Həyatı
İmam Həsən Müctəba (ə) hicrətin 3-cü ili ramazan ayının 15-də Mədinə şəhərində dünyaya gəlmişdir.
İmam Həsən (ə) öz cəddinin dövrünü çox görməmişdi. Çünki İmam Həsən (ə) təxminən yeddi yaşında olarkən Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) dünyadan köçmüşdü. Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) sonra təxminən otuz il atası Əli (ə) ilə birgə olmuşdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara İmamlıq (başçılıq) etmiş və nəhayət hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənmiş və şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır.
Məzlumların köməkçisi
İslam dinində (İslam nöqteyi-nəzərindən) varlı və imkanlı şəxslər kasıb və imkansız şəxslərə qarşı böyük məsuliyyət daşıyırlar. Dərin mənəvi əhdlər və müsəlmanlar arasında bərqərar olmuş dini qardaşlıqlara əsasən, varlılar kasıbların ehtiyaclarını mümkün qədər təmin etməyə çalışmalıdırlar. İslam peyğəmbəri və dini rəhbərlər (İmamlar) bu barədə nə təkcə sifarişlər etmiş, hətta hərə öz zamanında insansevərliyin və zəifpərvərliyin bir nümunəsi olmuşlar.
İkinci İmam elm, təqva, zahidlik və ibadətlə yanaşı eyni zamanda öz dövrünün səxavətli şəxsi,məzlumların köməkçisi miskinlərə kömək edən bir şəxs kimi də tanınmışdır. O Həzrətin vücudu dərdli ürəklərin, fağır və imkansızların pənahı, ehtiyacı olanların ümid yeri idi. Belə ki, bir kasıb belə onun evindən əliboş geri qayıtmamışdır. Qəlbi sınmış hər hansı bir şəxs dərdini ona açıb söyləsəydi, İmam (ə) onun dərdinə mütləq bir məlhəm qoyardı. Hətta bəzi vaxtlar imkansız şəxs özü ehtiyacını deməzdən və xəcalət təri tökməzdən qabaq İmam (ə) onun ehtiyacını ödəyər və ona xəcalət təri tökməyə, utanmağa icazə verməzdi.
Süyuti öz kitabında yazır: «Həsən ibn Əli (ə) bir çox əxlaqi dəyərlər və insani fəzilətlərə malik idi. O, alicənab, səbirli, vüqarlı, mətin,səxavətli və camaatın hörmət bəslədiyi (rəğbətini qazanmış) bir şəxsiyyət idi.
İbrətamiz incəlik
İmam Həsən (ə) bəzi vaxtlar ehtiyacı olan şəxslərə külli miqdarda pul bağışlayardı. Belə ki, bu miqdar pulu bir yerdə bağışlamaq camaatı heyran qoyardı. İmamın (ə) bu cür külli miqdarda pulu bir dəfəyə bağışlamasının bir incəliyi o idi ki, İmam (ə) ehtiyacı olan şəxsi bir dəfəlik ehtiyacsız edərdi. İmkansız şəxs bu pulla bütün ehtiyaclarını ödəyər və bundan sonra da ehtiyacsız yaşaya bilərdi. Həmçinin, bu pulla əlinə sərmayə də gətirə bilərdi. İmam Həsən (ə) kasıba onun bir günlük ehtiyaclarını ödəyən miqdarda pul verməyi rəva görmürdü. Belə olan halda, həmin şəxs məcbur olub gündəlik yeməyi üçün ona-buna əl uzatmalı idi. Bu səbəbə görə də Həzrət Həsən (ə) kasıba çoxlu pul verərdi.
Elm və fəzilət ailəsi
Bir gün Osman məscidin kənarında oturmuşdu. Kasıb bir kişi ondan kömək istədi. Osman çıxarıb ona bir dirhəm pul verdi. Kişi Osmana dedi: "Məni elə bir adamın yanına göndər ki, mənə bir az çox kömək etsin.” Osman məscidin bir küncündə əyləşmiş İmam Həsən (ə) və Abdullah ibn Cəfərə tərəf işarə edib kişiyə dedi ki, orada oturmuş cavanların yanına get və onlardan kömək istə. Kişi onların yanına gəlib kömək istədi. İmam Həsən (ə) buyurdu: "Ancaq üç halda başqalarından maddi kömək istəmək olar: Boynunda diyə (qan bahası) olub onu ödəyə bilmədikdə; külli miqdarda borclu olub qaytarmaq iqtidarında olmadıqda və ehtiyac içində olub əli heç bir yerə çatmadıqda. İndi bu üç şeyin hansı biri sənə üz vermişdir?” Kişi cavab verdi ki, mənə də məhz bu üç şeydən biri üz verib. İmam Həsən (ə) çıxarıb əlli dinar (bir dinar on dirhəmə bərabərdir) pul kişiyə verdi. Bunu görən İmam Hüseyn (ə) da qırx doqquz dinar, daha sonra Abdullah ibn Cəfər qırx səkkiz dinar kişiyə verdilər.
Kasıb kişi qayıdarkən Osmanın yanından keçirdi. Osman kişiyə dedi: "Nə oldu?” Kişi cavab verdi ki,səndən pul istədim verdin,ancaq heç soruşmadın pulu nəyə görə istəyirəm. Ancaq o üç nəfərin yanına gedəndə, onlardan biri (İmam Həsən (ə)) istəyimin səbəbini soruşdu. Mən də cavab verdim. Sonra onların hərəsi mənə bu qədər pul verdi. Osman dedi: "Bu ailə elm, hikmət çeşməsi,fəzilət və yaxşılıq mənbəyidir. Onlar kimisini nə vaxt tapa bilərsən?
İmam Həsən (ə) Cəməl döyüşündə
İmam Həsən (ə) Cəməl döyüşündə atası ilə bərabər cəbhənin ön xəttində vuruşur və Əlinin (ə) şücaətli və dilavər dostlarını ötərək düşmən ordusuna güclü hücumlar edirdi. Döyüş başlamazdan qabaq isə atasının əmri ilə Əmmar Yasir və Əlinin (ə) bir neçə digər dostları ilə birgə Kufə şəhərinə gəlib əhalini bu döyüşdə iştirak etməyə çağırmışdı.
İmam Həsən (ə) Kufəyə gələndə, hələ Əbu Musa Əşəri Kufənin Osman tərəfindən təyin edilmiş hökumət başçılarından biri kimi qalırdı. Əbu Musa Əşəri bu vəzifəsindən istifadə edərək Əlinin (ə) ədalət əsasında qurulmuş hökuməti ilə müxalifət edir və şəhər əhalisini Cəməl döyüşündə iştirak etməkdən və o Həzrətə arxa durmaqdan çəkindirirdi. Ancaq buna baxmayaraq İmam Həsən (ə) Kufədən doqquz min nəfərlik ordu yığıb Cəməl döyüşünə getmişdi.
İmam Həsən (ə) Siffeyn döyüşündə İmam Həsənin (ə) Siffeyn döyüşündə də ordunu səfərbər edib Əlinin (ə) başçılığı altına gətirməkdə böyük rolu olmuşdur. O Həzrət öz mətin və kəskin çıxışları ilə Kufə əhalisini Əlinin (ə) ordusuna qoşularaq xainlər və İslam düşmənlərinə qarşı vuruşmağa dəvət edirdi.
İmam Həsənin (ə) haqq yolunda fədailiyi o dərəcədə idi ki, Əli (ə) Siffeyn döyüşündə öz səhabələrinə deyirdi ki, Həsən və qardaşı Hüseynin (əleyhimassəlam) mübarizə etməkdən qarşısını alın, məbada onların ölümü ilə Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) nəsli kəsilə
İmam Həsənin (ə) Bəni-Üməyyə ilə kəskin mübarizələri
İmam Həsən (ə) haqqı bəyan etməkdə və İslam əsaslarını qorumaqda əsla səhlənkarlıq etməzdi. O, Müaviyənin qeyri-İslami hərəkətlərini açıq-aşkar tənqid edir və Müaviyənin,ümumiyyətlə, bütün Bəni-Üməyyənin nankor və çirkin sabiqələrini qorxmadan açıb söyləyirdi.
İmam Həsənin (ə) Müaviyə və onun əlaltıları ilə, o cümlədən Əmr As, Ütbə ibn Süfyan, Vəlid ibn Ütbə, Müğeyrə ibn Şübə və Mərvan ibn Həkəm kimilərlə apardığı kəskin mübahisələri bu iddianın şahididir.
İmam Həsən (ə) hətta sülh bağladıqdan və Müaviyənin qüdrəti bir az artıb mövqeyi gücləndikdən sonra o, Kufəyə gələndən sonra İmam (ə) minbərə çıxıb sülh bağlamasının səbəblərini söyləyərək Əlinin (ə) ailəsinin üstünlüklərini (fəzilətlərini) bəyan etdi və sonra hər iki dəstənin (həm öz dəstəsinin, həm də Müaviyənin dəstəsinin) qarşısında Müaviyənin zəif cəhətlərinə işarə edib onun idarə etdiyi hökuməti aşkar şəkildə tənqid etdi.
Əlinin (ə) şəhadətindən və İmam Həsənin (ə) Müaviyə ilə sülh bağlamasından sonra xəvaric (Əlinin (ə) üstünə qiyam çəkib Nəhrəvan döyüşündə məğlub olanlar) bütün qüvvələrini Müaviyənin əleyhinə səfərbər etdilər. Kufədə Müaviyəyə xəbər çatdı ki,Hövsəreyi-Əsədi adlı xəvaric başçılarından biri onun əleyhinə qiyam qaldırıb öz ətrafına ordu toplamışdır. Müaviyə öz mövqeyini qoruyub saxlamaq və İmam Həsənin (ə) ona tabe olduğunu sübut etmək üçün Mədinəyə getməkdə olan İmama (ə) xəbər göndərdi ki, Hövsərənin qiyamını yatızdırıb sonra öz yoluna davam etsin. İmam Həsən (ə) ona cavab göndərdi ki, mən müsəlmanların qanının tökülməməsinə görə səndən əl çəkdim (səninlə sülh bağladım). Bu o demək deyil ki, mən sən deyənə qulaq asıb başqaları ilə vuruşam. Əgər vuruşmalı olsam,hamıdan qabaq birinci səninlə vuruşaram. Çünki, səninlə mübarizə etmək xəvariclə vuruşmaqdan daha vacibdir.
İmamın (ə) bu cümlələrində mübarizə ruhu açıq-aşkar hiss olunur. Xüsusən İmamın əzəmətlə Müaviyəyə dediyi «səndən əl çəkdim» ifadəsi bu mənanı vurğulayır.
Canlı sənəd
O dövrün İraq əhalisinin pərakəndəliyini və camaatın döyüşə qarşı süstlüyünü, əslində heç kim İmam Həsənin (ə) özündən yaxşı bəyan edə bilməz. İmam Həsən (ə) ordusunun irəlilədiyi son məntəqə olan Mədaində çox geniş və ruhlandırıcı bir çıxış etdi. O, sözlərinin əsnasında buyurdu: «Bizi Şam əhlinə qarşı (Müaviyənin ordusuna qarşı) mübarizədən heç bir şəkk-şübhə saxlaya bilməz. Biz bundan qabaq da sizin dözümünüz və daxili anlayışınızla Şam əhlinə qarşı mübarizə etmişik. Ancaq bu gün kin-küdurət nəticəsində vəhdət və qarşılıqlı anlaşma sizdən uzaqlaşmış, öz müqavimətinizi itirmiş və indi də giley-güzar edirsiniz. Siffeyn döyüşünə gedəndə dininizin mənfəətini dünya mənfəətinizə üstün tutdunuz, lakin indi isə dünyanızı dininizdən üstün tutursunuz. Biz indi də keçmişdə olduğumuz kimiyik, ancaq siz bizə qarşı keçmişdə olduğunuz kimi vəfadar deyilsiniz. Sizlərdən bəziləri Siffeyn döyüşündə, bəziləri də Nəhrəvan döyüşündə öz qohum-əqrəbasını, yaxınlarını itirmişdir. Birinci dəstə öz ölülərinə ağlayır, ikinci dəstə isə ölülərinin qan bahasını istəyir. Qalanları da bizim əmrlərimizdən boyun qaçırırlar. Müaviyə bizə insafdan uzaq, bizim izzət və böyük məqsədimizin əksinə olan bir təklif etmişdir. İndi əgər Allah yolunda ölməyə hazırsınızsa, deyin, onda mübarizəyə qalxaq və onun bu təklifinə qılıncla cavab verək. Yox, əgər sağ qalmaq istəyirsinizsə, deyin, onda bu təklifi qəbul edib sizin razılığınızı təmin edək.»
İmamın (ə) sözləri bu yerə çatanda hamı bir ağızdan biz yaşamaq istəyirik, biz sağ qalmaq istəyirik1– deyə qışqırdı.
Döyüş ruhiyyəsindən məhrum olmuş belə bir ordu ilə İmam Həsən (ə) Müaviyəyə qarşı necə mübarizəyə girişə bilərdi? Müxtəlif ünsürlü dəstələrdən təşkil olunmuş və kiçik bir qəflət nəticəsində özləri xətər törədə bilən bir ordu ilə qələbəmi əldə etmək olar? Fərz edək ki, İmam Həsən (ə) deyil, Müaviyə belə bir qoşuna başçılıq edir, o İmamın (ə) gördüyü bu, işdən (sülhdən) başqa bir iş görə bilərdimi?
Bəli, bu səbəblər yığışıb İslam cəmiyyətini qəti təhlükənin iki addımlığına çatdırdı və çox acınacaqlı hadisələr əmələ gətirdi. İndi bunun şərhini sizin nəzərinizə çatdırırıq.
İmam Həsənin (ə) ordunu səfərbər etməsi Keçmiş və müasir tarixçilər bəzi tarixi hadisələri dəyişdirib onun əksini yazırlar. Onlardan bəziləri belə iddia edirlər ki, güya İmam Həsənin (ə) Müaviyə ilə vuruşmaq məqsədi yox idi. Elə xilafətin ilk günlərindən bu fikirdə idi ki, Müaviyədən maddi imkanlar alıb rahat yaşasın. Müaviyə ilə müxalifət edirdisə də, bu imkanları təmin etmək üçün edirdi.
Əldə olan tarixi sənədlər göstərir ki, bu töhmətlər tamamilə yalandır və tarixi həqiqətlərlə heç cür uyğun gəlmir. Çünki əgər İmam Həsən (ə) Müaviyə ilə vuruşmaq fikrində deyildisə, bəs nəyə görə ordu toplayırdı? Halbuki bütün tarixçilər deyirdilər ki, İmam Həsən (ə) ordu toplayıb döyüşə hazır oldu. Lakin bir tərəfdən İmamın (ə) ordusundakı dəstəbazlıq və pərakəndəliklər, digər tərəfdən də Müaviyənin xaincəsinə qurduğu hiylələr nəticəsində İmamın (ə) nizami qoşunu döyüş başlamazdan qabaq və heç bir vuruş olmadan bir-birindən ayrıldı və camaat İmamın (ə) ətrafından dağıldı. İmam Həsən (ə) da çarəsizlikdən döyüşməyib, sülhü qəbul etdi.
Buna əsasən, İmam Həsənin (ə) hərəkəti qiyam,müharibə elan etmək və ordu toplamaqla başladı, sonra da vəziyyəti və İslam cəmiyyətinin şəraitini dərindən yoxlayıb zamanın məsləhətinə uyğun olaraq şərti sülhlə nəticələndi.
İndi isə oxucuların nəzərini bu barədə daha geniş məlumata cəlb edirik.
Əhdini danan camaat
Bir az bundan qabaq deyildiyi kimi İraq və Kufə camaatı sözübütöv və mütəşəkkil deyildi. Əksinə, onlar vəfasız, etimad edilməyən və hər gün bir bayraq altında yığışan (külək hara əsdi, ora meyl edən), mövcud olan vəziyyətdən və zəmanənin qüdrətindən istifadə edən adamlar idi. Elə buna görə də, İmamın (ə) ordusunda yaranan böhran və hər iki tərəfin öz qoşunlarını səfərbər etməsilə həmzaman Kufənin adlı-sanlı qəbilələrinin başçılarından bir neçəsi İmam Həsənə (ə) xəyanət edərək Müaviyəyə məktub yazıb bildirdilər ki, onlar onun hökumətini himayə edirlər. Onlar məktubla Müaviyəni məxficə İraqa tərəf hərəkət etməyə dəvət edərək söz verdilər ki, Müaviyə İraqa yaxınlaşan kimi ya İmam Həsəni (ə) tutub ona verəcək, ya da ona sui-qəsd edəcəklər.
Müaviyə həmin məktubları olduğu kimi İmam Həsənə (ə) göndərib bildirdi ki, bu cür insanlara arxalanıb döyüşə necə hazır ola bilərsən?
Xain sərkərdə
İmam Həsən (ə) Müaviyə ilə döyüşmək məqsədi ilə Kufəni tərk etdikdən sonra Übeydullah ibn Abbası on iki min nəfərlik döyüşçü ilə ordunun ön hissəsinə, özünün ən yaxın dostlarından olan Qeys ibn Səd və Səid ibn Qeysiisə Übeydullaha müşavir və canişin təyin etdi. Belə ki, bu üç nəfərdən birinin başına bir iş gəlsəydi, növbə ilə digəri onun işini görməli idi.
İmam Həsən (ə) qoşunun hərəkət edəcək səmtini müəyyən edib belə göstəriş verdi ki, Müaviyənin qoşunu ilə rastlaşdıqda onların hərəkətinin qarşısını alıb İmamı bu işdən xəbərdar etsinlər və İmam da əsas ordu ilə onlara qoşulsun.
Übeydullah ibn Abbas öz ordusunu hərəkətə gətirdi. Onun ordusu Məskin adlı bir yerdə Müaviyənin ordusu ilə üz-üzə gəldi və Übeydullahın ordusu elə oradaca düşərgə saldı. Az bir zamanda İmama xəbər çatdı ki, Übeydullah Müaviyədən bir milyon dirhəm alıb səkkiz min nəfərlə onun tərəfinə keçmişdir.
Təbii ki, bu sərkərdənin xəyanəti vəziyyətin böhran içində olduğu belə bir vaxtda ordunun ruhiyyəsinin zəifləməsinə və İmam Həsənin (ə) nizami mövqeyinin bir-birinə dəyməsinə çox böyük təsir göstərmişdi. Çox şücaətli, imanlı və Əlinin (ə) ailəsinə qarşı vəfalı olan Qeys ibn Səd ordunun sərkərdəliyini öz öhdəsinə götürür və özünün ruhlandırıcı çıxışı ilə döyüşçülərin ruhiyyəsini artırmağa çalışır. Müaviyə onu da pulla ələ almaq istəyir, lakin Qeys ona aldanmayıb İslam düşmənlərinin qarşısında axıra qədər durur.
Xaincəsinə görülmüş hiylələr
Müaviyə təkcə Übeydullahı ələ almaqla kifayətlənmədi. Eyni zamanda o, İmamın (ə) ordusunu zəiflətmək və ordu arasında şayiə yaymaq məqsədilə öz casus və muzdurlarını İmamın (ə) başçılıq etdiyi orduya göndərdi. Onlar İmamın (ə) başçılıq etdiyi orduda belə bir şayiə yaydılar ki, Qeys (ön xəttin başçısı) Müaviyə ilə saziş bağlayıb, eyni zamanda Qeysin də ordusu arasında şayiə yaydılar ki, İmam Həsən (ə) də Müaviyə ilə sülh bağlamışdır. İş o yerə çatdı ki, Müaviyə camaatın gözündə zahirən yaxşı olan adamlardan bir neçəsini İmam Həsənin (ə) hüzuruna göndərdi. Onlar gəlib Mədain düşərgəsində İmam (ə) ilə görüşdülər. İmamın (ə) çadırından kənara çıxdıqda, camaat arasında car çəkdilər ki, Allah Peyğəmbər (ə) nəvəsinin vasitəsi ilə fitnəni yatırtdı və müharibəni sakitləşdirdi. Həsən ibn Əli (ə) Müaviyə ilə sülh edərək camaatın qanının tökülməsinin qarşısını aldı.
Onlar özlərinə qarşı camaatın etimadını doğrultduqlarına görə heç kim araşdırma aparmadan onların sözlərinə inanıb İmamın (ə) əleyhinə qiyam qaldıraraq o Həzrətin çadırına hücum edib çadırda nə var idisə, hamısını qarət etdilər. Hətta İmamı (ə) öldürmək fikrinə də düşdülər. Ancaq sonradan hamı dağıldı.
İmam Həsənin (ə) Müaviyə ilə sülh etməkdə məqsədi
Dünyanın böyük şəxsiyyətləri, ölkə başçıları vəziyyətin öz məqsədləri ilə zidd olduğunu görüb iki yol ayrıcına çatanda, çalışırlar işi elə həll etsinlər ki, ziyanı az olsun. Bu da siyasi və ictimai gedişatda bir əsas kimi götürülmüşdür.
Bu məsələyə əsaslanaraq İmam Həsən (ə) da çalışırdı ki, öz yüksək məqsədlərini mümkün qədər təmin etsin. Buna görə də, Müaviyə ilə sülh etmək məcburiyyətində qalanda müqavilənin birinci maddəsinə əsasən, hökuməti Müaviyəyə bu şərtlə təhvil verdi ki, Müaviyə hökuməti Quran qayda-qanunları və Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) sünnəsi əsasında idarə etsin. Məlumdur ki, İmamın (ə) məqsədi qüdrəti ələ almaq və İslam hökuməti təşkil verməklə yanaşı həm də cəmiyyətdə İslam qayda-qanununu qoruyub saxlamaq və cəmiyyətə bu qayda-qanun əsasında rəhbərlik etmək idi. Əgər bu qayda-qanun Müaviyə tərəfindən də icra olunsaydı, yenə İmamın (ə) məqsədi az da olsa təmin olunardı. Buna əlavə olaraq ikinci maddəyə əsasən, Müaviyənin ölümündən sonra İmam Həsən (ə) İslam cəmiyyətinin rəhbərliyini azad şəkildə öz öhdəsinə götürə bilərdi. Müaviyənin otuz yaş İmam Həsəndən (ə) böyük olduğunu, o dövrdə artıq Müaviyənin qocalıq vaxtlarını keçirtməsini və adi halla onun ömrünün sonlarının yaxınlaşdığını nəzərə alanda, bu maddənin adi hesablamalar əsasında İslam və müsəlmanlar üçün nə qədər faydalı olduğu məlum olur. Müqavilənin digər maddələri də bu cür əhəmiyyət daşıyır. Çünki cümə namazında və eləcə də digər namazlarda Əlinin (ə) rəsmi şəkildə heç bir qorxu olmadan lənətləndiyi, bu işin bir bidət kimi camaat arasında yayıldığı və Əlinin (ə) şiə və dostlarının, eləcə də Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) ailəsinin (qohum-əqrəbasının) hər yerdə təqib olunduğu və tutularaq cürbəcür təzyiqlərə məruz qaldığı bir dövrdə bu işlərin bundan belə təkrar olunmayacağı barədə maddə yazıb onu Müaviyəyə qəbul etdirmək və Müaviyənin onlara əməl edəcəyi vədini onun dilindən almağın nə qədər böyük nailiyyət olduğunu inkar etmək mümkün deyil.
Kufədə toplanış
Sülh müqaviləsi bağlandıqdan sonra tərəflər (İmam Həsən (ə) ilə Müaviyə) hərə öz ordusu ilə birlikdə Kufə şəhərinə gəlib şəhərin böyük məscidində bir yerə toplaşdılar. Camaat gözləyirdi ki, indi sülh müqaviləsinin maddələri hər iki tərəfin rəhbərliyinin iştirkı ilə camaat üçün oxunulacaq və daha onun icra olunacağında heç kimin şəkk-şübhəsi qalmayacaqdır.
Əlbəttə, camaatın bu intizarı heç də yersiz deyildi. Çünki camaat qarşısında çıxış etmək sülh proqramının əsaslarından biri idi. Buna görə də, Müaviyə minbərə çıxıb xütbəyə başladı. Ancaq o, nəinki sülhün maddələrinə əməl edəcəyi haqqında söhbət etmədi, hətta tənə və təhqirlə dedi: «Mən sizinlə namaz qılıb həcc yerinə yetirmək, zəkat ödəmək üçün vuruşmadım. Mən bilirəm ki, onsuz da siz bunları yerinə yetirirsiniz. Mən sizinlə ona görə vuruşdum ki, sizi özümə tabe edib hökuməti ələ keçirəm.»
Daha sonra dedi: «Bunu bilin ki, Həsən ibn Əli (ə) ilə bağladığım sülh müqaviləsinin bütün maddələrini ayağım altına qoyub tapdalayıram və onların heç birinin dəyəri yoxdur.»
Beləliklə də, Müaviyə İmam Həsən (ə) ilə bağladığı sülh müqaviləsini ayağı altına saldı və onu açıqcasına pozdu.
Müaviyənin cinayətləri
Müaviyə bu siyasəti yürütdükdən sonra öz işlərini düzəltmək əvəzinə əksinə, cinayətlərini daha da artırdı. O, Əliyə (ə) əvvəlkindən daha çox hörmətsizlik etməyə başladı. Yaşayışı, Əlinin (ə) vəfalı, böyük dost və şiələrinə həddən artıq darısqallaşdıraraq Hicr ibn Ədiyy kimi İslamın böyük şəxsiyyətlərini qətlə yetirdi. Əlinin (ə) şiələrinə yönələn qətl, işkəncə və əzab-əziyyəti daha da şiddətləndirdi. Belə ki, Əlinin (ə) əksər dostları ya tutulub həbs edilir, ya dərbədər düşür, ya da öz ev-eşiklərindən uzaq düşüb sıxıntılı mühitdə yaşayırdılar. Müaviyə təkcə Əli (ə) və şiələrinin hörmətinin qorunması maddəsini pozmaqla kifayətlənməyib hətta Darabegərd məntəqəsinin xəracına da müqavilədə olduğu kimi əməl etmədi.
Təbəri bu barədə yazır: «Bəsrə əhalisi Darabegərdin xəracını verməyib dedi ki, bu mal bizim beytül-malın olub və bizə məxsusdur.»
İbn Əsir yazır: «Bəsrə əhalisi Darabegərd məntəqəsinin xəracını verməkdən boyun qaçırtdı. Onlar bu işi Müaviyənin göstərişi ilə etdilər.»
Sülh – Aşura hərəkatı üçün zəminə
Bu qorxulu hadisələr İraq əhalisini möhkəm oyatdı və əhali Əməvi hakimiyyətinin əsl mahiyyətini az da olsa, tanıdı. Onlar artıq sakit oturmaqdan, süst qalmaqdan bezmişdilər. Tayfa başçılarının İmam Həsənin (ə) sülhündən istifadə edib Müaviyənin «səxavətindən» bəhrələndiyi bir vaxtda İraqın adi əhalisi öz ayaqları ilə tərəfinə getmiş və öz əlləri ilə ona beyət etmiş Müaviyənin zalım hökumətinin əsl mahiyyətini yavaş-yavaş tanımağa başlayırdı.
Müaviyə Müğeyrə ibn Şübəni Kufəyə, Abdullah ibn Amiri isə Bəsrəyə başçı təyin etdi. Osmanın ölümündən sonra Bəsrədən çıxıb getmiş Abdullah yenidən oraya qayıtdı. Müaviyənin özü isə Şama gedib Dəməşqdə ölkə işlərinin tədbirinə başladı.
İraq camaatı hər dəfə Əlinin (ə) dövründəki yaşayışlarını yada saldıqda, qəmgin olur və Əlini (ə) himayə etmədiklərinə görə peşmançılıq çəkirdilər. Eləcə də, Şam əhalisi ilə bağladıqları sülhə görə peşman olmuşdular. Onlar bir-biri ilə rastlaşanda, bir-birini danlayır, bir-birindən soruşurdular ki, görəsən, nə olacaq, nə etməliyik? Sülhdən bir neçə il keçməmişdi ki, Kufə şəhərinin nümayəndələri İmam Həsəni (ə) görüb onunla söhbət etmək və onun sözlərinə qulaq asmaq üçün Kufədən Mədinəyə get-gəl etməyə başladılar.
Bu əsasa görə İmam Həsənin (ə) sülh dövrü gələcək günə qədər camaatın azğın Əməvi hökumətinə qarşı hazırlıq və döyüş üçün məşq etmək dövrü hesab olur. Elə bir gün ki, İslam cəmiyyəti artıq həmin gün mübarizə etmək üçün hazır olacaqdı.
Qiyam etmək üçün hazırlığı bildirmək
İmam Həsən (ə) sülh edəndə, hələ camaatın düşüncə tərzi o dərəcəyə çatmamışdı ki, İmamın (ə) məqsədini təmin etsin. O zaman İslam cəmiyyəti arzu və istək zəncirlərinin əsiri idi. Bu həmin arzu və istək idi ki, camaatda məğlubiyyət ruhiyyəsi yaratmışdı. Buna görə də, İmam Həsənin (ə) qarşısında duran məqsəd camaatın fikrini Əməvi hökumətinə qarşı qiyama yönəltmək, camaata Əməvi hökumətinin həqiqi mahiyyətini başa düşüb fikirləşmək üçün fürsət verməkdən ibarət idi. Xüsusilə qeyd etmək lazımdır ki, İmam Həsənin (ə) Əməvi hökumətinin cinayət və zülmlərinə, onların Quran və İslam qayda-qanunlarını kəskin surətdə pozmasına işarə etməsi, camaatın fikrini tamamilə oyadırdı. Yavaş-yavaş bu oyanış artdı və İraqın böyük şəxsiyyətləri İmam Hüseynin (ə) yanına gəlib ondan qiyam etməsini istədilər.
Hadisələrin Mədinədə təsiri
İmam Həsənin (ə) şəhadətindən sonra İmam Hüseyn (ə) İmamət məqamını öz öhdəsinə götürdü. Bu vaxtlar Müaviyənin törətdiyi cinayətlər Mədinədə səs-küyə səbəb olmuş və İmam Hüseynin (ə) böyük şiə şəxsiyyətləri ilə İraq, Hicaz və başqa yerlərdə təşkil etdiyi ictimai yığıncaqların əsas söhbətinə çevrilmişdi. Məsələn, Müaviyə Hicr ibn Ədiyy və onun yol yoldaşlarını öldürdükdən sonra Kufənin adlı-sanlı şəxsiyyətlərindən bir neçəsi İmam Hüseynin (ə) yanına gedərək məsələdən onu xəbərdar etdilər. Bu xəbərin yayılması ilə bütün möminlər arasında hökumətə qarşı böyük nifrət hissi oyandı.
Bu məsələdən məlum olur ki, artıq o vaxtlar Əməvi hökumətinə qarşı müntəzəm olaraq müxalifətlər irəli sürülürdü. Bu müxalifətin təbliğatçıları və əsas aparıcı qüvvələr İmam Həsənin (ə) sayca az olan ən yaxın dostları idi. İmam Həsən (ə) öz ağıllı tədbiri ilə onların canını Müaviyənin apardığı çirkin bəlasından qoruyub saxlamışdı. Bu azsaylı dəstənin məqsədi o idi ki, qiyamın yetişməsi və camaatı qiyama hazırlamaq məqsədilə Müaviyənin hakimiyyəti dövrü ərzində törətdiyi bütün cinayətləri camaatın yadına salsın.
Nəyə görə İmam Həsən (ə) sülh, İmam Hüseyn (ə) isə qiyam etdi? Ötən araşdırmalarda İmam Həsənin (ə) sülhünün səbəblərini aydınlaşdırdıq. Burada belə bir sual irəli gəlir ki, nəyə görə İmam Həsən (ə) sülh, İmam Hüseyn (ə) isə qiyam etdi? Əgər sülh etmək düzgün fikirdisə, bəs onda nəyə görə İmam Hüseyn (ə) Yezidlə sülh bağlamadı? Yox əgər vuruşmaq lazım idisə, onda nəyə görə İmam Həsən (ə) vuruşmadı?
Bu sualların cavabını bu iki böyük İmamın yaşadığı müxtəlif şəraitli dövrdə və Yezidlə Müaviyənin rəftarında axtarmaq lazımdır. İndi Müaviyə ilə Yezidin rəftarındakı fərqli cəhətlər haqqında az da olsa, sizə məlumat veririk.
Yezid – İslam cəmiyyətinin nifrətamiz siması
Yuxarıda dediyimiz məsələlər Yezid barəsində tamamilə əksinədir. Çünki Yezidin, həm atası Müaviyənin yeritdiyi siyasətdən başı çıxmırdı, həm də din adı altında camaata rəhbərlik etdiyi İslam dininin zahirindən də çox uzaq idi.
Yezid hələ bişməmiş, şəhvətpərəst, özbaşınalıq edən,ehtiyat və uzaqgörənlikdən uzaq olan bir gənc idi. O, ağılsız, qorxusuz, kefcil, əyyaş və çox aşağı səviyyəli fikir düşüncəsinə malik olan bir adam idi.
Hakimiyyətə gəlişindən qabaq həvayi-nəfsinin qulu və dünya təmayüllü Yezid hakimiyyətə gəldikdən sonra da, atasından fərqli olaraq heç İslamın zahirinə də əməl etmirdi. O, hətta zahirdə də özünü dindar və imanlı bir şəxs kimi göstərmirdi. Əksinə, qorxusuzluğu nəticəsində İslamın zahiri qayda-qanunlarını da pozur və şəhvətini doyuzdurmaqdan ötrü əlindən gələni edirdi. O, açıq-aşkar şərab içir və açıqcasına fitnə-fəsad törədirdi. Yezid siyasi nöqteyi-nəzərdən o qədər zəif idi ki, İslamla barışmaz düşmən olan və cahiliyyət dövrünü xatırladan Bəni–Üməyyə hakimiyyətinin əsl mahiyyətini camaata aşkar etdi. Yezidin bu qanun pozuntuları və işlərə laqeyd yanaşması artıq onun xilafət məqamını qoruyub saxlamağa ləyaqəti olmadığını və müsəlmanların rəhbəri olmasına səlahiyyəti çatmadığını hamıya sübut etmişdi. Buna əsasən, Bəni–Üməyyə hakimiyyətinin muzdurları İmam Hüseynin (ə) qiyamını camaatın fikrində müttəhəm edə bilməzdilər. Çünki camaat Yezidin dini qayda-qanunlarla heç cür uyğunluğu olmayan işlərini öz gözləri ilə görürdü. Elə Yezidin bu rəftarı onun hökumətini devirmək üçün qiyam etmək fikrini camaatda oyatmaq üçün mühüm amil hesab olunurdu. Belə bir dövrdə camaat İmam Hüseynin (ə) qiyamını siyasi ixtilaf və vəzifə üstündə mübarizə kimi yox, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) balasının İslamı qorumaq məqsədilə batil hökumət əleyhinə mübarizəsi kimi qələmə verirdi.
Qiyamçılar qüvvə toplayır
İmam Hüseynin (ə) qiyamının başqa bir səbəbini də, İmam Həsənin (ə) sülhündən sonra şiələrin dəvətinin genişlənməsində və ümumi fikrin oyanmasında axtarmalıyıq. Çünki İmam Həsənin (ə) sülhündən sonra Əməvi hökumətinə qarşı yaranmış hərəkat günbəgün artır və hərəkatın dairəsi genişlənirdi. Müaviyənin də siyasəti istər bilərəkdən, istərsə də, bilməyərəkdən bu hərəkatın genişlənməsinə gətirib çıxarmışdı. Çünki İmam Həsənin (ə) şəhadətindən sonra meydanı bir az açıq görən Müaviyə get-gedə vəziyyəti camaata (xüsusən də, Əlinin (ə) şiələrinə) çətinləşdirir və əlindən gələn zülmü edirdi. Müaviyənin müsəlmanların hüquqlarına dəfələrlə təcavüz etməsi və onun ordusunun günahsız insanları qırması, yaxud əziyyət verməsi, sülh müqaviləsini pozması, sülh müqaviləsində qeyd olunanın əksinə olaraq özündən sonra Yezid üçün vəliyyi-əhd adı ilə camaatdan beyət alması, nəhayət İmam Həsəni (ə) zəhərləməsi Bəni–Üməyyə hakimiyyətini daha da ləkələyən və onun mövqeyini bir qədər də zəiflədən məsələlər idi. Bu hadisələr şiələrin birləşməsi və Əməvi hökumətinə qarşı cəbhənin güclənməsinə və tədricən İmam Hüseynin (ə) qiyamının başlanmasına səbəb oldu.
Görkəmli Misir alimi və yazıçısı doktor Taha Hüseyn sülh müqaviləsindən sonra Müaviyənin şiələri tənə və tənqid etməsini qeyd edərək yazır: «Müaviyənin son on il hakimiyyəti dövründə şiələrin işi artdı və onların dəvəti İslam ölkəsinin Şərqində və ərəb məntəqələrinin Cənubunda həddən artıq yüksəliş tapdı. Belə ki, Müaviyənin ölümü zamanı camaatın əksəriyyəti, xüsusən də, İraq əhalisi Müaviyəni lənətləməyi və Əhli-beyt məhəbbətini özlərinə bir dini vəzifə kimi hesab edirdi.»1 Beləliklə də, İslam cəmiyyəti Əməvi hökumətinin həqiqi simasını kifayət qədər tanıdı. Onlar bu hökumətin işkəncələrini kifayət qədər daddılar və bu hökumətin müsəlmanların hüquqlarına etdiyi təcavüz və zülmləri gördülər. Bu hökumətin Müaviyənin hakimiyyəti dövründə üzünə keçirdiyi üzlük kənara çəkilərək camaat onun həqiqi qiyafəsini tanıdı. Bunun da nəticəsində Müaviyənin ölümü və İslam cəmiyyətinin oyanması ilə Müaviyənin dövründə baş tutacaq bir qiyama mane olan səbəblər aradan qaldırıldı və Əməvi hökumətinə qarşı qiyam üçün yol açıldı. Belə bir vaxtda Hüseyn ibn Əli (ə) azğın Bəni–Üməyyə hökumətinə qəti zərbə endirərək o böyük və misilsiz qiyamı həyata keçirtdi.
Tərəfdarların fərqi
İmam Həsən (ə) ilə İmam Hüseynin (ə) yaşadığı dövr arasındakı fərqdən əlavə, bu iki İmamın tərəfdarları arasındakı fərqi də nəzərə almaq lazımdır. İrəlidə qeyd etmişdik ki, İmam Həsənin (ə) ordusu bir şayiə eşitməklə bir-birinə dəydi və bəziləri İmamın çadırına hücum edərək hətta onun ayağı altındakı xalçanı da qarət etdilər. İmamla Şam ordusuna qarşı vuruşmaq və bu yolda can vermək istəyənlərin özləri fitnə yaradaraq İmamı tək qoydular. İndi onları İmam Hüseynin (ə) tərəfdarları ilə müqayisə edin. İmam Hüseynin (ə) tərəfdarları Aşura gecəsi (Tasua günü) (İmam Hüseynə (ə)) deyirdilər: «And olsun Allaha, əgər bilsək ki, öldürüləcəyik, sonra bizi dirildib yenə öldürərək yandırıb külümüzü küləyə verəcəklər və bu işi yetmiş dəfə təkrarlayacaqlar, sənin yolunda can verməmiş yenə səndən ayrılmarıq. Ölmək ki, bir dəfədən çox deyil! Özü də şəhadətə yetişmək kimi ölmək. Bu, əbədi səadət və izzətdir!»
Bəli, bu cür insanlarla bəşəriyyət tarixində «şəhadət» adlı bir şövq, göylərdə «Aşura» adlı bir zümzümə yaratmaq olar. Lakin o cür şəxslərlə (İmam Həsənin (ə) dövründəki adamlarla) nə qələbə mümkündür, nə də şəhadət. Onlar adamı əl-qolu bağlı düşmənə təhvil verər və adama əsirlik zillətindən başqa heç bir şey nəsib etməzlər. İmam Həsənin (ə) mübarizə səngərini dəyişməsinin səbəbi də elə bu idi. Başqa sözlə desək, İmam Həsən (ə) mübarizə məqsədini yox, formasını dəyişdi. Elə bil ki, nəqliyyat vasitəsi gedə-gedə namaz qılan şəxs nəqliyyat vasitəsi sağa-sola dönərkən o da yerini dəyişir, ancaq cəhəti (qibləyə tərəf durmaq) olduğu kimi qalır. Haqq tərəfdarlarının məqsədi də daima batilə qarşı mübarizə etmək olub. İstər bu mübarizə Aşurada (Kərbəla çölündə), istər Kufənin məhəllə və küçələrində, istər Mədinə məscidində, istər Bağdad zindanında və istərsə də ayrı yerlərdə olsun.
İmam Həsən (ə) o dövrdə haqq-ədalətin yayılmasına böyük mane olan Müaviyəni hədəf tutmuşdu. Bu ali məqsədə gah ordu hazırlamaqla yetişmək istəyir, gah da sülhü qəbul etmək tədbiri ilə.1
Bir vəzifənin iki tərəfi Mücahid Əllamə Seyyid Şərəfüddin Amili görkəmli alim Şeyx Razi Ali-Yasinin çox dəyərli olan «Sülhül-Həsən» (İmam Həsənin (ə) sülhü) adlı kitabına yazdığı ön sözdə deyir: «...İmam Həsənin (ə) ən əsas məqsədi o idi ki, cəddi Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) dinini aradan aparmaq üçün çəkilmiş planların qarşısını almaq üçün bu zalımların üzündəki pərdəni götürüb onları camaata olduğu kimi tanıtdırsın. İmam bu məqsədinə tam şəkildə nail oldu. Əməvilərin çirkin üzündəki pərdə götürüldü və onların həqiqi siması aşkar oldu. (Bu nemətə görə Allaha şükr olsun!) İmam Həsənin (ə) bu tədbirinin nəticəsində qardaşı İmam Hüseyn (ə) həqiqəti üzə çıxaran və ağıl sahiblərinə ibrət dərsi olan o böyük inqilabı həyata keçirtdi. Bu iki qardaş bir işin iki tərəfi idi. Hər birinin öz işi və öz vəzifəsi yerində, özünəməxsus şəraitdə bu işi icra etmək və çətinliklərə dözmək baxımından, eləcə də fədakarlıq və canfəşanlıq göstərmək baxımından bir-biri ilə tam uyğun gəlir. İmam Həsən (ə) öz canını bu yolda qurban verməkdən əsirgəmədi. İmam Hüseyn (ə) Allah yolunda canından keçməkdə heç də İmam Həsəndən (ə) irəli deyil. Əsas məsələ budur ki, İmam Həsən (ə) öz canını sakit və aram cihadda (soyuq müharibədə) qurban verdi. Elə ki, sükutu qırmağın vaxtı yetişdi, Kərbəla şəhadəti meydana çıxdı. Elə bir şəhadət ki, İmam Hüseynin (ə) başına gəlməzdən qabaq İmam Həsənin (ə) başına gəlmişdi.
Nəzər sahibləri olan düşüncəli insanların fikrincə Sabat günündəki fədakarlıq hadisəsi Aşura gününün hadisəsindən daha artıq olmuşdur. Çünki İmam Həsən (ə) həmən gün fədakarlıq səhnəsində səbirli və dözümlü bir qəhrəman rolunu məğlub olub əldən düşmüş bir şəxs simasında oynadı. Buna görə də, Aşura şəhadəti ilk növbədə İmam Həsənə (ə) sonra isə İmam Hüseynə (ə) yetişmişdi. Çünki Aşura hərəkatının əsas banisi İmam Həsən (ə) olmuş, İmam Hüseyn (ə) isə onu sona çatdırmışdır.
İmam Həsənin (ə) qiyamının həqiqəti, öz səbr və hikməti sayəsində aşkar etməyə bağlı idi. İmam Hüseynin (ə) parlaq qələbəsinin səbəbi də, məhz həqiqətin bu cür aşkara çıxması idi. Elə bil ki, İmam Həsən (ə) ilə İmam Hüseyn (ə) (İslamın ziddinə olan Əməvi hökumətinin əsl mahiyyətini aşkar etmək və camaatı qəflət yuxusundan oyatmaq üçün) müttəfiq olaraq bir proqram əsasında hərəkət etmiş və hər biri bir rolda çıxış etmişlər. Təkcə fərq budur ki, İmam Həsən (ə) öz rolunu hikmətli səbr əsasında, İmam Hüseyn (ə) isə mərdcəsinə qiyam etmək əsasında ifa etmişdir. Beləliklə də, bir məqsədə çatmaq üçün mükəmməl bir taktika yaranmışdır.
Sabat və Kərbəla hadisəsindən sonra camaat oyanıb hadisələr və vəziyyətin gedişi haqqında və Bəni–Üməyyə hakimiyyətinin əsl mahiyyəti barədə fikirləşməyə başladı.»1
Bu həqiqətləri nəzərə alaraq deyə bilərik ki, əgər İmam Hüseyn (ə) öz əziz qardaşı İmam Həsənin (ə) vaxtındakı şəraitdə olsaydı, eynilə İmam Həsənin (ə) gördüyü işi görəcəkdi. Eləcə də, İmam Həsən (ə) İmam Hüseynin (ə) yerində olsaydı, eynilə İmam Hüseynin (ə) gördüyü işi görəcəkdi. Çünki bu iki İmam hərə öz vaxtının şəraitinə uyğun olaraq öz vəzifələrini yerinə yetirmişlər.
İslam peyğəmbəri bu hadisələri nəzərə alaraq öz uzaqgörənliyi ilə bu iki övladı barədə buyurmuşdur: «Həsən (ə) və Hüseyn (ə) İslamın iki İmamıdırlar. İstər sülh etsinlər, istərsə də qiyam.»
Sülh, yoxsa məsləhət? İmam Həsənin (ə) sülhünü, başqa sözlə desək, Müaviyə ilə bağladığı atəşkəsi bəlkə də, İslam dünyasında İmamət məqamının ən çətin mərhələlərindən biri kimi adlandırmaq olar. Tarixin bu inqilabi hərəkəti və onun insanı üzən çətinliklərinə dözmək həmişə mübahisələr törətmiş və suallara səbəb olmuşdur. Bu hadisənin acınacaqlı çətinliklərinə Həzrət Əlinin (ə) oğlu İmam Həsən (ə) imana nisbət öz ali məqamı ilə dözmüş, ondan başqa heç kəs bunlara dözməmiş və dözə də bilməz. Ancaq təəssüflər olsun ki, qərəzi olanlar qərəz məqsədi ilə, cahillər də öz nadanlıqları nəticəsində bu cür iman əsasında çəkilmiş planı təhrif etmiş və pis mənalara yozmuşlar.
İmamların hamısı təqva nümunəsi və hərənin özünəməxsus yolu olmuşdur. Təqva hamısında müştərək cəhət olmuş, yolları isə bir-birindən fərqlənmişdir.
Əlinin (ə) seçdiyi yol iki hissədən – sükut və qiyamdan təşkil olmuş və ümməti qabağa aparmışdır. İmam Həsənin (ə) yolu birinci mərhələdə, İmam Hüseynin (ə) yolu isə ikinci mərhələdə atalarının yolu kimidir. Əli (ə) sükut etmədən qiyam edib xəbərdaredici və həyatverən şəhadətə çatmazdı. İmam Hüseynin (ə) da fəryadı və canfəşanlığı qardaşının sülhü olmadan özünü tarixə sala bilməzdi.
İmam Həsəni (ə) öz sağlamlığını güdən bir şəxs kimi fikirləşənlər və eləcə də, şur və həyəcan nəticəsində İmam Həsənin (ə) da şəhadəti seçib Sabatda (Sabat sülh müqaviləsi bağlanan yerin adıdır. Onunla əlaqədar olaraq sülh bağlanan günün də adı Sabat günü adlandırılmışdır. İmam Həsənin (ə) bu sülhü inqilabi və tarixi bir hadisə olmuş, başqa sözlə desək, İmam Həsənin (ə) Aşurası olmuşdur.) yeni bir Aşura, Kufədə yeni bir Kərbəla yaratmasını arzulayanların hamısı səhv fikirdədir.
Yol seçmək mübarizənin ən əsas cəhətidir Ola bilsin şəhadətə dözmək İmam Həsən (ə) üçün daha asan olardı. Ancaq o da, təkcə İslam və müsəlmanları fikirləşməli və mübarizənin ən əsas yolunu seçməli idi. Bir az fikirləşdikdə, görürük ki, İmam Həsənin (ə) dövründə sülhdən başqa heç bir yol yox idi. O da ancaq yaxşı ölmək və məqsədə çatmaq üçün idi. Əgər İmam Həsən (ə) tək qaldığı bir dövrdə qardaşı kimi qiyam edib şəhid olsaydı, İmamət xətti qırılardı. Əgər İmam Həsənin (ə) da qardaşı Hüseyn (ə) kimi yetmiş iki dostu olsaydı, bəlkə o da, İmam Hüseyn (ə) kimi qiyam edərdi. Ancaq düşmən onun ordusunu başından uzaqlaşdırdığı və hətta İmamın (ə) öz arvadını onu zəhərləmək üçün razı saldığı, İmamın (ə) ordusunun başçılarını İmamı (ə) qolubağlı Müaviyəyə təslim etmək üçün pulla aldatdığı və nəhayət İmamın (ə) qiyam üçün kömək istəyəcəyi bir ordunun başçısını İmamın (ə) öz əleyhinə qiyama qaldırdığı bir halda, İmamın (ə) sülhdən başqa çarəsi vardımı? İmamın (ə) etibar edəcəyi təkcə insan var idisə, o da İmam Hüseyn (ə) idi. Ancaq onu da sabahın Aşurası gözləyirdi. Əgər Kərbəla şəhadətinin İmam Hüseynin (ə) başına gəlməzdən qabaq İmam Həsənin (ə) başına gəldiyini qeyd etməsək və İmam Həsənə (ə) Sabat günü fədakarlıq meydanında məğlub olmayan bir qəhrəman rolunu məzlum və əldən düşməmiş məğlub (yəni, sülhü məcbur olub qəbul etmişdir) bir şəxs simasında ifa etməsinə nəzər salmasaq, insafsızlıq etmiş olarıq.
Əgər İmam Həsən (ə) Müaviyə ilə sülh sazişi bağlamasaydı və həmən sülhün pozulması sınağı camaat üçün irəli gəlməsəydi, şübhəsiz ki, İmam Hüseynin (ə) qiyamı da baş tutmayacaqdı. Əgər İmam Həsən (ə) Müaviyəni özündən sonra canişin təyin etmək hüququndan məhrum etməsəydi və Müaviyə Yezidi özündən sonra canişin təyin etməklə bu maddəni pozmasaydı, nə İmam Hüseynin (ə) qiyam etməyə bir səbəbi olardı, nə də onun ardıcılları ona bəraət qazandırmaq üçün bir sübut tapa bilərdilər.
Sabat və Aşura – Əməvilərin çirkin cahiliyyətinin ifşaçısı O vaxtın camaatı Sabat və Aşura hadisələrinə nəzər salıb Əməvilərin çirkin cahiliyyətini açıq-aşkar gördü. Gördülər ki, İmam Həsən (ə) sülh bağladı, ancaq Müaviyə sülhün şərtlərini pozaraq beş maddənin heç birinə riayət etmədi. Nə öz hakimiyyəti dövründə Quran və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sünnəsi ilə hərəkət etdi, nə özündən sonra hakimiyyəti onun əsl sahibinə verdi, nə xəlifə seçməyi şuraya tapşırdı, nə minbərin hörmətini Əlini (ə) söymək üzündən qoruyub saxladı, nə söz verdiyi (Darabegərd məntəqəsinin) xəracını verdi, nə də Əlinin (ə) şiələrini kişilikdən uzaq olan əzab-əziyyətlərdən qorudu. Nəhayət İmam Həsəni (ə) da zəhərlədi.
Ən böyük istək və bacarmamaq İmam Həsənin (ə) sakit, İmam Hüseynin (ə) isə səs-küylü qiyamı nəticəsində gizli məsələlər üzə çıxaraq gizli fikirlər aşkar oldu. Bu, İslamın İmam Həsəndə (ə) gizlənmiş qəzəbi idi. Bu qəzəb İmam Həsəndə (ə) qalaraq İmam Hüseynin (ə) bədənində cuşa gələn İmamət bünövrəsinin qanına çevrildi.
İmam Həsən (ə) istəyib, ancaq istədiyini yerinə yetirə bilməməyin bir nümunəsi idi. O, elə bir mücahid idi ki, döyüşlərdəki şücaəti hamını heyran qoymuş və elə bir övlad idi ki, atasının rəşadət məktəbindən şəhadət məktəbinə qədər ondan bəhrələnmiş və irs aparmışdı. İmamət meydanındakı vəzifəsini təkcə sülhdə görüb necə böyüklük və səbirlə onu qəbul edərək dözdü. Bu İmam Həsənin (ə) seçdiyi yolun gözəlliyi idi. Bundan başqa heç bir şey deyildi. O, sükut və sülhü qılıncın tiyəsinə oturtmaqla, İslamı qoruyub saxladı. Onun kəsici dili, qəti xütbələri və kəskin çıxışları qılınc sükutunun əvəzini lazımi şəkildə çıxaraq bu yolla qardaşının qanlı qiyamı üçün lazım olan şəraiti hazırladı. İş o yerə çatmışdı ki, Müaviyə onunla söhbət etməkdən qorxur və hiylə ilə çalışırdı ki, onun səsini boğsun və mümkün qədər onu məclislərdə danışmağa qoymasın.
Geniş meydanlarda cihad
İmam Həsən (ə) islah yolunda ən böyük addımı atdı. Fitnə-fəsad və silahın hakim olduğu bir dövrdə əxlaq, məhəbbət və islah məktəbinin qapılarını açaraq məqsədi islahdan başqa heç nə olmayan bir şəxs kimi öz adını Allah rizası ilə əvəz etdi. O, ilk mərhələdə sülhə əl atmadı, əksinə, işin axırında və bütün mübarizə meydanlarında məğlub olduqdan sonra sülhü qəbul etdi. Onun mübarizəsi müxtəlif cəhətləri olan geniş meydanlarda oldu. Düşmənlə mübarizə zamanı həm ordunu, həm səngəri, həm də hiylə və kələklərlə üzləşməyi imtahana çəkdi. Münafiq səhabələrinə qarşı islah qüvvəsindən, nəfslə mübarizədə isə, qəzəbini boğub məcbur edilmiş sülhü qəbul etməkdən istifadə etdi.
Bu məzlum və sakit İmamın cihadlarına hətta gözucu da olsa, nəzər salmaqla hər etiraza cavab vermək olar.
|