülməlikin sarayında rifahın şirin məzəsini dadıb saray həyatının ləzzətini gördü. Buna görə də, Əbdülməlikdən sonra da onun övladlarının – Vəlid, Süleyman, Yezid, Hişamın sarayında, eləcə də Ömər ibn Əbdüləzizin sarayında yer tutmuşdu. Yezid ibn Əbdülməlik Zührini qazı vəzifəsinə təyin etdi. Yeziddən sonra Hişam ibn Əbdülməlikin sarayında özünəməxsus mövqe tutmuş, hörmət qazanmışdı. Hişam onu öz uşaqlarının müəllimi təyin etmişdi. Zühri ömrünün sonunadək bu vəzifədə çalışmışdır. Hişam onun səksən min dirhəm borcunu ödəmişdi. İbn Səd yazır: "Zühri Rəsafədə Hişamın yanına getdi. Bundan qabaq isə iyirmi il müddətində onların (Bəni-Üməyyənin) yanında qalmışdı.” Süfyan ibn Üyeynədən rəvayət olunur ki,hicrətin yüz iyirmi üçüncü ilində Zühri Hişamla (öz dövrünün xəlifəsi ilə) birgə Məkkəyə gəlib bir il orada qaldı. Zühri sarayda rifah içərisində yaşamağa o qədər alışmışdı ki,ömrünün sonlarında ona dedilər: "Kaş ömrünün bu axır çağlarında Mədinədə olaydın, Peyğəmbər məscidində sütunların birinin kənarında oturub, biz də sənin dövrəndə yığışaydıq, sən də camaata dərs deyəydin.” O isə cavab verdi ki, əgər belə iş tutsam, dərim soyular. Bu iş mənim üçün məsləhət deyil. Bunun nəticəsi ancaq bu olar ki, mən dünyadan əl çəkib Axirətdən yapışam.

Zalım xəlifələrin saray alimlərinə ehtiyacı Zalım və qeyri-İslami hakimlərin İslam əqidəsində olan şəxslər üzərində öz hakimiyyətlərini möhkəmlətmək üçün camaatın fikrində öz gördükləri işlərə nisbət qəlbən şəri etiqad yaratmaqdan başqa çarələri yox idi. Çünki o dövrdə hələ İslamın ilkin çağlarından bir o qədər də vaxt ötməmiş və camaatın İslama olan əlaqəsi hələ öz möhkəmliyini qoruyub saxlayırdı. Əgər camaat xəlifələrə etdiyi beyətin düzgün olmadığını və xilafət kürsüsündə oturan xəlifələrin Peyğəmbər canişini olmalarına layiq olmadıqlarını bilsəydi, şübhəsiz ki,onlara boyun əyməzdi. Düzdür, bu həqiqəti bütün camaat barədə qəbul etməsək də, ancaq o dövrün İslam cəmiyyəti arasında çoxları xəlifələrin qeyri-İslami hakimiyyətini qəlb imanı üzündən qəbul etmişdilər. Yəni, belə fikirləşirdilər ki, bu hakimiyyət İslami hakimiyyətdir. Elə buna görə də, zalım hakimlər öz hökumətlərini şəri hökumət kimi qələmə vermək üçün hədisçi və din alimlərini öz saraylarına cəlb etməyə çalışırdılar. Bu yolla xəlifələr onları Peyğəmbərin, yaxud da o Həzrətin ən yaxın səhabələrinin dilindən (yalançı) hədis söyləməyə məcbur edir, bununla da, cəmiyyətdə onların hökumətinin şəri qələmə verilməsi üçün fikirlərdə münasib zəmin yaranırdı.Buna əsaslanaraq deyə bilərik ki, Əməvi xəlifələrinin Zührini özlərinə tərəf cəlb etməkdən məqsədləri onun dini mövqeyindən istifadə etmək idi. Zühri də can-başla özünü onlara həsr etdi, onlar üçün kitab yazdı, hədislər söylədi. Bununla da, onların çirkin məqsədlərinə böyük kömək etdi. Müəmmər adlı bir şəxs deyir: "Biz elə bilirdik ki, Zühridən çox hədis söyləmişik. Vəlid ibn Əbdülməlik öldürüldükdən sonra gördük ki, dəftərlərlə yüklənmiş heyvanları onun xəzinəsindən çıxara-çıxara deyirlər: "Bu, Zührinin elmidir.” Bu o deməkdir ki, Zühri Vəlidin göstərişi ilə o qədər kitab-dəftər və hədis yazıb doldurub ki,onları Vəlidin xəzinəsindən çıxararkən məcbur olub heyvanlara yükləyiblər. Zührinin özü deyir: "Əvvəllər mənim elmi kağız üzərinə yazmaqdan xoşum gəlmirdi. Axırda hakim və xəlifələr məni elmi yazmağa (onu kitab halına salmağa) məcbur etdilər. Sonra mən belə fikirləşdim ki, heç bir müsəlmanı bu işdən çəkindirmək olmaz. (Qoy elm və bilik həmişə yazılsın.)”İbn Kəsir yazır: "Zührini (yalançı) hədis yazmağa məcbur edən şəxs Hişam ibn Əbdülməlik olmuşdur. Zühri kitab yazan gündən sonra camaat da hədisləri yazmağa başladı.” Bir gün Hişam ibn Əbdülməlik Zühriyə dedi ki, onun uşaqlarına hədis öyrətsin. Bu zaman Zühri bir hədisyazan çağırtdırıb ona dörd yüz hədis dedi, o da yazdı.3

Ömər ibn Əbdüləziz bir bəyannamədə yazmışdı: "Hədis yazıb söyləməkdə Zühridən qafil olmayın. Çünki ötən sünnələri ondan yaxşı bilən bir şəxs qalmamışdır.”

İndi gəlin görək Vəlid və Hişamın əmri ilə yazılıb doldurulmuş bu dəftərlərdəki hədislər necə hədislərdir? Şübhəsiz ki, bu dəftərlərdə bir dənə də olsun Vəlid və Hişam kimiləri məhkum (tənqid) edən hədis yoxdur. Əksinə, bu hədislər onların çirkin və qeyri-İslami əməllərinə bəraət qazandırır, bunun müqabilində isə onlarla siyasi səhnədə mübarizə aparan rəqiblərinin, yəni,Bəni-Haşimin parlaq mövqeyini zəiflədir.


Zührinin saxta hədisləri

Zühri Bəni-Üməyyənin xeyrinə, onların küframiz siyasətlərinə bəhanə gətirmək üçün və eləcə də, Bəni-Haşim sülaləsinin ziddinə bir sıra hədislər düzəltmişdir. İndi həmin hədislərdən bir neçəsini nümunə olaraq sizin nəzərinizə çatdırırıq:

Zühri Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nisbət verib deyir ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: "Ancaq üç məscidə getmək üçün səfərə çıxmaq olar: Məscüdül-həram (Kəbə), mənim məscidim (Mədinə şəhərində) və Məscidül-əqsa (Beytül müqəddəs). Məscidül-əqsa (Beytül-müqəddəs) sizin üçün eynilə Məscidül-həram (Kəbə) hökmündədir.” Bu hədisi sünni məzhəbinin üç böyük hədisçisi – Müslim, Əbu Davud və Nisai Əbu Hüreyrə vasitəsi ilə Peyğəmbərdən belə rəvayət edirlər: "Ancaq üç məscidə getmək üçün səfərə çıxmaq olar: Məscidül-həram, mənim məscidim və Məscidül-əqsa.” Bu üç hədisçinin heç biri bu hədisdə "Məscidül-əqsa sizin üçün eynilə Məscidül-həram hökmündədir” ifadəsini qeyd etməmişlər.

Məlum olur ki, bu hədisə əlavəni Əbdülməlikin əmri ilə Zühri etmişdir. Bu hədis (Zührinin düzəltdiyi hədis) Abdullah ibn Zübeyrin Məkkədə,Əbdülməlikin isə Şamda hakimiyyəti ələ aldıqları bir dövrdə düzəldilmişdir. Bu iki nəfər arasında siyasi və nizami çəkişmə gedirdi. Şam camaatı həcc ziyarətinə getmək istədikdə, bir neçə gün Məkkədə qalmalı olur, bu da Abdullah ibn Zübeyr üçün Əbdülməlikin əleyhinə təbliğat aparmağa çox yaxşı fürsət yaradırdı. Əbdülməlik Şam hacılarının bu təbliğatdan uzaq olmaları və öz hakimiyyətinin xilafət mərkəzində zəifləməməsi üçün həcc səfərinin qarşısını aldı. Camaat şikayət etdi ki, nəyə görə bizi vacib olan həcc səfərindən saxlayırsınız? Əbdülməlik dedi: "İbn Şəhab Zühri Peyğəmbərdən rəvayət edir ki, "ancaq üç məscidə getmək üçün səfərə çıxmaq olar: Məscüdül-həram (Kəbə), mənim məscidim və Məscidül-əqsa (Beytül-müqəddəs). Məscidül-əqsa sizin üçün eynilə Məscidül-həram hökmündədir və Peyğəmbərin merac gecəsi ayağını üzərinə qoyduğu daş da Kəbənin hökmündədir.” Bu hadisədən sonra Əbdülməlikin əmri ilə həmin daşın üstündə bir günbəz ucaldıldı, oradan ipək pərdələr asıldı, oraya xadimlər təyin edildi. Beləliklə, camaat oranı təvaf etməyə başladı. Bu adət Bəni-Üməyyə sülaləsinin bütün hakimiyyəti dövründə davam etmişdir.

Beləliklə də, məlum olur ki, Zührinin bu hədisin axırına özündən əlavə etməsindən məqsəd camaatı (Abdullah ibn Zübeyrin hakimiyyəti altında olan) Kəbə ziyarətindən yayındırıb onları Fələstinə (Beytül-müqəddəsə) tərəf getməyə cəlb etməkdir. Çünki Fələstin Şamın bir hissəsi olub Əbdülməlikin nəzarəti altında idi. Zühri də bu yolla Əbdülməlikin mövqeyinin möhkəmlənməsi üçün çalışırdı.

Zühri guya camaatın Mərvan ailəsinə olan nifrətini azaltmaq və İmam Səccadın (ə) İlahi mövqeyini onların qarşısında aşağı salmaq üçün o Həzrəti belə xatırlayırdı: "Əli ibn Hüseyn (ə) (İmam Səccad) öz ailəsinin ən mülayim adamı, Mərvan və Əbdülməlikə nisbət isə ən itaətkar və ən sevimli şəxsdir.”Halbuki, Mərvan ailəsinin Əlinin (ə) ailəsi ilə olan düşmənçiliyi heç kəsə gizli deyil və Əlinin (ə) ailəsinin də Mərvan ailəsinə olan nifrəti hamıya məlumdur. Buna görə də, heç kim İmam Səccadın (ə) Mərvan ailəsinin ən sevimli şəxs olması məsələsi bir yana, heç Mərvan ailəsinə itaət etməsi töhmətinə də inanmaz.

Zühri Aişənin dilindən rəvayət edərək deyir: "Bir gün Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) yanında idim. Bu zaman gördüm ki, Abbas ilə Əli gəlirlər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: "Aişə, bu iki nəfər mənim dinimdən kənara çıxaraq öləcəklər.”

Məlum məsələdir ki, bu hədis Həzrət Əlinin (ə) əzəmətli və parlaq mövqeyini zəiflətmək və Mərvan ailəsini razı salmaq üçün qoşulmuşdur. Yoxsa bu hədisin doğruluğuna kim inanar? Maraqlı burasıdır ki, Zühri bu hədisi Ürvə ibn Zübeyrin vasitəsi ilə Aişədən rəvayət edir, hamı da Aişənin Həzrət Əliyə (ə) qarşı nə qədər kin-küdurət bəslədiyini yaxşı bilir. Ürvə ibn Zübeyr də, bildiyimiz kimi Peyğəmbər ailəsinin düşmənlərindən olmuşdur. İbn Əbil Hədid açıq-aşkar deyir ki, Ürvə ibn Zübeyr də Müaviyənin Əbu Hüreyrə, Əmr ibn As və Müğeyrə ibn Şübə kimi Əlinin (ə) əleyhinə hədis düzəldənlərindən olmuşdur.

Zühri rəvayət edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bir gün gecə vaxtı Əli (ə) və xanım Zəhranın (səlamullahi əleyha) evinə gəlib buyurdu: "Namaz qılmırsınız?” Əli (ə) buyurdu: "Bizim ixtiyarımız Allahın əlindədir, əgər O, istəsə, bizi (bu işə) vadar edər.” Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bu sözü eşitdikdə, daha heç bir söz deməyib geri döndü. Elə bu vaxt Həzrət Əli (ə) eşitdi ki, Peyğəmbər dizinə vuraraq bu ayəni oxuyur: "İnsan isə [bütün məxluqat içərisində] ən çox mübahisə edəndir. [Haqqa boyun əyməz, öyüd-nəsihət qəbul etməyib batilə uyar.]” Zühri belə əsassız bir hadisəni rəvayət etməklə Əlini (ə) Cəbriyyə (məcburiyyət) əqidəsinə inanan və mübahisə edən bir şəxs kimi qələmə verir. Bu hədisin yalan olması o qədər aşkardır ki, daha heç bir araşdırmaya ehtiyac yoxdur. Əcəba! Kəbədə doğulub namaz mehrabında şəhid olan şəxs namaz barədə Peyğəmbərlə mübahisə edərmi?

Zühri Həzrət Əlinin (ə) dilindən belə bir hadisə nəql edir: "Mənim qoca bir dəvəm var idi. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Bədr döyüşündə ələ keçmiş qənimətləri bölərkən onu mənə vermişdi. Peyğəmbərin qızı Fatimə (səlamullahi əleyha) ilə evlənmək istəyərkən Bəni-Qəynüqa tayfasından olan boyaqçı bir kişi ilə qərara gəldim ki, çölə gedib onun köməkliyi ilə izxir otu yığıb onu boyaqçılara sataraq toy məclisi üçün tədarük görüm. Bu məqsədlə dəvələrin yükünü, ip və kisə yığmağa hazırlaşdım. Dəvələri ənsardan (Peyğəmbərin Mədinədəki silahdaşlarından) birinin evinin kənarında yatızdırmışdım. Birdən gördüm ki, dəvələrin küyünləri kəsilmiş, bellərinin üstü parçalanmış və ciyərləri çıxarılmışdır. Bu hadisəni görüb bərk narahat oldum və dedim: "Bu işi kim görmüşdür?” Dedilər ki, bu iş Həmzə ibn Əbdülmüttəlibin işidir. O, bir dəstə ənsarla oturub şərab içir, xanəndə bir kəniz də onlar üçün mahnı oxuyur. Həmzə o məclisdən ayağa qalxıb qılıncını götürərək dəvələrin küyünlərini kəsdi, bellərinin üstünü parçalayıb ciyərlərini çıxartdı. Əli (ə) deyir: "Peyğəmbərin yanına getdim. Gördüm ki, Zeyd ibn Harisə də Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) hüzurundadır. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mənim narahatçılığımı görüb buyurdu: "Nə olub?” Dedim: "Heç bu cür pis iş görməmişdim. Həmzə mənim dəvələrimin başına belə oyun açıb, indi də bir dəstə ilə bir evdə oturub şərab içir.” Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) paltarını dəyişib yola düşdü. Mən və Zeyd ibn Harisə də Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) ardınca getdik. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Həmzə oturan evə girib onu danlamağa başladı. Gördüm ki, Həmzə məstdir və gözləri qızarmışdır. O, öz baxışı ilə Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) başdan-ayağadək süzüb dedi: "Məgər siz mənim atamın nökərləri deyilsiniz?” Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) gördü ki, Həmzə məstdir, geri dönüb evdən çıxdı. Biz də onunla birgə eşiyə çıxdıq.”

Zühri belə istehzalı bir hadisəni nəql etməklə Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) Ühüd döyüşündə qanlı cənazəsinə yetmiş dəfə meyit namazı qıldığı böyük və parlaq simalı Həmzə kimi bir şəxsiyyəti laqeyd, şərabxor, təcavüzkar, zalım bir şəxs kimi qələmə verir. Belə ki, onun bu işləri heç bir əxlaqi və dini ölçülərə uyğun gəlmir. Məlumdur ki, bu nalayiq və kişilikdən uzaq olan töhmətlər Zühri tərəfindən bu məqsədlə deyilmişdir ki, Həmzəni də belə çirkinliklərə qərq olmuş Bəni-Üməyyə nümayəndələri tək pozğun bir şəxs kimi qələmə verib bu yolla öz Əməvi ağalarına günahda şərik tapmış olsun.

İmam Səccadın (ə) Zühriyə kəskin məktubu Zührinin bu cür səriştəsiz sabiqəsini nəzərə alaraq İmam Səccad (ə) ona kəskin, eyni zamanda xeyirxah və nəsihətamiz bir məktub yazdı. İndi həmin məktubun tərcüməsini oxucuların nəzərinə çatdırırıq:

"Allah bizi və səni fitnələrdən, səni (Cəhənnəm) odundan qorusun! Sən elə vəziyyətə düşmüsən ki, kim sənin bu halını başa düşsə, sənə rəhmi gəlməyə haqqı var. Allahın müxtəlif nemətləri sənə ağırlıq etmişdir. Allah sənin bədənini sağlam, ömrünü uzun etmişdir. Sən Quran, fiqh, din əhkamından və Peyğəmbər sünnəsindən xəbərdar olduğun üçün daha Allahın hüccəti sənə tamamlanmışdır...

Allah-taala "Əgər [nemətlərimin müqabilində] şükr etsəniz, yəqin bilin ki, nemətlərimi sizə daha da artıracağam, ancaq naşükürlük etsəniz, bilin ki, Mənim əzabım çox şiddətlidir” buyurmaqla sənə verdiyi bu nemətlərin müqabilində şükr etməyi vacib bilmiş və bu yolla səni sınağa çəkmişdir. İndi bax gör, sabah Allahın hüzurunda dayanıb Allah səndən soruşanda ki, Onun nemətlərinin şükrünü necə yerinə yetirdin və Onun hüccətləri qarşısında öz vəzifələrinə necə əməl etdin, onda sənin vəziyyətin necə olacaq? Belə fikirləşmə ki, Allah sənin üzrünü qəbul edib günahından keçəcək. Əsla, Allah Öz kitabında "Onu [Quranı] camaata bəyan edin və onun heç bir şeyini gizlətməyin” buyurmaqla həqiqəti camaata demələri barədə (alimlərdən) söz (əhd-peyman) almışdır.

Bunu bil, gizlətdiyin ən kiçik və boynuna götürdüyün ən yüngül şey budur ki,zalımın vəhşət və qorxusunu rahatlığa çevirdin, ona yaxınlaşaraq hər dəvətini qəbul etməklə azğınlıq yolunu onun üçün hamar etdin. Günahların nəticəsində sabah xainlərlə bir yerdə olacağından, zalımlarla əlbir olduğun üçün ələ gətirdiyin şeylər üçün sorğu-sual olunacağından çox qorxuram.

Sənin haqqın olmayan şeyləri sənə verəndə aldın, elə bir şəxsin yanına getdin ki, heç kəsin haqqını qaytarmamışdır. O, səni özünə yaxınlaşdıranda, sən heç bir batili inkar etmədin və Allahla düşmən olan bir şəxsi özünə dost tutdun. O, səni dəvət edib özünə tərəf çəkəndə (hakimlər) səni dəyirman mehvərinə çevirərək öz zülm dəyirmanını sənin ətrafında fırlatmadımı? Səni körpü qərar verib öz qanunsuz işlərinə tərəf bu körpünün üzərindən keçmədilərmi? Səni nərdivan qərar verməklə öz azğınlıq damlarına qalxmadılarmı? Sən camaatı azğınlığa dəvət edir, onların getdiyi yolu gedirsən. Onlar sənin vasitənlə alimlərdə (qəlblərində) şəkk-şübhə yaradıb cahillərin (nadanların) qəlblərini özlərinə cəlb etdilər. (Sən din pərdəsi altında onlara o qədər kömək etdin ki,) onların güclü vəzirləri və ən yaxın dostları belə sənin onları düzgün qələmə verdiyin qədər onlara xidmət göstərə bilməmiş, sənin qədər camaatın onlarla əlaqə yaratmasına səbəb ola bilməmişlər.

Sənə verdikləri (maaş,var-dövlət) səndən aldıqları (əməllərini düzgün qələmə vermək barədəki) şeyin müqabilində nə qədər dəyərsiz və ucuzdur! Sənin üçün (dünyada) abad etdikləri şey nə qədər azdır! Ancaq gör (sənin axirətini) nə qədər bərbad ediblər?!

Bax gör, nə iş görürsən, özündən muğayat ol, bunu bil ki, özündən başqa heç bir şəxs səndən muğayat olmayacaq. Öz nəfsinlə məsuliyyət daşıyan bir şəxs kimi hesab çək. Gör bu qoca vaxtında Öz nemətlərini sənin ixtiyarında qoyan Allahın şükrünü necə yerinə yetirmisən? Qorxuram ki, Allahın buyurduğu "onlardan sonra yerlərinə kitaba (Tövrata) sahib olan xələflər keçdilər. Onlar fani dünya malını alıb deyirdilər: "Biz [[[Allah]] tərəfindən] bağışlanacağıq!” ayəsi sənə də aid olsun.

Sən əbədi həyatda deyilsən, əksinə, köçməsini qabaqcadan elan etmiş bir həyatdasan. Məgər insan öz yaşıdlarından sonra bu dünyada nə qədər yaşayır? Xoş o şəxsin halına ki, dünyada (öz günahları üçün) qorxusu olsun və vay o şəxsin halına ki, özü ölür, ancaq günahları ondan sonra qalır.

Diqqətli və ayıq ol, bu yolla sənə təhlükə xətəri elan olundu. (Özünü islah etmək məqsədilə) addım at, (hələ ki) sənə möhlət verilib. Sənin tərəf müqabilin (qarşında duran) nadan deyil, sənin əməllərinin hesabını çəkən (Allah) heç vaxt (sənin bu tərəddüdlərindən) qafil olmaz. Səfərə hazırlaş, qabaqda səni uzaq bir səfər gözləyir. Qəlbin bərk xəstələnmişdir, günahlarına bir əlac et!

Elə bilmə ki, mən səni danlayıb tənə etmək istəyirəm, xeyr,istəyirəm Allah sənin keçmiş səhvlərini aradan qaldırsın, əlindən çıxmış dinini özünə qaytarsın. Burada Allahın buyurduğu "Sən [onlara Quranla] öyüd-nəsihət ver. Çünki, öyüd-nəsihət möminlərə fayda verir” ayəsi yadıma düşür.

Məgər öz yaşıdlarının ölüb getdiyini və indi tək qaldığını unutmusan? Gör, sənin düçar olduğun kimi onlar da düçar olmuşdularmı? Sənin bədbəxt olduğun kimi onlar da bədbəxt olmuşdularmı? Onların unutduqları yaxşı şeyləri sən xatırlayırsanmı? Onların bilmədiyi şeyi sən bilirsənmi? Xeyr, belə deyil, əldə etdiyin nüfuz nəticəsində avam camaatın yanında hörmət qazandın. Sənin bu vəziyyətin camaatı zəhmətə saldı. Çünki onlar sənin nəzərinə əsasən, rəftar edir, sənin əmrinə qulaq asır, halal saydığın şeyi halal, haram saydığını isə haram bilirlər. Düzdür, sənin (halal-haram məsələsində) heç bir səlahiyyətin yoxdur, ancaq onların marağını sənə cəlb edən şey onların səndə olan şeyə tamahları, alimlərinin əllərindən getmələri,nadanlığın sənə və onlara qalib gəlməsi, sənin və onların mal-dövlət fikrində olmanızdır.

Bu qədər nadanlıq və təkəbbürə qərq olduğunu və camaatın fitnə-fəsad içində yaşadığını görmürsənmi? Onları bu müsibətə salan sənsən. Camaat sənin vəziyyət və mövqeyini görməklə öz qazandıqları nəticələri unudub sənin şöhrətinin vurğunu oldular. Onlar sənin elm rütbənə, ya da sənin şöhrət və məqamına nail olmağa can atırlar. Bu yolla da sənin hərəkətlərin nəticəsində dərinliyi bilinməyən (azğınlıq) dənizində boğulub cəhətləri məlum olmayan bir bəlaya düçar oldular. Allah bizim və sənin köməyinə çatsın, həqiqətən O, (ehtiyacı olanların) köməyinə çatandır.

Keçmiş saleh bəndələrə birləşmək üçün indi bütün bu şan-şöhrətdən əl çək. Elə saleh bəndələr ki, kəfənlərə bürünüb torpağın qucağında yatmışlar, qarınları kürəklərinə yapışıb, onlarla Allah arasında heç bir maneə yoxdur, dünya onları aldatmır, onlar dünya vurğunu olmurlar. Onlar (Allahın görüşünə) ürək bağladılar, sonra da öz məbuduna (məbudun vədəsinə) dəvət olundular. Çox çəkmədi ki, (öz ölülərinə) birləşdilər. Dünya səni bu qoca yaşında, bu elmi məqamınla, bu ölüm ayağında bu cür yoldan çıxarıb öz vurğunu edirsə, bəs onda azyaşlı, nadan və zəif ruhiyyəli gənclərdən nə gözləmək olar? Biz Allahın bəndələriyik və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq. Kimə pənah aparmalı, kimdən kömək istəməliyik? Öz müsibətimizdən və səndə müşahidə etdiklərimizdən Allaha şikayət edir, sənin vasitənlə başımıza gəlmiş bu müsibətdə Allah dərgahından əcr və savab gözləyirik.

Sənə uşaqlıqda və böyüklükdə ruzi vermiş Allahın şükrünü gör necə yerinə yetirdin? Dini sayəsində səni camaat arasında həyalı etmiş Allah qarşısında necə baş əyirsən? Səni camaat arasında bükdüyü İlahi libasın hörmətini necə saxlayırsan? Ona yaxın olub əmrlərinə tabe olmağı əmr etmiş Allaha yaxınlıq, ya uzaqlıq həddin nə qədərdir? Sənə nə olub ki, qəflət yuxusundan oyanmır, günahlarından tövbə etmirsən və "Allaha and olsun, indiyədək Allaha görə heç bir hərəkət etməmişəm ki, onda Allah dinini dirçəldib, ya bir batili aradan aparmış olam” deyirsən?! Səni din elmlərinin alimi etmiş Allahın nemətlərinin şükrü budur?

Qorxuram ki, Allahın buyurduğu "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar da öz əməllərinin cəzasını alacaqlar” ayəsi sənə də aid olsun.

Allah sənə Quran (elmlərini) öyrətməklə elm və dini sənin yanında əmanət qoydu, sən isə ona xəyanət etdin. Allaha şükr edirəm ki, bizi sənin azğınlığından qorudu. Vəssalam.”


Kimsəsizlərə yardım

Imam Səccadın (ə) həyatının parlaq cəhətlərindən biri də, o Həzrətin o cür acınacaqlı və zülmlə dolu mühitdəki ictimai xidmətləridir. Bu xidmətlər, istər Hirrə faciəsi zamanı kimi Mədinənin böhranlı və qarmaqarışıq günlərində, istərsə də, kimsəsiz və miskinlərin nəvazişə ehtiyacı olub onlara tərəf lütf-mərhəmət əli uzaldılması intizarında olduqları sakitlik günlərdə, o Həzrətin ömrünün sonunadək davam etmişdir. İmam Səccadın (ə) bu cür seçilən xidmətlərindən nümunələri tarix bəyan edir:

İmam Səccad (ə) Mədinənin yüz kasıb ailəsini dolandırırdı.

Mədinə əhalisinin bir dəstəsi güzəranlarını gecə vaxtı onlara gətirilən yeməklə keçirirdilər. Ancaq yemək gətirənin kim olduğunu bilmirdilər. İmam Səccad (ə) vəfat etdikdən sonra başa düşmüşdülər ki, gecə vaxtı onlar üçün yemək-içmək gətirən şəxs İmam Səccad (ə) olmuşdur. O, gecələr naməlum şəkildə çörək, yemək və s. şeyləri şəxsən öz çiyninə atır, kimsəsizlərin qapısına aparıb buyurardı: «Gizli verilən sədəqə Allahın qəzəb odunu söndürür.»

Mədinə camaatı deyirdi: Əli ibn Hüseyn (ə) öləndən sonra biz gizli verilən sədəqəni əldən çıxartdıq.

İmam Səccad (ə) şəxsən un və digər ərzaqla dolu olan kisələri o qədər çiyninə atıb kimsəsizlər üçün aparmışdı ki,onun çiyni əzilərək qabar bağlamışdı. O Həzrətin şəhadətindən sonra ona qüsl verərkən bu qabarlar orada olanların fikrini cəlb etmiş, onun səbəbini soruşduqda, "bu, yemək kisələrini çiyninə atıb kimsəsizlər üçün aparmağın nəticəsidir” cavabı eşitmişdilər.

var container = document.getElementById('nativeroll_video_cont'); if (container) { var parent = container.parentElement; if (parent) { const wrapper = document.createElement('div'); wrapper.classList.add('js-teasers-wrapper'); parent.insertBefore(wrapper, container.nextSibling); } }
Bölmə: İslam | Yükləyən: Farmakoloq
Baxış Sayı: 798 | Yüklənib: 0 | Reytinqi: 3.0/2
Bütün Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Dost Saytlar
Statistika

Bütün istifadeçilər 1
Qonaq 1
İstifadəçi 0