Cümə, 22.11.2024, 15:46
Salam Qonaq

Farmakoloq.tk
Sayta Giriş
Bölmələr
Axtarış
Əsas Səhifə » Fayl » İslam

İmam Hüseyn
26.05.2010, 12:57


Həyatı

Həzrət Hüseyn (ə) hicrətin dördüncü ili Şaban ayının üçü (ya dördü) Mədinə şəhərində dünyaya gəlmişdir. O, Həzrət Əli (ə) və Peyğəmbər qızı xanım Zəhranın (s.ə.) ikinci övladı idi.

Hüseyn ibn Əli (ə) öz həyatı boyu zülm və haqsızlığa qarşı mübarizədə şücaət və azadlıqsevərliyi ilə məşhur olmuşdur.

Hüseyn ibn Əli (ə) uşaqlıq dövrünün altı ilini babası Peyğəmbərin (s) yanında keçirmişdir. Peyğəmbərin (s) vəfatından sonra otuz il atası Əli (ə) ilə birgə yaşamış və Əlinin (ə) hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak etmişdir. Əlinin (ə) şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) siyasi və ictimai səhnələrdə qardaşı Həsən ibn Əli (ə) ilə çiyin-çiyinə çalışmışdır. İmam Həsənin (ə) şəhadətindən sonra (hicrətin əllinci ilindən) on il müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründəki İslami vəzifələr İmam Hüseynin (ə) boynuna düşmüşdür. Müaviyənin ölümündən sonra hakimiyyət başına gələn Yezidin dövründə inqilab etmiş və nəhayət, hicrətin 61-ci ili məhərrəm ayının onunda Kərbəla çölündə şəhid olmuşdur.

İmam Hüseynin (ə) həyat mərhələlərinin sonuncusu, yəni, o Həzrətin İmamət dövrü onun həyatının ən əsas hissəsi hesab olunur.


Hüseyn ibn Əlinin (ə) imamətdən qabaqkı mübarizələri

Hüsyen ibn Əli (ə) gənclik dövründən başlayaraq İslam hökumətinin əsl yolundan döndüyünü müşahidə etdiyi vaxtdan atasının siyasi mövqeyini himayə etmiş və ona tabe olmuşdur. Bir gün İmam Hüseyn (ə) Ömər ibn Xəttabın hakimiyyəti dövründə məscidə girib gördü ki, Ömər minbərdə oturmuşdur. Bunu görcək, tez minbərin başına qalxıb Ömərə dedi: «Mənim atamın minbərindən aşağı düş və get öz atanın minbərində otur.» Ömər özünü itirmiş halda dedi: «Mənim atamın minbəri olmayıb.» Sonra Ömər onu yanında əyləşdirdi. Minbərdən düşdükdən sonra İmam Hüseyni (ə) öz evinə aparıb ondan soruşdu: «Bu sözü sənə kim öyrədib?» İmam Hüseyn (ə): «Heç kim» –deyə cavab verdi.

İmam Həsənin (ə) Müaviyə ilə sülh müqaviləsi

Əgər İmam Hüseyn (ə) Müaviyənin dövründə qiyam etsəydi, Müaviyə İmam Həsənin (ə) onunla bağladığı və İmam Hüseynin (ə) da təsdiqlədiyi sülh müqaviləsini bəhanə gətirib İmam Hüseyni (ə) sülh müqaviləsini pozmaqda ittihamlandıracaqdı. Çünki hamı bilirdi ki, İmam Həsən (ə) və İmam Hüseyn (ə) nə qədər ki, Müaviyə sağdır, onun hökuməti qarşısında sükut edəcəklərinə və heç bir qiyama əl atmayacaqlarına söz veriblər. Əgər belə bir vaxtda İmam Hüseyn (ə) qiyam etsəydi, Müaviyə İmamı vəzifətələb və əhd-ilqar sındıran bir şəxs kimi qələmə verərdi. Düzdür, İmam Hüseyn (ə) Müaviyə ilə bağlanan müqaviləyə əməl etməyi vacib bilmirdi. Çünki bu müqavilə azad,könüllü və ixtiyari şəkildə deyil,məcburiyyət qarşısında və danışıqların heç bir fayda verməyəcəyi bir dövrdə bağlanmış bir müqavilə idi. Bundan əlavə, artıq Müaviyənin özü müqaviləni pozmuş və daha müqavilənin şərtlərinə riayət etmirdi. Deməli, belə bir müqaviləyə (baxmayaraq ki, əslində düzgün müqavilədir) İmam Hüseyn (ə) əhəmiyyət verməzdi. Çünki Müaviyə özü onu pozmuş və onun pozulmasında əlindən gələni əsirgəmirdi. Ancaq nə qədər müqavilə var idi, Müaviyə onunla İmam Hüseynin (ə) qiyamına qarşı bəhanə gətirə bilərdi. Digər tərəfdən də baxmalıyıq ki, görək camaatın İmam Hüseynin (ə) qiyamı barədə fikri necədir?

Məlumdur ki, İmam Hüseynin (ə) dövründəki camaatda qiyam həvəsi yox idi. Onlar qılınclarını açıb kənara qoymuşdular. Salamatçılıq ardınca olan bu camaatın beynində təbii ki, İmam Hüseyn (ə) Müaviyə ilə sülh bağlayıb (sülhə razı olub), indi də ona əməl etməlidir fikirləri dolanırdı. Deməli, belə bir vaxtda əgər İmam Hüseyn (ə) qiyam etsəydi, Müaviyə onun qiyamını qeyri-qanuni və sülh müqaviləsinin əksinə olan bir üsyan kimi qələmə verəcəkdi. Əvvəldə də qeyd etdik ki, o dövrün camaatında qiyam həvəsi olmadığına görə onlar da Müaviyənin sözlərini təsdiqləyəcəkdilər.


Müaviyənin dini jesti

İmam Hüseynin (ə) Yezidin dövründə etdiyi inqilab o qədər qüvvətli idi ki, camaatın qəlbində əbədi qalmışdır. Müşahidə etdiyimiz kimi üstündən neçə əsrlər keçməsinə baxmayaraq, camaat indi də Kərbəla şəhidlərini özləri üçün örnək, nümunə qərar verərək fədakarlıq,qəhrəmanlıq meydanlarında onlardan ilham alırlar. Əgər İmam Hüseyn (ə) Müaviyənin dövründə qiyam etsəydi, çox ehtimal ki, onun qiyamı belə nəticə verməyəcəkdi. Bu məsələnin sirrini Müaviyənin nüfuzu, hoqqabazlığı, hiyləsi və dini jestində və onun müşkülatı həll etməkdə seçdiyi xüsusi yolda axtarmaq lazımdır. Düzdür, Müaviyə hökumətində İslamı tamamilə təhrif etmiş, Bəni–Üməyyəni İslamın sadə hökumətinin əvəzinə hökumətə gətirmiş və İslami cəmiyyəti qeyri-İslami cəmiyyətə çevirmişdi. Ancaq o, bunu da yaxşı bilirdi ki, camaata İslam adı altında rəhbərlik etdiyi üçün dinə zidd olan işlər görməməlidir. Əksinə o, həmişə çalışırdı ki, öz işlərinə dini ad qoysun. Bununla da gördüyü işləri tutduğu mövqeylə uyğunlaşdırırdı. Şəri görülməsi mümkün olmayan işləri isə gizlində görürdü. Bəzi tarixi sənədlər göstərir ki, Müaviyə dinsiz və heç nəyə inanmayan bir insan olmuşdur. Belə ki,özü elə də əməlli və düzgün adam olmayan Müğeyrə ibn Şübə Müaviyənin xüsusi məclislərində onun özündən eşitdiyi sözlər barədə fikirləşərək narahat olub deyirdi: «Müaviyə camaat arasında ən pis adamdır.» Ancaq bununla belə, Müaviyənin dinin bəzi zahiri işlərinə riayət etməsi onun əsl mahiyyətini anlamaqda camaat üçün çox çətin olmuşdu. Müaviyə öz hökumətini dini hökumət kimi göstərmək üçün vəziyyət və şəraitdən lazımi qədər istifadə edirdi. O, bir tərəfdən Osmanın qisasını bəhanə edir, digər tərəfdən də, Əbu Musa Əşəri ilə Əmr ibn As arasında gedən danışıqlardan, İmam Həsən (ə) ilə sülh bağladıqdan və camaatın onunla beyət etməsindən sonra özünü camaatın gözündə xəlifəliyə layiq qələmə verirdi. Buna əsasən, əgər İmam Hüseyn (ə) onun dövründə qiyam etsəydi, Müaviyə asanlıqla İmamın (ə) qiyamını haqqın batilə qarşı qiyamı kimi yox,hökumət və vəzifə üstündə siyasi mübarizə kimi qələmə verəcəkdi.

Yezidin vəliəhdliyinə qarşı mübarizə

Müaviyə Yezidi vəliəhd təyin etmək məqsədi ilə irəli sürdüyü siyasəti davam etdirərək Mədinə şəhərinin camaatından, xüsusən də, başda İmam Hüseyn (ə) olmaqla şəhərin adlı-sanlı şəxsiyyətlərindən Yezid üçün beyət almaq məqsədi ilə Mədinə şəhərinə gəldi. Müaviyə Mədinəyə gəldikdən sonra İmam Hüseyn (ə) və Abdullah ibn Abbasla görüşüb söhbət əsnasında Yezidin vəliəhdliyi məsələsini ortaya atdı. O, çalışırdı ki, onları bu işə razı salsın. İmam Hüseyn (ə) Müaviyənin bu sözü qarşısında bir müqəddimə (ön söz) qeyd etdikdən sonra sözə belə başladı:

«Sən özünü üstün tutmaqla ifrata düçar olmusan. Camaatın ümumi malını qəsb etməklə zülm etmisən! Sən camaatın malını onların özlərinə qaytarmaqdan çəkindin və bu işdə xəsislik etdin. Açıq-aşkar o qədər qarətlər etdin ki, öz həddini aşdın. Haqq sahiblərinin haqqını özlərinə qaytarmadığın üçün Şeytan (səni yoldan çıxarmaqda) öz arzusuna çatdı. Yezid üçün saydığın fəzilətləri və İslam ümmətini idarə etmək üçün qeyd etdiyin ləyaqətləri başa düşdüm. Sən camaata elə adamı tanıtdırmaq istəyirsən ki, elə bil camaat onun həyat sabiqəsini tanımır. Sanki, burada olmayan bir nəfərdən xəbər verirsən ki, camaat onu görməyib. Elə bil ki, onu ancaq sən tanıyırsan. Xeyr, Yezid öz batinini açıb aşkar etmişdir. Yezidi olduğu kimi tanıtdır. Yezid itbaz, quşbaz və keyf adamıdır. O, ömrünü çalmaq, oxumaq və əyyaşlıqla keçirir. Yezidi bu cür tanıtdır. Bu boş təbliğlərini kənara qoy! Bu ümmətin müqabilində boynuna yığdığın öz günahların bəsdir. Elə bir iş görmə ki, Allah qarşısında günahların bundan da ağır olsun. Sən o qədər öz batil və zülm yoluna davam edib ağılsızlıq, düşüncəsizlik üzündən zülmlər etdin ki, artıq camaatın səbr kasasını doldurmusan. İndi səninlə ölüm arasında bir göz qırpımından artıq vaxt qalmayıb. Bunu bil ki, sənin bütün əməllərin Allah yanında qorunub saxlanır və sən onlardan ötrü cavab verməli olacaqsan.»



İmam Hüseynin (ə) Müaviyəyə yazdığı tarixi cavab

İmam Hüseyn (ə) Müaviyənin məktubunun cavabında belə yazdı:

«Sənin məktubunu aldım. Yazmısan ki, mənim barəmdə sənə bəzi xəbərlər çatır və sən məni o işlərə layiq görmürsən. Bunu deyim ki, insanı yaxşı işlərə tərəf cəlb edən və yaxşı işlər görməyə kömək edən yalnız Allahdır. Mənim barəmdə sənin qulağına çatmış xəbərlərin hamısı boş və əsassız sözlərdir. Bu sözləri sənin yalan danışan yaltaqların özlərindən deyirlər. Bu dinsiz yalançılar yalan demişlər. Mən sənə qarşı nə döyüş tədarükü görmüşəm, nə də sənə qarşı qiyam etmək məqsədim var. Sənin özünün və dinsiz, zalım və Şeytanın qardaşları olan dostlarının əleyhinə qiyam etməməyimin səbəbi də Allahdan olan qorxumdur.

Hicr ibn Ədiyy və dostlarının qatili sən deyilsən? Onların hamısı namaz qılan, Allaha itaət edən insanlar idi. Onlar bidətlərə qarşı mübarizə aparan şəxslər idi. Onların işi yalnız əmr be-məruf və nəhy əz-münkər idi. Sən onlara aman verdikdən, keçmiş işlərinə görə onlara heç bir əziyyət verməyəcəyinə and içdikdən sonra andını pozaraq onları vəhşicəsinə qətlə yetirdin. Bu işinlə Allaha hörmətsizlik edib öz əhdini pozdun.

Təqvalı müsəlman, ibadətin çoxluğundan bədəni zəifləmiş Əmr ibn Həmiqi sən öldürmədinmi? Sən onlara əziyyət verməyəcəyin barədə söz verib əhd bağladıqdan sonra onları öldürdün. Əgər o əhd-peymanı çöl ceyranlarına da versəydin, dağlardan aşağı enərdilər.

(Süməyyənin oğlu) Ziyadı özünə qardaş edən və onu Əbu Süfyanın oğlu qələmə verən sən deyilsənmi? Halbuki Peyğəmbər (s) buyurmuşdur: «Uşaq ataya bağlıdır, zinakar isə daşqalaq edilməlidir.» (Ziyad da zinadan olmuş bir insan idi.) Kaş iş bununla sona yetəydi. Ancaq belə olmadı. Hələ bu azmış kimi Süməyyənin oğlunu özünə qardaş elan etdikdən sonra müsəlmanların başı üstünə gətirdin. O da sənin gücünə arxalanaraq müsəlmanları öldürdü. Əl-ayaqlarını kəsdi, onları xurma ağaclarından asdı.

Ey Müaviyə! Sən müsəlmanların vəziyyətini elə çətinləşdirdin ki, elə bil heç sən bu ümmətin adamı və bu ümmət də sənin camaatın deyil.

Həzrəmini öldürən sən deyilsənmi? Onun günahı bu idi ki, Ziyad sənə xəbər vermişdi ki, o, Əlinin (ə) şiələrindəndir. Əlinin (ə) dini elə əmisi oğlu Məhəmmədin (s) dinidir. İndi sən həmən din adı ilə camaata başçılıq edirsən. Əgər bu din olmasaydı, sən və əcdadın indi də cahiliyyət içində yaşayardınız. Sizin ən şərəfli işiniz ildə iki dəfə - yayda və qışda Yəmən və Şama getmək idi. Ancaq Allah biz Əhli-beytin sayəsində sizi bu acınacaqlı yaşayışdan qurtardı.

Ey Müaviyə! Sənin sözlərindən biri də bu idi ki, deyirsən mən camaat arasında ixtilaf və fitnə yaratmayım. Mən bu ümmət üçün sənin hökumətindən böyük fitnə tanımıram.

Sözlərindən bir başqası bu idi ki, deyirsən rəftarımdan muğayat olum və öz dinimi və Məhəmməd (s) ümmətinin dinini qoruyum. (Mən öz vəzifəmi düşünüb özümün və Məhəmməd (s) ümmətinin dininə fikir verəndə) səninlə vuruşmaqdan böyük vəzifə görmürəm. Bu vuruş Allah yolunda cihad olacaq. Əgər (bəzi səbəblər üzündən) sənə qarşı qiyam etməkdən çəkinirəmsə, bunun üçün Allahdan üzr istəyirəm. (Çünki ola bilər mənim bu səbəblərim Allah dərgahında üzürlü sayılmaya.) Allahdan istəyirəm ki, məni Özü razı olan işə yönəltsin.

Ey Müaviyə! Sənin sözlərindən biri də bu idi ki, əgər sənə pislik etsəm, sən də mənə pislik edəcəksən, səninlə düşmənçilik etsəm, sən də mənimlə düşmənçilik edəcəksən. Qoy bunu deyim ki, bu dünyada yaxşı insanlar daima pis insanların düşmənçiliyi ilə üzləşiblər. Mən ümid edirəm ki, sənin düşmənçiliyin mənə bir ziyan vurmayacaq, pis fikirlərinin ziyanı hamı özünə deyəcək və öz əməllərini məhv edəcək. Elə isə nə qədər bacarırsansa, düşmənçilik et.

Ey Müaviyə! Allahdan qorx, bil ki, bütün günahların, istər böyük, istərsə də kiçik Allah yanında qorunub saxlanır. Bunu da bil ki, Allah sənin törətdiyin cinayətləri, sırf güman nəticəsində camaatı qətlə yetirməyini, ittiham edərək onları tutub həbs etməyini, şərabxor və itbaz bir uşağı hökumət başına gətirməyini heç vaxt unutmayacaq. Sən bu işinlə özünü fəlakətə saldın (öz başına iş açdın), öz dinini əlindən verdin və millətin hüququnu tapdaladın.»

2) İmam Hüseynin (ə) böyük həcc mərasimində ifşaedici və sərt çıxışı Müaviyənin ölümündən bir (ya da iki) il qabaq onun hökumətinin şiələrə qarşı əzab-əziyyət və işkəncələrinin kulminasiya nöqtəsinə çatdığı bir dövrdə İmam Hüseyn (ə) həcc ziyarətinə getdi. Abdullah ibn Abbas və Abdullah ibn Cəfər də o Həzrətlə idilər. O vaxt camaat arasında təqva, xeyir və paklıqla tanınan Peyğəmbərin (s) səhabələri, tabein və bütün Bəni Haşim nümayəndələri İmam Hüseynin (ə) Minadakı çadırına yığışmaq istədilər. İki yüz nəfər Peyğəmbər səhabəsi və yeddi yüz nəfər tabein İmam Hüseynin (ə) çadırının yanına toplaşdı. İmam Hüseyn (ə) ayağa qalxıb aşağıdakı məzmunda bir çıxış etdi:

«Gördünüzmü bu zalım və qəddar kişi biz və şiələrimizlə necə rəftar etdi? Mən indi bəzi məsələlərə toxunmaq istəyirəm. Əgər (dediklərim) düz olarsa, təsdiq edin, yox əgər yalan olarsa, təkzib edin. Mənim sözlərimi eşidin və danışığımı yazın. Elə ki, öz şəhərlərinizə qayıtdınız, mənim sözlərimi etibarlı və inanılmış şəxslərə çatdırın və onları bizə tabe olmağa dəvət edin. Mən bundan qorxuram ki, bu məsələ (camaatın biz Əhli-beyt tərəfindən idarə olunması) tamamilə unudula və haqq məğlub olub aradan gedə.»

Sonra İmam (ə) atasının və Əhli-beytin parlaq sabiqəsini, onların fəzilətlərini sadaladı və Müaviyənin hökumətinin bidətlərini, cinayətlərini və İslama zidd olan hərəkətlərini açıqladı. Beləliklə də, Müaviyənin pozğun hökumətinə qarşı böyük bir təbliğ edərək qiyam üçün zəminə yaratdı.

Dördüncü əsrin (hicri tarixi ilə) görkəmli alimi Həsən ibn Əli ibn Şübə «Tühəfül-üqul» kitabında İmam Hüseyndən (ə) tarixi və harada söylənildiyi məlum olmayan bir xütbə qeyd etmişdir. Ancaq bəzi nişanələrdən və xütbənin məzmunundan məlum olur ki, bu xütbə elə İmam Hüseynin (ə) Minada (həcc mərasimində) buyurduğu xütbədir. İndi həmən xütbəni mövzumuza münasib bilib bəzi hissələrinin tərcüməsini oxucuların nəzərinə çatdırırıq:

«...Ey qüdrətli kişilər! Siz camaat arasında elmlə, xeyirxahlıqla tanınmış adamlarsınız. Siz Allahın dini sayəsində camaatın qəlbində yer tapmısınız. Şərəfli insanlar sizlərdən ad aparır, zəiflər sizə hörmət edirlər. Sizinlə bərabər olan insanlar onlara heç bir minnətiniz olmadığı halda, sizi özlərindən üstün hesab edirlər...

Mən (sizin keçmişinizdən və imanınızdan xəbərdar olub) sizin Allahın boynuna minnət qoyduğunuz üçün Allah tərəfindən sizə əzab gəlməsindən qorxuram. Çünki siz başqalarının çatmadığı böyük məqamlara çatmısınız. Buna görə də, başqalarından üstünsünüz. Yaxşı və pak insanlara hörmət etmirsiniz. Halbuki, siz özünüz Allaha xatir camaat arasında hörmət sahibi olmusunuz.

Allahın qayda-qanunlarının, əhdinin pozulmasını siz öz gözlərinizlə görürsünüz. Ancaq bundan heç qorxmursunuz. Öz atalarınızın əhd-peymanının pozulmasından təşvişə düşürsünüz, ancaq peyğəmbərin əhdinin pozulmasından, ona qarşı hörmətsizlik olmasından heç narahat olmursunuz. Kor, lal, çolaq insanlar İslam ölkəsində başsız qalmış və onlara heç bir rəhm olunmur. Siz öz məqam və mövqeyinizin müqabilində heç bir iş görmür, bu yolda öz vəzifəsini yerinə yetirən adama da kömək etmirsiniz. Zalımlarla saziş bağlayıb özünüzü rahat edirsiniz. Allah, pis işlərdən çəkinməyi və camaatı pisliklərdən qorumağı əmr etmişdir, ancaq siz bundan qafilsiniz. Siz - ümmət alimlərinin müsibəti hamıdan çoxdur. Çünki din alimlərinin məqamı qəsb olunmuşdur. Kaş ki, bunu başa düşəydiniz.

Hökuməti Allahın ehkamından xəbərdar olan, halal-haramı tanıyan adam ələ almalıdır. Bu məqama siz layiq olduğunuz halda, onu sizin əlinizdən alıblar. Bu məqamı o vaxt sizin əlinizdən aldılar ki, siz haqqın ətrafından uzaqlaşdınız. Açıq-aşkar sübutlar ola-ola Peyğəmbər sünnəsində ixtilaf yaratdınız. Əgər Allah yolunda müşkülata qatlaşıb əzab-əziyyətə dözsəydiniz, indi hökumət sizin əlinizdə olar və bütün işlərə siz nəzarət edərdiniz. Ancaq siz zalımları öz işlərinizə rəhbər tutdunuz və Allahın əmanətini (hökuməti) onlara verdiniz. Onlar da halalı harama qatıb öz həvayi-həvəslərinə məşğul oldular. Onları hökumətə gətirən ancaq sizin ölümdən qaçıb bir-iki günlük həyata bel bağlamağınız oldu. Siz vəzifənizdə bu cür tənbəllik etməklə məzlumları onlara əlaltı etdiniz. Onlar da bunun nəticəsində bir dəstəni özlərinə nökər, xidmətçi, bir dəstəni isə daima acınacaqlı həyat sürməyə məcbur etdilər. Onlar zalımlara itaət edərək Allah qarşısında süstlük etmək nəticəsində hökuməti öz meylləri əsasında idarə edib həvayi-həvəsə tabe oldular. Onlar bütün şəhərlərdə (öz məqsədlərinə nail olmaq üçün) minbər başına təbliğatçılar göndərirlər. İslam ölkəsi tamamilə onların ixtiyarındadır. Əlləri hər yerdə açıqdır və camaat onların nökərinə çevrilmişdir. Bu çarəsiz camaata hər hansı istədikləri zülmü edirlər, camaat isə özünü müdafiə edə bilmir. Onların bəziləri elə zalımdırlar ki, hər bir məzluma əziyyət verir, bəziləri elə hakimlərdir ki, heç insanı dirildən və öldürən Allaha da etiqadı yoxdur.

Bu vəziyyət çox təəccüblüdür! Necə təəccüb etməyim, halbuki ölkə zalım və dılğır bir şəxsin ixtiyarındadır və o möminlərə ürəyi yanmadan və rəhmsizcəsinə başçılıq edir. Aramızdakı bəzi ixtilaflara Allah Özü hakimdir və Öz hökmü ilə qəzavət edir.

İlahi! Bizim hərəkətimiz (qiyamımız) nə hökumət başına gəlmək üçündür, nə də mal-dövlətə yiyələnmək üçün. Məqsədimiz yalnız budur ki, Sənin dininin nişanələrini camaata göstərək və islahatı İslam ölkəsində həyata keçirək. Qoy bunun nəticəsində məzlum bəndələr zalımlar əlindən amanda olsunlar və Sənin ehkamın və peyğəmbərin sünnəsi həyata keçsin.

İndi (ey ümmətin qabaqcılları) əgər siz mənə kömək etməsəniz, zalımlar sizə qalib gələcək və peyğəmbərimizin nurunu söndürmək üçün çalışacaqlar...»

3) Dövlət əmlakının müsadirə edilməsi Elə həmən günlərdə bir qədər beytül-mal daşıyan bir karvan Yəməndən çıxıb Mədinəni keçərək Şama tərəf gedirdi. Bundan xəbər tutan İmam Hüseyn (ə) karvanın qarşısını kəsib malları müsadirə edərək onu Bəni–Haşim yoxsulları və digər yoxsullar arasında bölüşdürdü. Sonra aşağıdakı məzmunda Müaviyəyə bir məktub yazdı:

«Yəməndən gələn karvan buradan keçirdi. Onlar sənin üçün pul, müxtəlif parçalar və ətriyyat gətirirdilər ki, sən onları alıb Dəməşq xəzinəsinə tökəsən və sonra onları qarın və cibləri indiyədək beytül-mal yeməkdən dolan qohumların arasında bölüşdürəsən. Mənim o mallara ehtiyacım var idi, ona görə də, onları müsadirə etdim. Vəssəlam!»

Müaviyə İmamın bu hərəkətindən bərk narahat olub İmama qəzəbli bir məktub yazdı.

Şübhəsiz ki, İmamın bu hərəkəti Müaviyənin hökumətinin qanunsuz və qeyri-şəri tanıtdırması yolunda atılmış aşkar addım hesab olunur. Elə bir zamanda da belə bir hərəkəti görməyə İmam Hüseyndən (ə) başqa heç kim cürət etməzdi.

Aşura inqilabının mahiyyəti və səbəbləri İmam Hüseynin (ə) inqilabı barədə bir sıra suallar vardır ki, o Həzrətin inqilabının səbəblərinin aydın olması məhz o sualların cavabından asılıdır. Suallar belədir:

1.Əgər Yezid İmam Hüseyndən (ə) beyət almaq üçün onu sıxışdırmasaydı, İmam Hüseyn (ə) yenə qiyam edəcəkdi?

2.Kufə camaatı İmam Hüseyni (ə) Kufəyə dəvət etməsəydi, yenə bu qiyam baş verəcəkdi?

3. Bu qiyam və çevriliş bu günkü zəmanədə materialistlərin irəli sürdüyü kor-korana və hesabsız ictimai partlayışdır, yoxsa hesab-kitablı və əvvəlcədən hazırlıqlı bir qiyam?

Bu sualların cavablarının aydın olması üçün əvvəlcə bunu qeyd etməliyik ki, adətən təkmahiyyətli olan təbii şeylərdən fərqli olaraq ictimai hadisələr ola bilsin bir neçə mahiyyətə malik olsun. Məsələn, bir filiz eyni zamanda həm qızıl, həm də mis mahiyyətini daşıya bilməz. Ancaq ictimai hadisələrin eyni zamanda həm bir neçə cəhəti ola bilər və həm də onun meydana çıxmasında bir neçə vasitə təsir göstərə bilər. Məsələn, bir inqilab ola bilər bir işə qarşı reaksiya olsun, yəni, onun mahiyyəti bir işə qarşı reaksiyadan ibarət olur. Lakin eyni zamanda həmin inqilabın hücum mahiyyəti də ola bilər. Üstəlik reaksiya mahiyyəti daşıdığı anda ola bilər bir hadisəyə qarşı mənfi reaksiya versin, digər bir hadisəyə isə müsbət reaksiya.

İmam Hüseynin (ə) inqilabı da bu cür hadisələrdən idi və bu cəhətlərin hamısı onda mövcud olmuşdur. Çünki həmən inqilabın müxtəlif səbəbləri olmuşdur. İndi həmən səbəbləri sizin nəzərinizə çatdırırıq.

İmam Hüseynin (ə) inqilabının səbəbləri Aşağıda qeyd edəcəyimiz üç səbəbin İmam Hüseynin (ə) inqilabında böyük təsiri olmuşdur:

1.İmam Hüseyndən (ə) Yezid üçün beyət almaq və bu məqsədlə İmam Hüseynə (ə) təzyiqlər göstərmək;

2.Kufə camaatının İmam Hüseyni (ə) İraqa (Kufəyə) dəvət etməsi;

3.Əmr be-məruf və nəhy əz-münkər amili. İmam Hüseynin (ə) Mədinədən çıxdığı andan şüarı da məhz bu olmuşdur.

İndi bu səbəblərin hər birini ayrı-ayrılıqda izah edəcəyik. Bununla da, İmam Hüseynin (ə) inqilabının bu səbəblərini nəzərə alaraq hansı mahiyyət daşıdığını və bu səbəblərin inqilabın yaranmasında nə qədər təsir göstərdiyini biləcəyik.


1. Yezidə beyət etməyə qarşı müxalifət

Zaman nöqteyi-nəzərindən İmam Hüseynin (ə) inqilabının ilk səbəbi, Yezidin hökuməti tərəfindən İmam Hüseyndən (ə) beyət istəmək və o Həzrətin bununla müxalifəti olmuşdur. Tarixçilərin dediyi kimi hicrətin altımışıncı ili rəcəb ayının on beşində Müaviyə öldükdən sonra Yezid Mədinənin valisi Vəlid ibn Ütbə ibn Əbu Süfyana məktub yazdı ki, İmam Hüseyndən (ə) onun üçün beyət alsın və bu işi əsla yubatmasın. Məktub çatan kimi Mədinənin valisi İmam Hüseyni (ə) çağırtdırıb onu məsələdən agah etdi. Hələ Müaviyənin sağlığında Yezidin vəliəhdliyi ilə müxalif olan İmam Hüseyn (ə) bu dəfə də beyətdən boyun qaçırtdı. Çünki Yezidə beyət etmək təkcə Yezid kimi alçaq bir şəxsin hakimiyyətini təsdiqləmək deyil, həm də əsasını Müaviyə qoymuş diktatura rejimi kimi böyük bir bidəti təsdiqləmək demək idi.

Mədinənin hakimi tərəfindən bir neçə gün təzyiqlər davam etdi. Ancaq bu təzyiqlər Hüseyn ibn Əlinin (ə) müqavimətini qıra bilmədi. Təzyiqlərin artması nəticəsində İmam Hüseyn (ə) rəcəb ayının iyirmi səkkizində ailəsi və Bəni–Haşimdən olan bir dəstə ilə birlikdə Mədinəni Məkkə məqsədi ilə tərk etdi və şəban ayının üçü Məkkəyə çatdı. Şəhərlər arasından məhz Məkkəni seçməyin səbəbi oranın əmin-amanlıq yeri olması idi. Bundan da əlavə, qarşıdan həcc mərasimi gəlirdi. Hacıların tez bir zamanda Məkkəyə yığılacağını nəzərə aldıqda, bu şəhər İmam Hüseynin (ə) öz məqsədini müsəlmanlara çatdırması üçün ən münasib yer idi.

İmam Hüseynin (ə) inqilabı bura qədər reaksiya mahiyyəti daşıyırdı. Özü də qeyri-şəri bir istəyə qarşı mənfi reaksiya. Çünki Yezid hökuməti ondan zor gücünə beyət almaq istəyir, amma İmam Hüseyn (ə) da buna razı olmurdu. Hər necə olur-olsun, bu məsələ məlumdur ki, İmam Hüseyni (ə) Kufə əhalisi dəvət etməzdən qabaq o Həzrət Yezid hökumətinin təzyiqlərinə qarşı müxalifət edirdi. Əgər Kufə əhalisinin dəvəti olmasaydı da, İmam Hüseyn (ə) Yezidə beyət etməyəcəkdi.


2. Kufəlilərin dəvəti

İmam Hüseyn (ə) şəban ayının üçündə Məkkəyə çatıb orada düşərgə saldı və hökumətin əsl mahiyyətini açıb söyləməyə məşğul oldu. İmam Hüseynin (ə) Yezidin hökumətinə qarşı müxalifəti və onun Məkkədə düşərgə salması xəbəri İraqa çatdı. Təxminən iyirmi il qabaq Həzrət Əlinin (ə) ədalətli hakimiyyəti yadında qalmış, o Həzrətin təlim-tərbiyəsi hələ tamamilə yadlarından çıxmamış Kufə əhalisi, o Həzrətin böyütdüyü yetimlər və himayəsinə aldığı dul qadınlar bir yerə toplaşaraq vəziyyəti yoxladıqdan sonra qərara gəldilər ki, Yezidin hakimiyyətinə qarşı çıxaraq İmam Hüseyni (ə) Kufəyə dəvət edib ona itaət etsinlər.


Bu müzakirədən sonra Kufə şiələrinin başçıları, o cümlədən, Süleyman ibn Sürəd, Müsəyyib ibn Nəcəbə, Rüfaə ibn Şəddadi Bəcəli və Həbib ibn Məzahir İmam Hüseynə (ə) məktub yazıb onu dəvət etdilər ki, İraqa gəlib onlara rəhbərlik etsin. İlk məktub hicrətin altımışıncı ili ramazan ayının onunda İmam Hüseynə (ə) çatdı.

Hər gün Kufənin müxtəlif şəxsiyyət və dəstələri tərəfindən məktublar gəlməkdə davam edirdi. Belə ki, İmam Hüseynə (ə) təkcə bir gündə altı yüz məktub gəlib çatdı. Məktubların ümumi sayı təxminən on iki minə çatırdı.İmam Hüseyn (ə) camaatın müsbət reaksiya göstərməsini, məktubların axınını və istəkləri nəzərə alaraq iraqlıların dəvətinə müsbət cavab verməyi qərara aldı. Buna görə də, əmisi oğlu Müslim ibn Əqili oranın vəziyyətini araşdırıb nəticəni ona xəbər vermək üçün İraqa göndərdi. Əgər (İraq) Kufə camaatı əməldə, yazdıqlarına vəfalı qalacaqdılarsa, İmam (ə) özü də ora yola düşəcəkdi.

Göründüyü kimi İmam Hüseynin (ə) kufəlilərin dəvətinə qarşı münasibəti və münasibətin mahiyyəti müsbət olmuş və iraqlılarla bir növ həmkarlıq xüsusiyyəti daşımışdır. Tarixi faktlardan məlum olur ki, İmam Hüseynin (ə) Məkkədə Yezidin hökumətinə beyət etməməkdən başqa vəzifəsi yox idi. Onu da yerinə yetirmişdi. (Yəni, beyət etməkdən imtina etmişdi.) Ancaq Kufə camaatının dəvəti hadisəyə təzə bir cəhət verdi və İmam Hüseyn (ə) üçün yeni bir məsuliyyət ortaya çıxdı. Elə bil İmam Hüseyn (ə) belə bir nəticəyə gəldi ki, əgər Kufə camaatı bu cür həvəslə məni dəvət edirsə, onda mən də İraqa getməliyəm. Əgər vədələrinə vəfa etsələr, çox yaxşı, əgər vəfa etməsələr, onda yenə də Məkkəyə qayıdaram, ya da başqa bir İslami məntəqəyə gedərəm.

Buna əsasən, zaman nöqteyi-nəzərindən İmam Hüseynin (ə) Yezidə beyət etməkdən imtina etməsi kufəlilərin dəvətindən qabaq olmuşdur. Kufədən gəlmiş ilk məktub İmam Hüseyn (ə) Məkkəyə çatdıqdan qırx gün sonra yetişmişdir. Məsələ belə deyil ki, Kufə camaatı İmamı dəvət etdiyi üçün İmam Hüseyn (ə) Yezidə beyət etməkdən imtina etmişdi və Kufə olmasaydı, camaat məktub göndərməsəydi, İmam Yezidə beyət edəcəkdi. Xeyr, hətta yer üzünü İmama darısqal etsəydilər də, yenə İmam Hüseyn (ə) Yezidə beyət etməyəcəkdi.

 
3.emr be meruf ve nehy ez munker
amili İmam Hüseyn (ə) ilk gündən Mədinədən əmr be-məruf və nəhy əz-münkər şüarı ilə hərəkət etmişdi. Bu cəhətdən məsələ belə deyildi ki, İmam Hüseyndən (ə) beyət tələb olunduğuna görə o inqilab etmişdi. Xeyr, İmamdan beyət istəməsəydilər belə, yenə İmam inqilab edəcəkdi. Həmçinin, məsələ belə deyildi ki, Kufə camaatı İmamı dəvət etdiyinə görə İmam inqilab etmişdi. Bundan əvvəl qeyd edildiyi kimi İmamın beyətdən imtina etməsindən bir ay yarım sonra Kufə camaatının məktubları gəlməyə başlamışdı. Bu baxımdan İmam Hüseynin (ə) məntiqi İslama zidd olan hökumətə qarşı yönəlmiş etiraz və hücum məntiqidir. İmam Hüseynin (ə) məntiqi bu idi ki, İslam aləmini fəsad bürüdüyü və hakimiyyət fəsadın mənbəyinə çevrildiyi üçün o, öz şəri və Allah qarşısında olan borcunu yerinə yetirməkdən ötrü inqilab edir.
* *

Öncə də qeyd etdiyimiz kimi bu üç səbəbin hər birinin İmam Hüseynin (ə) inqilabında rolu olmuş, onların hər biri İmam üçün yeni bir təklif və vəzifə irəli çıxartmışdı. İmam Hüseynin (ə) bu üç amilə nisbət mövqeyi bir-birindən fərqli olmuşdur.

Birinci amil baxımından İmam Hüseyn (ə) müdafiə rolunu oynayırdı. Çünki ondan zorla beyət istəyirdilər, o da bundan imtina edirdi.

İkinci amil baxımından İmam Hüseyn (ə) köməkçi rolunu ifa edirdi. Çünki onu (Kufə camaatı) həmkarlığa dəvət etmiş, o da bu dəvətə müsbət cavab vermişdi.

Üçüncü amil baxımından isə İmam Hüseyn (ə) etiraz edərək hücuma keçmişdi. Çünki İmam Hüseyndən (ə) heç beyət istəməsəydilər də o, hökumətə qarşı inqilab edib onu qeyri-İslami hökumət adlandıracaqdı.

Hər üç amilin öz dəyəri İndi gəlin görək bu üç amildən hansı biri daha çox əhəmiyyət daşıyır?

Şübhəsiz, Kufə camaatının dəvətini qəbul etmək amilinin özünəməxsus əhəmiyyəti vardır. Çünki İmam Hüseyn (ə) Yezidin qanunsuz hakimiyyətinə etiraz edib İmamı rəhbər olmağa dəvət edən camaata öz hazırlığını bildirdi. Əgər şərait yaxşı olsaydı, şübhəsiz, İmam İslami hökumət quracaqdı. Lakin İmam Hüseynin (ə) Yezidə beyət etməkdən imtina etməsi amili bundan daha çox əhəmiyyət daşıyır. Çünki İmam Hüseyn (ə) dəfələrlə elan etmişdi ki, nəyin bahasına olursa olsun, bütün təzyiqlərə dözüb Yezidə beyət etməyəcək. Bu, İmam Hüseynin (ə) təzyiqə və zorakılığa qarşı dözüm və müqavimətini göstərir.

Bunlardan daha çox əhəmiyyəti isə üçüncü amil, yəni, əmr be-məruf və nəhy əz-münkər amili daşıyır. Çünki burada İmam Hüseynin (ə) hərəkəti nə hökumətə qarşı bir reaksiya, nə müdafiə, nə də köməklik və dəvətə qarşı cavab idi. İmamın hərəkəti yalnız hökumətə qarşı etiraz və hücum idi.

Əgər Kufə camaatının dəvəti əsas səbəb olsaydı, kufəlilərin vəfasızlıq xəbəri o Həzrətə yetişərkən öz məqsədindən dönüb mövqeyini dəyişərək İraq səmtinə hərəkətini saxlayardı. Ancaq görürük ki, İmam Hüseynin (ə) ən əsas xütbələri, ən həyəcanlı və təhrikedici çıxışları məhz Həzrət Müslimin şəhadətindən sonra olmuşdur. Buradan İmam Hüseynin (ə) əmr be-məruf və nəhy əz-münkər amilinə nə qədər üstünlük verməsi və Yezidin azğın hökumətinə nə qədər kəskin etiraz edib hücuma keçməsi məlum olur.

Bura qədər verdiyimiz şərhlərdən sonra bu bölmənin əvvəlindəki birinci və ikinci sualın cavabı aydın oldu. Məlum oldu ki, əgər Yezid İmam Hüseyndən (ə) beyət almaq üçün onu təzyiqlərə məruz qoymasaydı da, İmam Hüseyn (ə) yenə Yezidin hakimiyyətinə qarşı müxalifətçilik edəcəkdi. Həmçinin, əgər kufəlilər İmam Hüseyni (ə) dəvət etməsəydilər belə, yenə bu inqilab həyata keçəcəkdi.

İndi isə üçüncü sualın cavabının aydın olması üçün bu inqilabda İmam Hüseynin (ə) əmr be-məruf və nəhy əz-münkər amilinə nə dərəcədə diqqət yetirməsini göstərən bir neçə canlı sənədi nəzərinizə çatdırırıq.

1) İmam Hüseynin (ə) əqidəvi-siyasi vəsiyyətnaməsi İmam Hüseyn (ə) Mədinədən hərəkət etməzdən əvvəl qardaşı Məhəmməd Hənəfiyyəyə bir vəsiyyətnamə yazdı. Vəsiyyətnamədə İmam öz inqilabının səbəbini İslam ümmətinin islah edilməsi, əmr be-məruf və nəhy əz-münkər və cəddi Peyğəmbər (s), atası Əlinin (ə) sünnəsinin dirçəldilməsi olduğunu bildirmişdir. İmam Hüseyn (ə) bu vəsiyyətnamədə özünün tövhid, nübüvvət və məada olan əqidəsini bildirdikdən sonra belə yazmışdır:

«...Mən Mədinədən nə özümü qorumağa, nə azğınlığa, nə həvayi-nəfsə tabe olmağa, nə də fəsad və zülm törətməyə görə çıxmıram. Mənim bu hərəkətdən məqsədim cəddimin ümmətinin fəsadını islah, əmr be-məruf və nəhy əz-münkəri icra etməkdir. Mən cəddimin və atamın sünnəsi ilə hərəkət etmək istəyirəm. Kim haqqın hörmətini qorumaq xatirinə bu yolda mənə qoşularsa, mən öz yolumla hərəkət edəcəyəm. Qoy Allah mənimlə bu qövm arasında hakim olsun. Həqiqətən O, hakimlərin ən yaxşısıdır.»

Göründüyü kimi İmam Hüseyn (ə) bu vəsiyyətnamədə aşağıdakı dörd şeyi öz inqilabının səbəbi kimi qeyd etmişdir:

1)Ümməti islah etmək;

2) Əmr be-məruf;

3)Nəhy əz-münkər;

4)Babası Peyğəmbərin (s), atası Əlinin (ə) sünnəsinə itaət etmək və onların sünnəsini cəmiyyətdə dirçəltmək.

2) Bağışlanılmaz sükut İmam Hüseyn (ə) İraqa gedərkən yolda Beyzə adlı bir məntəqədə Hürrün qoşunu ilə üz-üzə gəldi. İmam Hüseyn (ə) üzünü Hürrün qoşununa tərəf tutub bir xütbə söylədi və xütbədə öz inqilabının səbəbini belə açıqladı:

«Camaat! Allahın peyğəmbəri buyurmuşdur: "Kim Allahın haramını halal edən, Allahın əhdini sındıran, Peyğəmbərin (s) qanun və sünnəsinə müxalif olub Allahın bəndələri arasında günah, fəsad və düşmənçilik edən bir hökmdarla üzləşsə və bu cür bir hökmdara qarşı əməli, hərəkəti və ya sözü ilə etiraz etməsə, Allah (sükut edən) həmən şəxsi o hökmdarın düçar olacağı əzaba (Cəhənnəm əzabına) düçar edər.

Camaat! Agah olun, bunlar (Bəni–Üməyyə) Allahın itaətindən çıxmış və Şeytana itaət etməyi özlərinə vacib bilmişlər. Bunlar fəsadı yaymış, Allahın qanunlarının icra olunmasının qarşısını almışlar. Peyğəmbər ailəsinə məxsus olan payı özlərinə götürmüşlər. Mən müsəlman cəmiyyətini hidayət edib onlara rəhbərlik etməkdə, cəddimin dinini min cür fəsadlarla dəyişmiş bir hökumətə qarşı inqilab etməkdə hamıdan layiqliyəm...»

3) Sünnənin məhv olması, bidətlərin yayılması İmam Hüseyn (ə) Məkkəyə gəldikdən sonra Bəsrə şəhərindəki qəbilələrin başçılarına məktub yazdı. O, məktubda keçmiş xəlifələrin dövründə İslamın həqiqi rəhbərlərinin siyasət səhnəsindən uzaqlaşdırıldığını, onların ixtilaf və təfriqənin qarşısını almaq və İslamın ali məsləhətləri naminə bu vəziyyətə dözmələrini vurğuladıqdan sonra belə yazır:

«...Mən öz qasidimi bu məktubla sizə tərəf göndərirəm. Sizi Allahın kitabı və peyğəmbərin sünnəsinə dəvət edirəm. İndi elə bir vəziyyətdəyik ki, peyğəmbərin sünnəsi tamamilə itib batmış, aradan getmiş və onun yerini bidətlər tutmuşdur. Əgər mənim sözümə qulaq assanız, sizi düz yola hidayət edərəm. Allahın salamı, rəhməti və bərəkəti sizə olsun!»

4) Artıq haqqa əməl olunmur Hüseyn ibn Əli (ə) İraq yolunda Zi-Husum adlı bir yerdə ayağa qalxıb öz səhabələrinə aşağıdakı xütbəni buyurdu:

«Vəziyyəti artıq özünüz görürsünüz. Zəmanə doğrudan da, dəyişmişdir. Pisliklər meydana çıxmış, yaxşılıqlar və fəzilətlər isə aradan getmişdir. Fəzilətlərdən isə ancaq su qabının dibində bir-iki damcı su qaldığı kimi qalmışdır. Camaat zillət və alçaqlıq içində ömür sürür. Həyat səhnəsi daş-kəsəkli, az otlu bir otlağa, çətin və əziyyətli bir yerə çevrilmişdir. Görmürsünüz ki, daha haqqa əməl olunmur və batilin qarşısı alınmır? Belə bir vaxtda imanlı bir şəxsin (canından keçib) Allaha qovuşmağa haqqı var. Belə bir çirkin və alçaq həyatda mən ölməyi səadət, zalımlarla bir yerdə yaşamağı isə zillət və alçaqlıq hesab edirəm. Bu camaat dünyanın qullarıdır. Din onların dilində lağlağaya çevrilib. Nə qədər ki, asayiş və rifahdadırlar, dinə kömək edirlər, elə ki, imtahana çəkilirlər, sayları azalır.»

Düşünülmüş və hazırlıqlı qiyam Bu günkü zamanda materialistlərin qiyam üçün verdiyi təfsirə görə qiyam cəmiyyətdə buxar qazanının havasının çıxmağa yeri olmadığı zaman partlaması kimidir. Bu vəziyyətdə insan istəsə də, istəməsə də, buxarın çoxalıb sıxlaşması nəticəsində partlayış olacaq. Cəmiyyətdəki təbəqələr arasında çətinliklər və ziddiyyətlər artdıqda, camaat daha zülmə dözə bilmir, təbii ki, belə bir vəziyyətdə də qiyam baş verməlidir. Başqa sözlə desək, qiyam - kiçik miqyasda qəzəblənmiş və kinli bir şəxsin səbr kasası dolduqda ürəyində olanları bayıra çıxarmasıdır. Hətta ola bilər sonradan buna peşiman da olsun.

İmam Hüseynin (ə) tarixi məktub və çıxışlarından (qeyd etdiyimiz çıxışlardan) gözəl məlum olur ki, bu böyük şəxsiyyətin qiyamı bu cür ictimai partlayış olmamışdır. Onun qiyamı agahlıq əsasında, məsuliyyət hiss etmək nəticəsində və bütün təhlükələri nəzərə almaqla baş vermişdir. İmam Hüseyn (ə) təkcə özü agah halda şəhadətə tərəf getmədi, hətta səhabələrə də şəhadəti könüllü olaraq seçməyi aşıladı. Bu səbəbdən İmam Hüseyn (ə) Aşura gecəsi səhabələrini bir yerə yığıb onlara bildirdi ki, onların hamısı azaddır, kim istəsə, çıxıb gedə bilər. Sabah onunla qalanların hamısı şəhid olacaqdır. Səhabələr də bunların hamısını nəzərə alaraq qaldılar və şəhadətə qovuşdular.

Bundan əlavə, materialistlərin fikrincə qiyamda rəhbərin və qiyamçıların bir o qədər də rolu olmur. Sadəcə olaraq onlar uşaq doğulanda, uşaq tutan dayə rolunu oynayırlar. Onların qiyam qəhrəmanları bu cür inqilab həyata keçirmək iqtidarında olmadıqlarından inqilabları da heç bir əxlaqi dəyərlərə malik olmur. Lakin İmam Hüseynin (ə) Kərbəla qiyamındakı rolu heç kəsə naməlum qalmamışdır.

Əməvilərin iqtidar daxilində nüfuzu İmam Hüseynin (ə) inqilabında əmr be-məruf və nəhy əz-münkərin rolu barədə dediklərimizdən məlum oldu ki, o Həzrətin qiyam etməsinin əsas səbəbi İslami hökumətin öz əsl xəttindən uzaqlaşması və bunun ardınca bidətlərin yayılması, Peyğəmbər sünnəsinin itib batması, fəsad, pozğunluq və İslama zidd olan hərəkətlərin artması olmuşdur.

İndi bu barədə bir az ətraflı danışaq.

Bir daha xatırladırıq ki, o vaxt İslam hakimiyyəti və müsəlmanların bütün işləri İslamla zidd olan cahil Bəni–Üməyyə dəstəsinin əlində idi. Bu dəstə İslam peyğəmbərinə qarşı illərlə mübarizə etdikdən sonra nəhayət Məkkənin fəthində zahirdə müsəlman oldular. Ancaq öz küfr və münafiqliyini gizlədib peyğəmbərin vəfatından sonra islamnüma şəkildə öz gizli fəaliyyətlərinə başlayaraq yavaş-yavaş hökumətdə nüfuz tapıb xilafətin əsas işlərini öz əllərinə keçirdilər. Axırda da Həzrət Əlinin (ə) şəhadətindən sonra Müaviyənin başçılığı ilə hökumət başına gəldilər.

Düzdür, bu dəstənin əsas başda olanları və idarəedici qüvvələri öz çirkin məqsədlərini (daxildən İslama zərbə vurmaq planını və insanların «cahiliyyət» dövrünün adət-ənənələrinə qaytarmaq fikirlərini) üzə çıxarmadılar, ancaq onların gördükləri işləri mütaliə etmək bu mənanı açıq-aşkar bəyan edir. Eləcə də, onlar öz aralarında təşkil vermiş və söz-söhbətlərinin kənara çıxmamasını güman etdikləri məclislərdə öz məqsədlərini açıb söyləyirdilər. Misal üçün qeyd etmək olar ki, bu dəstənin başında duran Əbu Süfyan Osmanın (Bəni–Üməyyənin birinci xəlifəsi) xilafət başına gəldiyi birinci gün Bəni–Üməyyə Osmanın evinə yığışıb qapını bağladıqları vaxtda dedi: «Sizdən başqa burada kimsə var? » (Artıq o vaxt Əbu Süfyanın gözləri tutulmuşdu.) Dedilər: «Xeyr.» Əbu Süfyan dedi: «İndi ki,hökumət sizin əlinizə düşüb, onu bir top kimi bir-birinizə ötürün. Çalışın ki,hökumət Bəni–Üməyyədən qırağa çıxmasın. Mən and içirəm əqidə bəslədiyim şeyə, nə əzab var, nə hesab-kitab, nə Cənnət var,nə Cəhənnəm, nə də Qiyamət.»

Həmən bu Əbu Süfyan Osmanın xəlifəlik dövründə bir gün Ühüd qəbiristanlığının ətrafından keçirdi. O, təpiklə Həmzənin qəbrinə vurub dedi: «Dünən sizinlə üstündə qılıncla vuruşduğumuz şey bu gün bizim uşaqlarımızın əlindədir və onlar onunla oynayırlar.


Çirkin təbliğlər

Müaviyə uzunmüddətli hakimiyyəti dövründə Şam əhalisini elə "tərbiyələndirmişdi” ki, onlar din barədə az da olsa, xəbərdar deyildilər. Onlar Müaviyənin sözünə can-başla boyun əyib tabe olurdular. Müaviyə bu müddətdə Şam əhalisini təkcə nizami və siyasi cəhətdən öz əmri altına almamış, üstəlik öz dediklərini onlara İslam təlim-tərbiyəsi kimi qəbul etdirmək üçün onları, fikri və məzhəbi cəhətdən də kor-koranə yetişdirmişdi. O,özünəməxsus hiyləsi ilə bu sahədə öz istəklərinə nail oldu. Bunlar hamısı nəzəri cəlb edən məsələlərdir. Onun Həzrət Əli (ə) kimi bir şəxsiyyətin (camaatın fikrində) əsl simasını dəyişdirmək üçün işlətdiyi hiylələri, o Həzrəti söyməyi bir bidət kimi cəmiyyətdə yaydığını hamı bilir. Peyğəmbər (s) (İslamın qocaman, pak və doxsan yaşlı mücahidi) Əmmar Yasirin zalımların əli ilə şəhadətə yetişməsi barədə qabaqcadan xəbər verdiyi halda, Əmmar Yasir Siffeyn döyüşündə Həzrət Əlinin (ə) ordusunda şəhid olduqdan sonra Müaviyə adam aldadan hiyləsi ilə Şam ordusu arasında xəbər yaydı ki, Əmmarın qatili Əlidir. Çünki onu döyüş meydanına Əli (ə) göndərmişdir.

Müaviyənin adamlarının erkək dəvəni dişi dəvədən seçə bilməmələri, Müaviyənin rəhbərliyi ilə həftənin üçüncü günü biabırçı şəkildə cümə namazının qılınması da bir daha bu mənanı təsdiqləyir. Bunlar o qədər aydın məsələlərdir ki, daha əlavə izahata heç ehtiyac da yoxdur.

Bəni–Üməyyənin çirkin hökuməti əks təbliğlər və şəxsiqərəzlər nəticəsində Peyğəmbərin (s) pak ailəsini Şam əhalisinin fikrində pis, pozğun, bunun müqabilində isə Bəni–Üməyyəni Peyğəmbərin (s) ailəsi kimi qələmə verirdi. Belə ki, tarixçilər yazırlar: «Abbasilərin qiyamının qələbəsindən sonra Əbül Abbas Səffah hakimiyyətə gələndə, Şam əmirlərindən on nəfəri onun yanına gedib hamılıqla and içərək bildirdilər ki, biz (sonuncu Əməvi xəlifəsi) Mərvanın ölümünə qədər peyğəmbərin Bəni–Üməyyədən başqa qohumu olduğunu bilmirdik. Nəhayət siz hakimiyyətə gəldikdən sonra biz bunu bildik.»

Buna əsasən, tarix kitablarında yazılmış aşağıdakı ibarələri oxuduqda heç də təəccüblənməməliyik:

«Kərbəla əsirləri Şama daxil olduqda bir kişi İmam Zeynülabidinin (ə) qarşısında durub dedi: «Həmd olsun o Allaha ki, sizi öldürməklə camaatı sizin şərrinizdən qurtardı və Əmirəl-möminini (Yezidi) sizin üzərinizdə qalib etdi.»

İmam Səccad (ə) sakit qalıb gözlədi. Şamlı kişi bütün ürəyində olanları dedi. Sonra İmam Səccad (ə) ondan soruşdu:

— Quran oxumusan?

— Bəli!

— Bu ayəni oxumusanmı? «De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində Əhli-beytimə məhəbbətdən başqa bir şey istəmirəm.»

— Bəli!

— Bəs bu ayəni necə? «Qohum-əqrəbanın haqqını ödə.»

— Bəli!

— Bu ayəni də oxumusan? «Ey peyğəmbərin Əhli-beyti, Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz [pak] etmək istəyir.»

— Bəli!

— Ey qoca, bu ayələr bizim haqqımızda nazil olmuşdur. Bizik Peyğəmbərin qohum-əqrəbası, hər cür çirkinlikdən uzaq olanlar bizik.

Qoca bildi ki, bu əsirlər barədə eşitdikləri doğru deyil. Onlar heç də xarici deyillər, əksinə, Peyğəmbər övladlarıdırlar. Buna görə də, dediyindən peşman olub dedi: «İlahi, mən bunlara qarşı ürəyimdə olan kin-küdurətdən Sənə pənah aparıram! Mən Məhəmməd (s) və Ali-Məhəmmədin (s) düşmənlərinə nifrət edirəm!»

Əsirlərin səfər sovqatı Peyğəmbər ailəsinin ziddinə yayılmış bu geniş təbliğatı nəzərə aldıqda, Kərbəla əsirlərinin Şama səfərinin mahiyyəti çox yaxşı şəkildə aydın olur. Çünki onlar bu səfərdə qırx illik əks təbliğatı aradan apararaq Əməvilər sülaləsinin əsl mahiyyətini aşkar etdilər. Həmçinin, Şam camaatının yatmış fikirlərini oyadıb məsələyə diqqətlə baxmalarına səbəb oldular. Bu əsirlər barədə qətiyyətlə demək olar ki, onlar Mədinəyə qayıdanda öz borcunu lazımıncasına yerinə yetirmiş fateh bir ordu rolunu oynayırdılar.

İndi Kərbəla inqilabının təbliğinin göstərdiyi fəaliyyət və risalətin nə dərəcədə böyük olduğunu tam şəkildə başa düşmək üçün iki tarixi nümunəyə işarə edək.

1. İmamət ailəsinin «Hirrə» faciəsində qorunması İmam Hüseynin (ə) şəhadətindən sonra İslam ölkəsinin digər şəhərləri ilə həmzaman olaraq Peyğəmbərin qohum-əqrəbasının əsas yaşayış yeri olan Mədinə şəhəri də yavaş-yavaş həyəcana gəldi. Mədinənin hakimi öz fikrinə görə belə bir tədbir töküb gənc xəlifəni (Yezidi) yaxından görmək və onun mərhəmətindən bəhrələnmək üçün şəhərin böyüklərini Şama göndərdi ki, onlar Mədinəyə qayıtdıqdan sonra camaatı Yezidə itaət etməyə cəlb etsinlər. Lakin nə düzgün tərbiyəsi, nə tədbir və uzaq görənliyi olan və nə də İslamın zahirinə əməl edən Yezid Mədinə şəhərinin nümayəndələri qarşısında da şərab içməyə, it oynatmağa və şəriətdən kənar olan işlər görməyə başladı. Nümayəndələr Şamdan qayıdan kimi fəryad çəkib dedilər: «Yezid şərab içən, it oynadan fasiq bir adamdır. Belə bir şəxs müsəlmanların rəhbəri ola bilməz!» Nəhayət şəhərin hər tərəfində qiyam qalxdı və qiyamçılar Mədinə hakimini və Əməvi sülaləsini şəhərdən qovdular. Bu xəbər Şama çatdıqda, Yezid Mədinə camaatını cəzalandırmaq üçün bir ordu toplayıb qoca bir kişi olan Müslim ibn Üqbəni orduya başçı təyin etdi. Müslim Mədinəni mühasirəyə aldı. Bir müddətdən sonra şəhər əhalisi orduya müqavimət göstərə bilməyib təslim oldu. Şam ordusu üç gün Mədinədə kütləvi qırğın törətdi və heç bir çirkinlikdən çəkinmədi. Nə qədər dindar, təqvalı və mömin kişilər qırıldı, nə qədər hörmətsizliklər oldu, nə qədər qadın və qızlar bu vəhşi ordunun təcavüzünə məruz qaldılar. Bu hadisə tarixdə «Hirrə» faciəsi adı ilə məşhur oldu.

Lakin bu böyük faciədə İmam Zeynül-abidin (ə) və Bəni–Haşimdən olanların evi hər hansı bir zorrakılıqdan toxunulmaz qalmışdı. Məhz buna görə də, Mədinə şəhəri mühasirədə olan zaman onlarla müsəlman ailəsi o Həzrətin evinə gəlməklə təcavüzdən qorunmuşdu. Təbəri yazır:

Yezid Müslim ibn Üqbəni Mədinəyə göndərəndə, ona dedi: «Əli ibn Hüseynin (İmam Zeynül-abidinin (ə)) qiyamçılara heç bir qarışacağı yoxdur. Ona toxunma və onunla yaxşı rəftar et!»

Şeyx Müfid yazır: «Müslim ibn Üqbə Mədinəyə daxil olduqda İmam Zeynül-abidin əleyhissəlamı yanına dəvət etdi. İmam Zeynül-abidin (ə) gəldikdə, Müslim ona çox hörmət edib yanında əyləşdirdi və dedi: «Əmirəl-möminin (Yezid) mənə tapşırıb ki, sənə yaxşılıq edəm və səni başqalarından fərqləndirəm.» İmam Zeynül-abidin (ə) ona öz təşəkkürünü bildirdi. Sonra Müslim ətrafında olanlara dedi: «Mənim qatırımı onun üçün yəhərləyin.» Sonra isə İmam Zeynül-Abidin əleyhissəlama dedi: «Ailənin yanına qayıt. Bəlkə də, biz onları qorxutduq və səni bura gəlməyinlə zəhmətə saldıq. Əgər bizim ixtiyarımızda bir şey olsaydı, sənə əta edərdik. Həqiqətən sən buna layiqsən.»

Dördüncü İmamın həyatından bəhs edərkən deyəcəyimiz səbəblərə görə şübhə yoxdur ki, Müslimin İmamla yaxşı rəftar etməsinin əsas səbəblərindən biri bu idi ki, İmam Zeynül-abidin (ə) qiyamın əvvəlindən kənara çəkildi və qiyamçılarla əlbir olmadı. Ancaq bu da məlumdur ki, İmam Hüseynin (ə) şəhadəti Yezidə baha başa gəlmişdi və hələ o, törətdiyi bu böyük cinayətə görə ümumi camaatın fikir təzyiqinə məruz qalmışdı. Buna görə də, Yezid İmamət ailəsinə yenidən əziyyət verməklə öz adını daha da pisləşdirmək istəmirdi.

2. Əbdülməlik ibn Mərvanın Həccaca əmri Yəqubi yazır:

«Əbdülməlik ibn Mərvan Hicaza vali təyin etdiyi Həccaca yazır: «Məni Əbu Talibin balalarının qanına bulaşdırma. Çünki mən özüm gördüm ki, Əbu Süfyanın ailəsi onlarla mübarizə apardı, axırda özləri məhv oldu.»

Əbdülməlik ibn Mərvanın Bəni–Üməyyənin siyasətçi və ağıllı bir xəlifəsi olduğunu bildiyimiz halda və onun Kərbəla hadisəsindən beş il sonra hakimiyyət başına gəldiyini nəzərə aldıqda, bu etirafın hansı dəyərə malik olduğunu hiss edirik. Bu əmr göstərir ki, Əbu Süfyanın ailəsi Əbu Talibin ailəsinə qarşı göstərdikləri bu qədər təcavüz və zorakılıqlara baxmayaraq, onlar yenə də öz çirkin məqsədlərinə nail ola bilmədilər. Onlara qalan isə təkcə üzüqaralıq və lənət oldu.

Əməvilərin ideoloji təbliğatı Bəşəriyyət aləmində zalım və mürtəce hökumətlər nə qədər güclü olsalar da, yenə onlara dayaq olan ideologiyaya ehtiyac duyurlar. Yəni, onların yaratdıqları ideologiya iqtisadi–siyasi durumlarına arxa olur. Başqa sözlə desək, zalım hökumətlər nizami qüvvədən əlavə camaatı asanlıqla özlərinə tabe etmək üçün güclü ideologiyaya da malik olmalıdırlar. Əgər xalq sağlam fikirli olub hökuməti qeyri-qanuni hökumət bilərsə, heç vaxt onun hakimiyyətini qəbul etməz. Bu baxımdan belə hökumətlərin ideologiyaya olan ehtiyacı daha aydın şəkildə büruzə çıxır. Əlbəttə, ideologiya cəmiyyətlərin fərqli olmasına görə müxtəlif şəkillərdə ola bilər. Zalım və İslama zidd olan Bəni–Üməyyə hökumətinin də təbii ki, belə bir ideologiyaya ehtiyacı var idi. Ölkədə İslam cəmiyyəti hakim olduğundan onlar da öz cinayətlərinin üstünü şəri bəhanələrlə ört-basdır etməyə və xalqın fikrini məzhəbi təbliğatla qarışdırmağa məcbur idilər. Belə deyildi ki,Bəni-Üməyyə xalqın hökm və rəyinə qarşı etinasızlıq etsin və özlərinin cinayətlərinə qarşı xalqda oyanan fikirlərə məhəl qoymasınlar. Xeyr, onlar camaatın fikrini qəflətdə saxlamaq üçün insanların hazırkı vəziyyətini ən yaxşı vəziyyət bilib bu vəziyyətin qorunub saxlanmasına görə bir sıra ideoloji təbliğatlara ehtiyac duyurdular.

Cəbriyyə məzhəbinə meyl İnsanların fikrini yayındırıb onları ram etməyin yollarından biri də insanlar arasında iradə məcburiyyəti əqidəsini yaymaqdır. Ümumiyyətlə, zalım hökumətlər öz cinayətlərinə bəhanə gətirəndə iradə məcburiyyəti əqidəsinə meylli olurlar. Yəni, hər şeyi Allahın adına yozaraq, "bu Allahın işidir” –deyə öz cinayətlərini boyunlarından atırlar. Onlar "Allah məsləhət bilməsəydi, belə olmazdı və heç Allahın Özü işin bu cür olmasına şərait yaratmazdı” kimi ifadələrdən məharətlə istifadə edirlər. Məcburiyyətə meylliliyin məntiqi budur ki, nə ki var, elə o da olmalıdır və nə də ki, yoxdur, o da olmamalıdır.

Bəni–Üməyyə hakimiyyətinin ideoloji dayaqlarından biri iradə məcburiyyəti əqidəsi idi. Onlar camaat arasında cəbriyyə əqidəsini yayıb hər şeyi Allahın işi kimi qələmə verməklə camaatın ehtimal verilən hər hansı bir etirazını dəf etmək istəyirdilər. Əməvilər öz hakimiyyətlərini qoruyub saxlamaq və eləcə də xalqın qiyamının qarşısını almaq üçün Cəbriyyə firqəsini genişləndirir və onu himayə edirdilər. Bunun müqabilində isə onlar Qədəriyyə məzhəbinin yayılması təhlükəsi ilə üz-üzə gəlirdilər. Bu məzhəb insanı öz əməli qarşısında azad bilir və belə bir məntiq irəli sürür ki, insan hər hansı bir işi görürsə, öz iradəsi və istəyi ilə görür. Əməllərində azad olduğu üçün də məsuliyyət daşıyır. Çünki hər bir azadlıq məsuliyyət tələb edir.

Bu məzhəb müsəlmanların müxalifətçiliyindən qorxan Əməvilər üçün böyük təhlükə hesab olunurdu. Buna görə də, onlar Qədəriyyə məzhəbinin başçılarını təzyiqlərə məruz qoyur,bu məzhəbin qarşısında duran Cəbriyyə məzhəbini isə himayə edirdilər. Səbəbi də bu idi ki, Cəbriyyə məzhəbi siyasi mübarizə meydanında Əməvilərin məqsədi ilə tam uyğun gəlirdi. Bu məzhəb camaata deyirdi: «Əməvilər və onların əməlləri nə qədər pis və haqdan uzaq olsa da, Allahın təqdiridir və heç cür bunu dəyişmək olmaz. Buna görə də, onlara qarşı müxalifətçiliyin heç bir əhəmiyyəti yoxdur.» Müaviyə öz çirkin əməllərini Allahın təqdiri, qəza-qədəri kimi adlandırmaq və bunların dəyişilməsinin heç cür mümkün olmadığını bildirmək üçün zahirdə özünü Cəbriyyə məzhəbinə mənsub edirdi. Bundan əlavə, Müaviyə İslam xəlifəsi olduğu üçün onun elədiyi günahlar onun məqamına heç bir zərər yetirmir və bu günahlar onunla müxalifət etməyə əsas vermirdi.

Aydındır ki, Müaviyə kimi mühüm mənfəətləri güdən bir şəxs onun bu istəklərini ehtiva e
Bölmə: İslam | Yükləyən: Farmakoloq
Baxış Sayı: 858 | Yüklənib: 0 | Reytinqi: 5.0/2
Bütün Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Dost Saytlar
Statistika

Bütün istifadeçilər 1
Qonaq 1
İstifadəçi 0