Həyatı
İmam Baqir (ə) hicrətin 57-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynül-abidinin (ə) vəfatı vaxtı (hicrətin doxsan altıncı ilində) otuz doqquz yaşı var idi. Adı Məhəmməd, künyəsi Əbu Cəfər,ləqəbləri Baqir, Baqirül-ülum olmuşdur. Anası İmam Həsənin (ə) qızı Ümmü Abdullah olmuşdur. Buna görə də, İmam Baqir (ə) həm ata, həm də ana tərəfdən Həzrət Əli (ə) və xanım Zəhranın (səlamullahi əleyha) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (ə) hicrətin yüz on dördüncü ilində Mədinə şəhərində vəfat etmiş, məşhur Bəqi qəbristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O Həzrətin İmamət dövrü on səkkiz il olmuşdur.
İmam Baqirin (ə) həməsri olmuş xəlifələr Aşağıda adları çəkilmiş xəlifələr İmam Baqirin (ə) İmaməti dövründə onun həməsri olmuşlar:
Vəlid ibn Əbdülməlik (86-96 h.q);
Süleyman ibn Əbdülməlik (96-99 h.q);
Ömər ibn Əbdüləziz (99-101 h.q);
Yezid ibn Əbdülməlik (101-105 h.q);
Hişam ibn Əbdülməlik (105-125 h.q);
Bu xəlifələrin hamısı Ömər ibn Əbdüləziz istisna olmaqla (o,nisbətən ədalətli və Peyğəmbər ailəsinə mehriban idi) zalım olmuş, zülm və haqsızlıqda heç də ata-babalarından geri qalmamış, xüsusən də, İmam Baqirə (ə) çox zülm etmişlər.
Elmi inqilabın banisi İmam Məhəmməd Baqir (ə) öz İmaməti dövründə münasib olmayan bir vəziyyətdə İlahi maarifi nəşr edib onu meydana çıxarmağa başladı. O Həzrət elmi çətinlikləri həll etməklə sonradan oğlu İmam Cəfər Sadiqin (ə) İmaməti dövründə təsis edilən böyük İslam məktəbinin yaranmasına şərait yaradan elmi inqilabı həyata keçirtdi. İmam Baqir (ə) elm, zöhd (təqva), fəzilət və əzəmətdə bütün Bəni–Haşim böyüklərini üstələmiş, onun böyük elmi və əxlaqi məqamı dostun da, düşmənin də tərifinə çevrilmişdi. O Həzrətdən İslami hökmlər, təfsir, İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki, o vaxtadək İmam Həsən (ə), İmam Hüseynin (ə) övladlarının heç birindən o qədər rəvayət yetişməmişdir. O dövrün böyük elmi şəxsiyyətləri və eləcə də Peyğəmbər səhabələrindən sağ qalanlar o Həzrətdən istifadə edirdilər. Cabir ibn Yezid Cüfi, Kisan Sicistani,həmçinin, İbn Mübarək, Zühri, Uzai, Əbu Hənifə, Malik, Şafei, Ziyad ibn Münzirnəhdi kimi fəqihlər o Həzrətin elmi əsərlərindən bəhrələnmiş, onun buyurduqlarını gah bilavasitə, gah da bir neçə vasitə ilə rəvayət edərlərmiş.
Sünni məzhəbinin ən mötəbər müəlliflərindən hesab edilən Təbəri, Bəlazəri, Səlami, Xətib Bağdadi, Əbu Nəim İsfahani, eləcə də, ən mötəbər qaynaqlarından olan Müvəttəi-Malik, Sünəni-Əbu Davud,Müsnədi-Əbu Hənifə,Müsnədi-Mərvəzi, Təfsiri-Nəqqaş,Təfsiri-Zəməxşəri (Əl-Kəşşaf) və onlarla bu kimi kitablar İmam Baqirin (ə) mənalı sözləri ilə doludur və onların hər yerində "Məhəmməd ibn Əli (İmam Baqir (ə)) buyurmuşdur” yaxud "Məhəmməd Baqir (ə) buyurmuşdur” ifadəsi gözə dəyir.
Şiə kitabları da, müxtəlif sahələrdə İmam Baqirin (ə) rəvayət və hədisləri ilə doludur. Bu kitablarla azca tanışlığı olan şəxs bu həqiqəti təsdiq edər.
İmam Baqir (ə) alimlər baxımından İmam Baqirin (ə) elm sədası İslam məmləkətinin hər yerinə elə yayılmışdı ki, o Həzrət "Baqirül-ülum” (elm qapılarını açan, elmi müşkülatı həll edən) ləqəbi almışdı.
İbn Həcər Heytəmi yazır: "Məhəmməd Baqir (ə) maarifin gizli dəfinələrini taparaq o qədər elmləri aşkar etmiş, həmçinin, əhkam və hikmətlərin həqiqətlərini, elmin incəliklərini bəyan etmişdi ki, bu məsələ bəsirət sahibi olmayan, ya da pis düşüncəli insanlardan başqa heç kimə gizli qalmamışdır. Elə buna görə də, onu elmləri yarıb özündə cəmləşdirən, elm bayrağını ucaldan adlandırmışlar.”
İmam Baqirin (ə) dövründə yaşamış görkəmli alim və böyük şəxsiyyət Abdullah ibn Əta deyir: "Mən İslam alimlərini heç bir məclisdə Məhəmməd ibn Əlinin (ə) məclisindəki qədər elmi cəhətdən kiçik və aşağı səviyyədə görmədim. Elm və şəriət hökmlərində bütün aləmdə tanınan Həkəm ibn Üteybəni Məhəmməd Baqirin (ə) hüzurunda yüksəkrütbəli müəllim qarşısında diz çöküb əyləşən, onun şəxsiyyət və sözlərinə heyran qalan bir uşaq (şagird) kimi gördüm.”
İmam Baqir (ə) öz sözlərində adətən Quran ayələrinə istinad edərək Allah kəlamından şahid gətirir və buyururdu: "Dediyim hər hansı məsələni məndən soruşsanız ki, bu, Quranın harasındadır, mən o məsələyə aid olan ayəni sizə göstərərəm.”
İmam Baqir (ə) məktəbinin şagirdləri İmam Baqir (ə) fiqh, hədis, təfsir və sair İslami elmlər sahəsində seçilmiş şagirdlər yetirmişdir. Onların hər biri böyük elmi şəxsiyyət hesab olunurdu. Məhəmməd ibn Müslim, Zürarə ibn Əyün, Əbu Bəsir, Büreyd ibn Müaviyə Əcli, Cabir ibn Yezid, Həmran ibn Əyun, Hişam ibn Salim kimi dahi şəxsiyyətlər İmam Baqirin (ə) yetirmələri olmuşlar. İmam Sadiq (ə) buyurardı: "Bizim məktəbi və atamın hədislərini dörd nəfər dirçəltdi. O dörd nəfər Zürarə, Əbu Bəsir, Məhəmməd ibn Müslim və Büreyd ibn Müaviyə Əcli olmuşdur. Əgər bunlar olmasaydı, bir nəfər din təlimatı və Peyğəmbər məktəbindən istifadə edə bilməzdi. Bu neçə nəfər dinin gözətçiləri olmuşdur. Onlar dövrümüzdə yaşayan şiələrimiz arasında bizim məktəblə tanış olan ilk şəxslər olmuş, Qiyamətdə də hamıdan qabaq bizə qovuşanlar məhz onlar olacaqlar.”
İmam Baqirin (ə) şagirdləri öz dövrlərinin fəqih və hədisçilərinin başbilənləri olmuş, elmi mübarizə meydanında qeyri–şiə fəqih və qazılarından üstün idilər.
Elmləri fəth edən, bilik qapılarını açan İmam Baqirin (ə) parlaq elmi əsərləri və İslam cəmiyyətinə təhvil verdiyi dəyərli şagirdləri İslam Peyğəmbərinin uzaqgörənliyini çin çıxartdı. Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) uzaqgörənliyini ehtiva edən bu hədisin ravisi (rəvayətçisi) İslamın ilkin çağlarının görkəmli şəxsiyyətlərindən biri olan Cabir ibn Abdullah Ənsaridir. İslam Peyğəmbərinin dostlarından olan və o Həzrətin ailəsinə xüsusi əlaqə ilə yanaşan Cabir deyir: "Bir gün Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mənə buyurdu: "Məndən sonra mənim nəslimdən olan elə bir şəxsi görəcəksən ki, onun adı mənim adıma, özü də mənə oxşayacaq. O, elm qapılarını camaatın üzünə açacaq.”İslam Peyğəmbəri bunu deyəndə hələ İmam Baqir (ə) dünyaya gəlməmişdi. Bu hadisədən neçə illər ötdü. Dördüncü İmamın dövrü yetişdi. Bir gün Cabir Mədinənin küçələrinin birindən keçəndə, gözü Həzrət Baqirə (ə) sataşdı. Gördü ki,Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) buyurduğu bütün nişanələr onda var. Soruşdu: "Adın nədir?” Həzrət Baqir (ə) buyurdu: "Adım Məhəmməd ibn Əli ibn Hüseyndir.” Cabir onun alnından öpüb buyurdu: "Cəddin Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mənim vasitəmlə sənə salam göndərdi.” Cabir o gündən etibarən İslam Peyğəmbərinin hörmətini qorumaq və İmam Baqirin (ə) əzəmətini göstərmək məqsədilə gündə iki dəfə o Həzrətin görüşünə gedərdi. Cabir Peyğəmbər məscidində camaatın arasında oturub (İmam Baqirin (ə) işlərinə irad tutan bəzi şəxslərin cavabında) Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) uzaqgörənliyini rəvayət edirdi.
Bir incəlik Burada qeyd etməliyik ki, Cabirin İmam Baqir (ə) ilə görüşü və Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) salamını İmama çatdırması Ricali-Kəşşi, Kəşfül-ğümmə, Əmaliyi-Səduq, Əmaliyi-Şeyx Tusi, İxtisasi-Müfid və bu kimi kitablarda müxtəlif rəvayətlər və bir-birinə oxşar məzmunlarla qeyd olunmuşdur. Bu rəvayətlər iki cəhətdən bir-birinə zidd nəzərə yetişir:
1) Bu rəvayətlərin bir qisminin mənasından belə başa düşülür ki, Cabir İmam Baqiriı (ə) Mədinə küçələrinin birində görmüş, ikinci qismi rəvayətlərin mənasından belə başa düşülür ki, Cabir İmam Baqiriı (ə) İmam Zeynül-abidinin (ə) (yə᾽ni atasının) evində görmüş, üçüncü qisim rəvayətlərdən isə belə başa düşülür ki, İmam Baqir (ə) özü Cabirin yanına getmiş, Cabir də onu orada tanımışdır.
2) Bu rəvayətlərin bəzisində deyilir ki, Cabir həmin vaxt kor olmuş, bəzilərində isə deyilir ki, Cabir diqqətlə İmam Baqiriı (ə) nəzərdən keçirtdi. Təbii ki, bu məsələ Cabirin kor olması ilə heç də uyğun gəlmir.
Birinci ziddiyyətin cavabında deməliyik ki, bir az diqqət etsək, bu rəvayətlər arasında heç bir ziddiyyət olmadığını görərik. Çünki bəzi faktlar göstərir ki, Cabirin Peyğəmbər ailəsi ilə xüsusi əlaqə və məhəbbəti olduğundan Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) uzaqgörənlik və İmam Baqir (ə) üçün göndərdiyi salamı dəfələrlə təkrar edir, bu yolla da İmam Baqirin (ə) məqamının və əzəmətinin yaxşı aydın olmasını istəyirdi. Belə olduqda bu məsələnin bir neçə dəfə müxtəlif yerlərdə təkrar olunmasının nə eybi var?
İkinci ziddiyyətin cavabı isə budur ki, Cabirin İmam Baqiriı (ə) görüb onu diqqətlə nəzərdən keçirməsindən söhbət edən rəvayətlər ola bilsin onun kor olmazdan qabaqkı vaxtına aiddir. Belə ki, Şeyx Müfid İmam Baqirdən (ə) rəvayət edir: Cabir ibn Abdullah Ənsarinin yanına gedib ona salam verdim. Salamımın cavabını alıb soruşdu: "Kimsən?” Bu hadisə onun gözləri tutulandan sonra olmuşdur. Bu rəvayətə bənzər digər birisini də Səbt ibn əl-Cuzi nəql etmişdir.
İctimai-siyasi durum Qeyd etdik ki, İmam Baqir (ə) beş Əməvi xəlifəsinin həməsri olmuşdur. İndi isə İmam Baqirin (ə) hansı ictimai-siyasi şəraitdə yaşadığını bilmək üçün o Həzrətin həməsri olmuş xəlifələrin idarə sistemindəki xüsusiyyətlərini izah edirik.
Vəlid ibn Əbdülməlik Vəlid ibn Əbdülməlik İmam Baqirin (ə) həməsri olmuş ilk xəlifədir. Onun xüsusiyyətləri barədə İmam Səccadın (ə) həyatı bölməsində şərh verdiyimiz üçün burada təkcə bunu əlavə edib deyirik: Vəlidin hakimiyyət dövrü müsəlmanların kafirlərlə mübarizədə zəfər və qələbə dövrü olmuşdur. Onun hakimiyyəti dövründə xilafət ərazisi həm Şərqə, həm də Qərbə doğru genişləndi. Vəlid öz hakimiyyəti zamanı ölkədə hökm sürən asayiş nəticəsində özündən qabaqkı xəlifələrin dövründə ələ gəlmiş qələbələri davam etdirə bildi. Buna görə də, onun hakimiyyət dairəsi Şərq və Qərb istiqamətlərində genişlənərək Hindistanın bir hissəsi, həmçinin, Kabul, Kaşğar, Tus və bir çox digər böyük ərazilər geniş İslam ölkəsinə birləşdirildi. Onun zəfərləri İspaniyaya qədər gedib çatmış, İspan imperiyasının qoşunları Musa ibn Nüseyrin başçılığı altında idarə olunan İslam ordusu ilə mübarizədə məğlub olmuş və bu ölkə müsəlmanların əlinə keçmişdi.
Süleyman ibn Əbdülməlik Süleyman ibn Əbdülməlikin hakimiyyət dövrü çox qısa olmuşdur. O, üç ildən çox hakimiyyətdə qalmamışdır. Süleyman hakimiyyətə gəldiyi ilk çağlarda özünü bir az mülayim aparmış, İraq həbsxanalarının qapılarını açdıraraq Həccac ibn Yusif tərəfindən həbsə alınmış minlərlə günahsız məhbusu azad etmiş, Yusif ibn Həccacın maliyyə işlərinə təyin etdiyi şəxsləri işdən uzaqlaşdırıb onun zalımcasına qurulmuş bir çox proqramlarını ləğv etmişdi.
İntiqam alovu Süleyman ibn Əbdülməlikin İraqın günahsız məhbuslarını azad etməsi ötəri bir şey idi. O,sonradan özünün bu metodunu dəyişərək şəxsi hesablar və hissiyyatların təsiri nəticəsində zülm və cinayətə əl atdı. Qəbilə təəssübkeşliyi məqsədilə Müzəri qəbiləsindən olanları təzyiqlərə məruz qoyub onların rəqibləri olan Qəhtani qəbiləsini (Yəmən qəbilələrini) müdafiə edirdi. O,həmçinin, tanınmış şəxsiyyətləri və ordu başçılarından bəzilərini öldürərək İspaniya zəfərinin iki cəsur qəhrəmanları Musa ibn Nüseyr və Tariq ibn Ziyada soyuq yanaşıb onları işdən qovdu.
"İslamın siyasi tarixi” kitabının müəllifi yazır: "Süleyman ibn Əbdülməlik öz valiləri barədə xüsusi ölçülər götürürdü. Bəzilərinə məhəbbətlə yanaşır, bəzilərini isə aradan qaldırmaq üçün plan çəkirdi. Hindistan əmiri Məhəmməd ibn Qasim, Mavəraun-nəhrin əmiri Qüteybə ibn Müslim və İspaniya əmiri Musa ibn Nüseyr Süleymanın düşmənçilik etdiyi şəxslərdən olmuşlar.” Bu düşmənçiliklərin hamısı şəxsi və qəbilə məqsədləri nəticəsində əmələ gəlmişdi. Təəssüflər olsun ki,burada bu barədə çox söhbət etmək mümkün deyil.
Hökumət sarayının özbaşınalığı və fəsad işləri Süleman ibn Əbdülməlik çox acgöz, qarınqulu, kefcil və gözəllikpərəst bir adam olmuşdur. O, bir neçə adi adamın yediyi qədər yemək yeyərdi. Onun üçün açılmış süfrələr həmişə təmtəraqlı olardı. O, ləl-cəvahiratla bəzədilmiş, qıraqları zərli saplarla toxunulmuş qiymətli paltarlar geyər və bu işdə o qədər ifrata yol verərdi ki, hətta onun aşbazxana işçilərinin onun yanına adi paltarda gedib-gəlməsinə icazə verməzdi. Onlar məcbur idilər ki, onun yanına gedəndə rəngli və üzərində ipək saplarla işlənilmiş paltarlar geysinlər. Hökumət sarayındakı bu gözəllikpərəstlik yavaş-yavaş digər şəhərlərə də gəlib çıxdı, Yəmən, Kufə və İskəndəriyyə şəhərlərində də camaat bu cür paltarlar geyməyə öyrəşdi.
Ömər ibn Əbdüləziz (Süleymanın atası) Əbdülməlik ibn Mərvanın Süleymandan sonra onun vəliəhdinin Yezid ibn Əbdülməlik olması barədə vəsiyyət etməsinə baxmayaraq, Süleyman xəstələnib ölümünün çatmasını bildikdə, bir sıra səbəblər üzündən Ömər ibn Əbdüləzizi öz vəliəhdi təyin etdi. Süleymanın ölümündən sonra məsciddə Ömər ibn Əbdüləzizin xəlifə seçildiyi elan olunduqda, camaat bunu çox təntənə ilə qarşılayıb ona beyət etdi. Ömər ibn Əbdüləziz camaatın narahatçılığını,Bəni-Üməyyənin hakimiyyətinə qarşı olan kin-küdurətini görüb öz işinə başlayan kimi kimsəsizlərə kömək etmək qərarına gəldi və mərkəzin əyalətlərdəki nümayəndələrinə belə bir məktub yazdı:
"Camaat zülm, haqsızlıq və çətinliklərə məruz qalmışdır. Allahın dini onların arasında əksinə icra olunmuşdur. Keçmiş zalım hakim və valilər icra etdikləri qanun və bidətlərlə haqqı, xeyir işləri və mülayim rəftarı çox az icra etmiş, camaatı boğaza yığmışlar. İndi ötənləri aradan qaldırmaq lazımdır və bu cür işlər bir daha təkrar olunmamalıdır. Bundan sonra kim həcc ziyarətinə getmək istəsə, gərək onun pulunu tez beytül-maldan ödəyəsiniz. Sizin mənimlə məsləhətləşmədən bir nəfəri cəzalandırmağa, kiminsə əlini kəsməyə, yaxud kimisə edam etməyə ixtiyarınız yoxdur.”
Özbaşınalıq, fəsad və ayrıseçkiliyə qarşı mübarizə Ömər ibn Əbdüləziz bundan əlavə, öz hökumətini təşkil etdikdən sonra hökumətin hesabında olan at və digər minik vasitələrini müzaidə yolu ilə satışa qoyub onların pulunu beytül-malın hesabına köçürtdü və öz arvadı - Əbdülməlikin qızı Fatiməyə əmr etdi ki, atası və qardaşının beytül-maldan ona bağışladığı qiymətli hədiyyələri və zinət əşyalarını beytül-mala qaytarsın. Əks təqdirdə isə onun evindən getməlidir. Fatimə ərinin əmrinə tabe olub beytül-maldan olan qiymətli hədiyyələr və zinət əşyalarını geri qaytardı.
Ömər ibn Əbdüləziz nə təkcə öz arvadını ədalət qayda-qanunları ilə tanış etdi, hətta Süleyman ibn Əbdülməlikin bütün əmlakını satıb onun iyirmi dörd min dinar məbləğinə qədər pulunu beytül-malın hesabına qaytardı.
İctimai islahat və özbaşınalığa qarşı mübarizəni öz evindən və xəlifənin ətrafına toplaşmış adamlardan başlayan Ömər ibn Əbdüləziz mübarizə dairəsini genişləndirib Bəni-Üməyyə nümayəndələrini və əmisi oğlanlarını hesab ayağına çəkərək onlara əmr etdi ki, ələ keçirdikləri ümumi malları beytül-mala qaytarsınlar. O, tam qətiyyətlə Bəni-Üməyyə nümayəndələrinin camaatdan güclə aldıqları bütün mal-dövləti onlardan geri alıb əsl sahiblərinə qaytardı və Bəni-Üməyyənin əlini mümkün qədər camaatın yaxasından çəkdi. Bu məsələ Bəni-Üməyyə nümayəndələrinə çox pis təsir etdi və onlar Ömər ibn Əbdüləzizə qarşı mübarizəyə başladılar. Bu məqsədlə Ömər ibn Əbdüləzizin qohumlarından bir neçəsi onunla görüşüb dedilər: "Qorxmursan ki, qəbilən yığışıb sənə qarşı qiyam qaldırar?” Ömər dedi: "Mən Qiyamət hesabından başqa heç bir şeydən qorxmuram. (Məni qiyamla qorxudursunuz?)”
Əlini (ə) söymək qadağandır! Qeyd etdiyimiz kimi Ömər ibn Əbdüləziz digər Əməvi xəlifələri ilə müqayisədə nisbətən ədalətli şəxs olmuşdur. Onun hakimiyyətinin Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) məsum canişinləri tərəfindən rəsmən tanınmadığı üçün onun da zalımlar cərgəsinə daxil olmasına baxmayaraq, o, özündən qabaqkı xəlifələrin zülmlərinə qarşı çıxaraq hakimiyyətini xalqa xidmət etməyə həsr etdi. Bu xidmətlər arasında onun İslama, bəlkə də bəşəriyyət aləminə göstərdiyi, həyat və hakimiyyət dövrünün xüsusi parlaq xidməti Əmirəl-möminin Həzrət Əlini (ə) söymək adətini aradan götürərək qadağan etməsidir. O, bu işi ilə altımış doqquz illik rişə atmış çirkin bir bidəti aradan götürməklə, şiə aləminə, bəlkə də, bütün bəşəriyyət aləminə xidmət etmiş oldu. Bu bidət Müaviyənin qoyduğu çirkin miras idi. Həzrət Əlinin (ə) şəhadətindən sonra (hicrətin qırxıncı ili) bütün mövqeyi ələ keçirən Müaviyə qərara gəldi ki, əks təbliğat və müxalif şüarlar vasitəsilə Əlini (ə) İslam aləminin "ən nankor” adamı kimi tanıtdırsın. O, bu məqsədini həyata keçirmək üçün bir tərəfdən Əlinin (ə) dost və şiələrini təzyiqlərə məruz qoymaqla qılınc gücü ilə Əlinin (ə) fəzilətlərinin söylənilməsinin qarşısını alaraq bir hədis, hekayə və şer belə, o Həzrətin mədhi barədə deyilməsinə icazə vermir, digər tərəfdən də, o Həzrətin parlaq simasını əksinə göstərmək üçün Əməvi hökumətinin hədisçi və yaltaqlarını Əlinin (ə) əleyhinə hədis quraşdırmağa məcbur edirdi. Bu yolla saysız hədislər söylənilib camaatın arasında yayıldı. Müaviyə bununla da, kifayətlənməyib əmr etdi ki, bütün xilafət ərazisində cümə günləri minbərə çıxıb xütbə oxuyarkən Əlini (ə) söymək də xütbəyə əlavə edilsin. Bu çirkin bidət icra olunaraq adət halını aldı. Ümumi fikirlərdə öz təsirini qoyaraq rişə atmış bir iş halına çevrildi. Belə ki, uşaqlar Əliyə (ə) qarşı kin-küdurətlə böyüdülər, böyüklər isə Əliyə (ə) qarşı zidd fikirlərlə dünyadan getdilər.
Müaviyədən sonra digər Əməvi xəlifələri də bu adəti davam etdirmiş və bu iş Ömər ibn Əbdüləzizin hakimiyyətə yetişdiyi – təxminən hicrətin birinci yüzilliyinədək icra olunurdu.1
Bir müəllimin təsir şüası Burada belə bir sual irəli çıxır ki, Ömər ibn Əbdüləzizin bu işdən (Həzrət Əlini (ə) söyməyi qadağan etməkdən) məqsədi nə olmuş və nəyə görə Əməvi xəlifələri arasında məhz o bu işə əl atmışdır?
Sualın cavabı budur ki, Ömər ibn Əbdüləzizin uşaqlıq illərində zahirən iki kiçik hadisə onun ümumi fikirlərini təsir altına almış və fikir yolunu dəyişmişdir. Onun hakimiyyət dövründəki bu böyük iş əslində oradan nəşələnmişdir.
Birinci hadisə Ömər ibn Əbdüləzizin Übeydullah adlı Allahı tanıyan, agah və imanlı bir kişinin yanında dərs öyrəndiyi vaxt baş vermişdir. Bir gün Ömər Bəni-Üməyyədən olan öz tay-tuşları ilə birlikdə oynayırdı. Uşaqlar oynaya-oynaya öz adət-ənənələrinə sadiq qalıb kiçik bir bəhanə taparaq Əlini (ə) lənətləyirdilər. Ömər də onlara qoşulub Həzrət Əlini (ə) söyürdü. Elə bu vaxt onun müəllimi uşaqların yanından keçərkən onun da digər uşaqlar kimi Əlini (ə) söydüyünü eşitdi. Ağıllı müəllim heç bir söz deməyib məscidə getdi. Dərs vaxtı çatanda, Ömər də məscidə getdi. Müəllim onu görcək namaz qılmağa başladı. Ömər bir qədər oturub gözlədi ki, müəllim namazı qurtarsın. Ancaq müəllim namazı həmişəkindən bir az çox uzatdı. Azyaşlı şagird başa düşdü ki, müəllim ondan inciyib və namaz bir bəhanədir. Müəllim namazı qurtardıqdan sonra qəzəb dolu baxışla ona baxıb dedi: "Haradan bilirsən ki, Allah Bədr döyüşündə və Hüdeybiyyə sülhündə iştirak edənlərdən razı qaldıqdan sonra onlara qəzəb etmiş və onlar lənətə layiq olmuşlar?”
Ömər: "Bu barədə mən bir şey eşitməmişəm.”
— "Bəs nəyə görə Əlini (ə) lənətləyirsən?”
— Tutduğum işdən üzr istəyir, Allah dərgahına tövbə edib söz verirəm ki, bir də belə iş görməyəcəyəm.
Müəllimin məntiqli və təsirli sözləri öz işini görərək Ömər ibn Əbdüləzizə çox böyük təsir bağışladı. Ömər o gündən etibarən söz verdi ki, bir daha Əli (ə) üçün nalayiq sözlər deməyəcək. Ancaq o,küçə və bazarda, uşaqlarla oynayanda, eşidirdi ki, camaat çəkinmədən Əlini (ə) lənətləyir.
İkinci hadisə Öməri öz sözünün üstündə durmağa daha da vadar etdi.
Böyük bir etiraf İkinci hadisə belə olmuşdur:
Ömərin atası Əbdüləziz Şam hökuməti tərəfindən Mədinə şəhərinin valisi seçilmişdi. O, cümə günləri həmişə olduğu kimi cümə namazının xütbəsində Əlini (ə) lənətləyir və xütbəni o Həzrəti lənətləməklə qurtarırdı. Bir gün oğlu Ömər ona dedi: "Ata, sən xütbə oxuyarkən hansı məsələyə başlayırsansa, onun barəsində ətraflı söhbət edir, öz fəsahət və bəlağətinlə həmin məsələnin öhdəsindən gəlirsən, ancaq elə ki, növbə Əlini (ə) lənətləməyə yetişir, dilin bir az dolaşır. Bunun səbəbi nədir?” Atası dedi: "Oğlum, sən bu işə fikir vermisən?”
Ömər: "Bəli, ata.”
Atası: "Oğlum, bizim ətrafımıza yığışıb minbərimizin kənarında oturan bu camaat mənim Əlinin (ə) fəzilətləri barədə bildiyimi bilsələr, bizim ətrafımızdan dağılıb Əlinin (ə) övladlarının ardınca gedəcəklər.”
Müəlliminin sözləri hələ də qulağında səslənən Ömər elə ki, bu etirafı öz atasından eşitdi, başdan-ayağa dəyişib özünə söz verdi ki, əgər bir gün hakimiyyətə gələrsə, bu bidəti aradan götürəcək. Buna görə də, hicrətin doxsan doqquzuncu ilində hakimiyyətə gəlcək öz keçmiş arzusunu həyata keçirtdi və bir bəyannamə dərc etdirərək əmr verdi ki, bundan sonra minbərlərdə Əlini (ə) lənətləməyin əvəzinə "Həqiqətən, Allah [Quranda insanlara] ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara [haqqını] verməyi [kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı] buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edər. [[[Allah]]] sizə, bəlkə, düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir.” ayəsi oxunulsun! Bu iş camaat tərəfindən xoş ruhiyyə ilə qarşılandı və şairlər bu işi mədh etdilər.
Fədəyin xanım Zəhranın (səlamullahi əleyha) övladlarına qaytarılması Peyğəmbər ailəsindən zülmün götürülməsi məqsədilə Ömər ibn Əbdüləzizin gördüyü böyük və əsaslı tədbirlərdən biri də, Fədəyin Peyğəmbər qızı xanım Zəhranın (səlamullahi əleyha) övladlarına qaytarması olmuşdur. Fədəyin İslam tarixində çox acı və uzun bir macərası vardır. Bu kitabda ondan bəhs etməyə imkan olmadığından qısaca olaraq onun tarixi faktlarını qeyd edirik. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Fədəyi öz sağlığında qızı xanım Zəhraya (səlamullahi əleyha) bağışlamış, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) vəfat etdikdən sonra isə Əbu Bəkr onu güclə xanım Zəhradan (səlamullahi əleyha) alıb beytül-malın torpaqları sırasına qatmışdır. O vaxtdan sonra xəlifələr bu bağı bir-birinə ötürmüş və nəhayət, Müaviyə öz hakimiyyəti dövründə onu Mərvana, Mərvan da öz oğlu Əbdüləzizə bağışlamışdır. Əbdüləziz öldükdən sonra Fədək Ömər ibn Əbdüləzizə çatır. Ömər ibn Əbdüləziz onu xanım Zəhranın (səlamullahi əleyha) övladlarına qaytarıb deyir: "Fədək onlarındır və Bəni-Üməyyənin onda heç bir haqqı yoxdur. Ancaq təəssüflər olsun ki, Ömər öldükdən sonra Yezid ibn Əbdülməlik hakimiyyətə gəlib Fədəyi xanım Zəhranın (səlamullahi əleyha) övladlarından alıb Bəni-Üməyyə nümayəndələrinin tiyulu (mülkü) qərar verir.
Şeyx Səduq "Əl-Xisal” kitabında nəql edir ki, Ömər ibn Əbdüləziz Mədinəyə səfəri zamanı İmam Baqir (ə) ilə görüşüb Fədəyi o Həzrətə qaytardı.
İmam Baqir (ə) sanki Ömər ibn Əbdüləzizin Peyğəmbər ailəsindən bəzi zülmləri götürməsini nəzərə alıb buyurmuşdur: "Ömər ibn Əbdüləziz Bəni-Üməyyənin ən nəcib adamıdır.”
Ömər ibn Əbdüləziz iki il hakimiyyətdə olmuş və deyilənə görə Bəni-Üməyyə nümayəndələri onu zəhərləyərək öldürmüşlər.
Hədis yazmağın qadağan edilməsi Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) vəfatından sonra İslam cəmiyyətində ortaya çıxmış azğınlıqların ardınca çox təəssüfləndirici başqa bir hadisə meydana gəlmiş, onun acınacaqlı və ziyanverici nəticələri uzun müddət İslam aləminə zərbə vurmuşdur. O hadisə hədis söyləmək, yazmaq və toplamağın qadağan edilməsi olmuşdur.
Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) hədis və buyurduqlarının Qurandan sonra ikinci yerdə durduğuna, asimani kitabdan (Qurandan) sonra İslam mədəniyyətinin ən böyük mənbəyi sayılmasına və ümumiyyətlə, bu iki şeyin (Quranla hədisin) bir-birindən ayrılmasının qeyri-mümkün olmasına baxmayaraq, birinci və ikinci xəlifə hədis yazıb toplamağın əleyhinə çıxıb puç və əsassız bəhanələrlə, həqiqətdə isə siyasi məqsədlərlə müsəlmanlara hədis yazıb söyləməyi qadağan etdilər. Əbu Bəkr dedi: "Allah Peyğəmbərindən heç bir şey söyləməyin! Əgər sizlərdən bir nəfər bir məsələ barədə sual etsə, ona deyin ki, Allahın kitabı (Quran) bizim və sizin aranızdadır, onun halalını halal, haramını haram sayın.” İkinci xəlifə Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) hədislərinin yazılmasına qadağa qoymaq məqsədilə İslam dövlətinin bütün ərazilərinə bir bəyannamə nəşr etdirərək yazdı: "Kim Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) bir hədis belə yazıbsa, onu məhv etsin.” Ömər təkcə bu bəyannamə ilə kifayətlənməyib Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) bütün səhabələrinə və həmçinin, bütün hədis əzbər bilənlərə ciddi xəbərdarlıq etdi ki, hədis söyləmək və yazmaqdan çəkinsinlər. Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) tanınmış səhabələrindən olan Qərzə ibn Kəb deyir: "Ömər bizi İraqa göndərərkən özü də bizimlə bir az yol gəlib dedi: "Bilirsiniz sizi nəyə görə yola salıram?” Dedik ki, yəqin Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) səhabələri olduğumuz üçün xəlifə bu əziyyətə qatlaşır. Dedi: "Sizin hörmətinizdən əlavə, ona görə sizi şəxsən yola salıram ki, sizə bir məsələni tövsiyə edəm və sizinlə piyada gəlib sizi ötürməyim xatirinə onu yerinə yetirəsiniz.” Sonra əlavə edib dedi: "Siz elə bir yerə gedirsiniz ki, oranın əhalisi öz məscid və məclislərini Quran zümzüməsi ilə doldurmuşlar. Mənim sizə tövsiyəm budur ki, onlarla işiniz olmasın və camaatın başını hədislə qatıb onları Qurandan ayırmayın! Camaat üçün Quranı ona hədis qatmadan oxuyun, Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) çox az hədis söyləyin. Biz də bu işdə sizinlə həmkarlıq edəcəyik.”
Qərzə göndərildiyi yerə çatanda ona dedilər ki, bizim üçün hədis söylə. O isə cavab verdi ki, xəlifə hədis söyləməyi bizə qadağan etmişdir.
Ömər öz xəlifəlik dövründə bir dəfə belə qərara gəldi ki, Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) hədislərini yazsın. Sonra cəmiyyət arasında azadlıq olmasını göstərmək məqsədilə bu söhbəti camaat arasına çıxartdı. O, bir ay fikirləşdikdən sonra həll yolu tapıb camaata dedi: "Keçmiş ümmətləri yadıma saldım, onlar bəzi kitabları yazıb toplayaraq onlara çox diqqət etdiklərinə görə öz asimani kitablarından uzaq düşdülər. Buna görə də, mən Allah kitabını (Quranı) heç bir şeylə qarışdırmaram.”
Xəlifə təkcə bu işin qarşısını almaq üçün fərman verməklə kifayətlənmir, eyni zamanda hədis söyləyən şəxsi möhkəmcə cəzalandırırdı. Belə ki, bir gün o üçü də İslamın ilkin çağlarının böyük şəxsiyyətlərindən olan ibn Məsud, Əbu Dərda və Əbuzərə demişdir: "Nədir, Peyğəmbərdən söylədiyiniz bu hədislər?” Sonra onları tutub həbs etmiş və o üç nəfər Ömər ölənə qədər həbsdə qalmışdı.
Bu cür cəzalandırmalar üzündən digər müsəlmanlar da hədis yazıb söyləməyə cürət etmədilər.
Əvəzi çıxılmaz bir ziyan Bu məhdudiyyətlər bais oldu ki,Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) şərəfli hədisləri hədis əzbərləmiş adamların sinələrində qalsın. Beləliklə də, müsəlmanlar bu böyük İslami mədəniyyət mənbəyindən uzun müddət mərhum oldular. İş o yerə çatmışdı ki, Şəbi deyirdi: "Bir il Ömərin oğlu ilə bir yerdə oldum, ondan nümunə üçün də olsa, bir Peyğəmbər hədisi eşitmədim.
”
Saib ibn Yezid deyir: "Mədinədən Məkkəyədək Səd ibn Maliklə yol yoldaşı oldum, o, səfər boyunca Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) bir dənə də olsun, hədis söyləmədi.” Bu qadağa cəmiyyətə o qədər pis təsir bağışladı ki, Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) əmri ilə onun hədislərini yazan Abdullah ibn Ömər xəlifənin nəşr etdirdiyi bəyannamədən sonra öz kitabını (hədis kitabını) elə gizlətdi ki, indi hədis kitablarında onun kitabının heç adı da çəkilmir. Deməsək də, məlumdur ki, bu qadağa nəticəsində İslama dəyən zərbə aradan qaldırıla bilməz. Çünki Peyğəmbər hədislərinin yazılması yüz ilə yaxın müddətə kimi tərk olunmuş, o mənalı sözlər müsəlmanlar arasında müzakirə olunmamışdır. Bunların hamısından pisi isə bəzi yalançı şəxslərin bu fürsətdən istifadə edib öz dövrlərinin xəlifələrinin xeyrinə yalançı hədislər qoşmaları olmuşdur. Çünki hədisin sənədi təkcə əzbərləmək və adamlardan eşitməyə inhisarlaşırsa, təbii ki, hər bir insan hər cür iddia edə bilər. (Öz iddiasını hədis şəklində söyləyə bilər.) Ona görə ki, nə bir kitab var idi, nə bir dəftər, nə də bir hesabat. Məlumdur ki,belə bir şəraitdə də onlarla Əbu Hüreyrələr meydana gəlib qeyri-şəri məqsədlər üçün özlərini doğru hədisçi kimi qələmə verəcəklər. Bu vəziyyət hicrətin birinci yüzilliyinə kimi, yəni Ömər ibn Əbdüləzizin hakimiyyəti (99-101 h.q) dövrünədək davam etmişdir. Ömər ibn Əbdüləziz təqdirəlayiq bir addım ataraq bu acınacaqlı bidəti aradan götürməklə camaatı hədis söyləmək, yazmaq və toplamağa şövqləndirdi. O, alim və hədisçiləri bu işə cəlb etmək məqsədilə bir bəyannamə dərc etdirdi. Bəyannamədə deyilirdi: "Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) hədislərini toplayaraq onları yazın. Çünki mən qorxuram alim və hədisçilərin dünyadan getməsi ilə o Həzrətin elm çırağı sönə.” Buxarinin dediyinə görə, Ömər ibn Əbdüləziz yuxarıda qeyd etdiyimiz məzmunda digər bir bəyannamə də Mədinədəki nümayəndəsi Əbu Bəkr ibn Həzəmə yazdı. Ancaq bu hələ işin əvvəli idi və bir əsr geri qalmağın əvəzini çıxmaq,Peyğəmbər hədislərini dirçəltmək, yaddaşlarda qalıb böyük, ya kiçik təhriflərlə qarışan hədisləri yazmaq üçün çox vaxt lazım idi. Ömər ibn Əbdüləzizin hakimiyyəti uzun sürmədiyindən bu iş çox da sürətlə irəliləmədi. Çünki ondan sonra Yezid ibn Əbdülməlik və Hişam ibn Əbdülməlik ardıcıl olaraq hakimiyyətə gəlmiş və onların hökumətində olmayan təkcə şey İslam və müsəlmanların qayğısına qalmaq idi.
Bəziləri yazırlar: Ömər ibn Əbdüləzizin əmri ilə hədisləri toplayan ilk şəxs Məhəmməd ibn Müslim ibn Şəhab Zühri (Zührinin nəvəsi) olmuşdur. Nəzərə almaq lazımdır ki, düzdür, Ömər ibn Əbdüləzizin dövründən etibarən hədis söyləyib yazmaq azad buraxılmışdı, ancaq bir tərəfdən hədis yazılmasının qadağan olduğu dövrdə qoşulmuş yalançı hədislər, (doğru) hədis topluları sırasına qoşulmuş, digər tərəfdən də, rəsmi hədisçilər (dövlət hədisçiləri) və hakimiyyət tərəfdarları Əhli-beytin və onun şiələrinin xeyrinə nəticələnən hədisləri deməkdən boyun qaçırıb onları gizli saxlayırdılar.
Əsassız bəhanələr Burada belə bir sual irəli çıxır ki, hədis yazıb söyləməyin qadağan edilməsinin səbəbi nə olmuş və ikinci xəlifə hansı əsasa görə belə bir bəyannamə nəşr etdirmişdir? Halbuki, hamıya məlumdur ki, hədislər (Peyğəmbər hədisləri) Quran ayələri kimi hüccət (sənəd) olub ona əməl etmək bütün müsəlmanların borcudur. Quran Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) buyurduğu bütün məsələlər (istər Allahın buyurduğu olan Quran ayələri, istərsə də o Həzrətin sözlərindən ibarət olan, lakin məfhumu vəhy aləminə aid olan buyurduğu hədislər olsun) barədə buyurur: "O, [Məhəmməd Peyğəmbər] kefi istəyəni danışmır. Bu, ancaq [[[Allah]] dərgahından] nazil olan bir vəhydir.” Bundan da əlavə, Allah-taala Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) buyruq və əmrlərini müsəlmanlara açıq-aşkar hüccət edərək buyurmuşdur: "Peyğəmbər sizə nə verirsə və nə əmr edirsə, onu götürün və ona itaət edin, nəyi qadağan edirsə, ondan əl çəkin.”
Abdullah ibn Ömər Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) rəvayət edir ki, o Həzrət öz dodaqlarına işarə edərək buyurur: "Ey Ömərin oğlu! And olsun canım əlində olan Allaha, bu iki (dodağın) arasından haqdan başqa bir şey (söz) çıxmaz, nə deyirəm, yaz.”
Peyğəmbər hədislərinin bu qədər əhəmiyyət kəsb etdiyi, mühüm və arxayın yollarla camaatın İslam həqiqəti ilə əlaqəsi sayıldığı bir halda, ikinci xəlifənin Peyğəmbər hədislərinin yazılmasının qadağan edilməsi məqsədilə "Kim Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) bir dənə də olsun hədis yazıbsa, onu məhv etsin” məzmunlu bəyannamə nəşr etdirib bütün İslami məntəqələrə göndərməsi düzgündürmü? Bu bəyannamə elm öyrənməyin daima tərəfdarı olan İslam ruhiyyəsi ilə uyğun gəlirmi?
Bu sualın cavabında hökumət tərəfdarları əl-ayağa düşərək xəlifənin bu fərmanına özlərindən bir hikmət qoşmuş və iddia etmişlər ki, Əbu-Bəkr demişdir: "Peyğəmbər hədislərinin söylənilməsinin qarşısını almaqdan məqsəd budur ki,hədislər Quran ayələri ilə qarışmasın.” Bu bəhanə o qədər əsassızdır ki, heç ona cavab verməyə dəyməz. Çünki Peyğəmbər vəfat edən zaman artıq Quranın bütün surə və ayələri yazılmış, vəhy yazanlar və Quran əzbərləyənlər öz möhkəm yaddaşları ilə onu əzbərləmiş, Quran ayələri elə müəyyən edilmişdi ki, bir nəfər ondan nə bir hərf azalda bilər, nə də bir hərf ona əlavə edə bilərdi. Belə olduğu halda, hədis yazmaq Qurana bir xələl yetirərdimi? Bundan da əlavə, Quran fəsahət-bəlağət,cazibədarlıq, cümlələrin (ayələrin) bir-birinə bağlanması cəhətindən o qədər yüksək səviyyədədir ki, heç bir söz və ya yazı ona çata bilməz. Hər hansı bir söz fəsahət və bəlağət cəhətdən nə qədər yüksək səviyyədə olursa olsun, yenə də Quran ayələrilə qarışdırıla bilməz. Əmirəl-möminin Həzrət Əlinin (ə) Nəhcül-bəlağədəki və eləcə də, Peyğəmbərin öz xütbələri fəsahət və bəlağətin kulminasiya nöqtəsindədir, ancaq bununla belə, heç vaxt Quranla qarışdırıla bilməz. Həzrət Əlinin (ə) öz xütbələri əsnasında qeyd etdiyi ayələr o Həzrətin sözlərinin içində mirvari kimi parlayır və ərəb dili ilə tanış olan şəxs ilk baxışdan bu iki söz (Allahın sözü ilə, Əlinin (ə) sözü) arasında fərq qoyur.
Siyasi məqsəd Əldə olan faktlar sübut edir ki, bu bəyannaməni nəşr etdirmək siyasi məqsəd daşımışdır. O da bundan ibarət idi ki,bunun simasında o günlər Həzrət Əliyə (ə) nəsib olmuş böyük bir üstünlük aradan aparılsın. Çünki Həzrət Əli (ə) Peyğəmbərin sağlığında bəzi kitablar yazaraq orada Peyğəmbərin hədislərini və o Həzrətdən müxtəlif sahələr üzrə eşitdiyi həqiqətləri qeyd etmişdi.
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) hədis yazmağı qadağan etmişdimi? Çox təəssüfləndirici haldır ki, bəzi hədisçilər hədis yazmağın qadağan edilməsini Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nisbət verərək demişlər: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: "Mənim dediklərimin arasından Qurandan başqa heç nə yazmayın, kim də Qurandan başqa bir şey yazıbsa, onu məhv etsin.”
Bəzi faktlar bu məsələnin düzgün olmadığını sübut edir. Çünki əvvəla Peyğəmbər məktəbinin seçilmiş şagirdi Həzrət Əli (ə) o Həzrətdən çoxlu sayda hədislər yazmış, onun əlyazmaları bir-bir İmamlara yetişmişdir. Əgər Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) hədis yazmağı qadağan etsəydi, Əli (ə) əsla onun əmrinə qarşı çıxıb belə iş görməzdi. İkincisi də, müxtəlif məsələlər – əhkam, vacib-haram, mürafiə və siyasi məsələlər barədə Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) öz dövründə bir çox yazılar yazılmış, hədisçi və tarix yazanlar da onların mətnini düzgün və qəti sənədlərlə qələmə almışlar. Bu yazıların (məktubların) çox hissəsi əsl İslama dəvət barədə yazılmış, əksəri isə İslami hökmlər - hədlər,mübahisələr, əhkam və vacibi məsələlər barədə qələmə alınmışdır. Buna əsasən, necə inana bilərik ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bir tərəfdən Qurandan başqa şeylərin yazılmasını qadağan edir, digər tərəfdən isə hal-hazırda iki yüz on altısı bütün xırdalıqlarına qədər bizim əlimizdə olan üç yüzə yaxın məktub (yazılı) gözü qarşısında yazılır, ancaq Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onu qadağan etmir?
Şiə - hədis toplamağın banisi Sevindirici haldır ki, şiələr elə Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) sağlığından bu sahədə çoxlu səylər etmiş, Əlinin (ə) yolunu davam etdirərək hədis yazıb söyləməkdə qabaqcıl olmuş, hədis sahəsində qiymətli və dəyərli əsərlər yazıb qoymuşlar. Əli (ə) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) hədislərini toplayan ilk şəxs olmuşdur. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) hədis buyurur, Əli (ə) da onları yazaraq kamil bir kitab halına salırdı. Bu kitab bir-bir İmamlara yetişərək İmam Baqirin (ə) əlinə çatdı. Bir gün Həkəm ibn Üteybə həmin kitabı İmam Baqirin (ə) yanında gördü. O, İmam Baqir (ə) ilə bir məsələ barədə mübahisə etmişdi. İmam Baqir (ə) o kitabdan həmin məsələyə aid olan hədisi tapıb ona göstərərək buyurdu: "Bu Əlinin (ə) xətti, Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) buyurduğudur.”
Bundan əlavə, Həzrət Əli (ə) diyə (qan bahası) mövzusunda "Səhifə” adlı bir kitab yazmış və onu daima (büküb) qılıncına bağlayardı. Həzrət Əlidən (ə) nəql olunmuşdur ki, buyurur: "Bizim yanımızda Allah kitabı və bu "Səhifə”dən başqa oxunulası bir kitab yoxdur.” "Səhifə” kitabının məsələləri yaralıların şəri hökmlərinə aid olmuşdur.
Əlinin (ə) "Səhifə” kitabı barədə buyurduğu sözdən məlum olur ki, o dövrdə Qurandan başqa bir kitab yazılmamış və Əli (ə) fiqh və hədis sahəsində kitab yazan ilk şəxs olmuşdur.
Süyuti Həzrət Əli (ə) və oğlu İmam Həsəni (ə) hədis yazılmasının tərəfdarlarından hesab edir. Əgər sünni məzhəbi hədis yazılmasının qadağan olması bidətinin nəticəsində yüz il, ya bir az da çox İslami hədisləri yazmayıblarsa, sevindirici haldır ki, şiələr bu sahədə qabaqcıl olmuşlar. Çünki elə Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) öz dövründə Əlidən (ə) başqa o Həzrətin dostlarından və Əlinin (ə) tərəfdarlarından biri olan Əbu Rafi "Əs-Sünənü vəl-əhkamu vəl-qəzaya” adlı bir kitab yazmış, İslamın müxtəlif sahələrinə – namaz, oruc, zəkat, həcc və mürafiəyə aid əhkam və şəri məsələləri qeyd etmişdir. Əgər biz bu kitabı səhabələr tərəfindən yazılmış ilk hədis kitabı kimi qəbul etsək, onda onu eyni zamanda bu sahədə olan ilk fiqh kitabı kimi də qəbul edə bilərik.
Əbu Rafidən sonra şiə yazıçıları elə hədis yazmağın qadağan olduğu ilk çağlarda da, hədis yazmağa başladılar və bu yolla öz rəhbərlərinin sözlərini təhriflərdən qorudular. Bu iş Həzrət Əlinin (ə) dövründən İmam Baqirin (ə) dövrünədək davam etmiş, İmam Baqirin (ə) dövründə Ömər ibn Əbdüləziz tərəfindən hədislərin yazılması barədə bəyannamə nəşr edilən ərəfədə İmam Baqirin (ə) qabaqcıl şagirdləri minlərlə hədis əzbər bilirdilər. Məhəmməd ibn Müslim şiə məzhəbinin böyük şəxsiyyətlərindən, yüksək dərəcəli və fəzilətli hədisçilərdən, İmam Baqirin (ə) fiqh və hədis sahəsində ən qabaqcıl şagirdlərindən biri olmuşdur. O, Kufə şəhərində anadan olmuş, dörd il Mədinədə qaldığı müddətdə daima İmam Baqir (ə) ilə, ondan sonra da, İmam Sadiq (ə) ilə daima əlaqə saxlamış və bu iki böyük İmamın hüzurundan istifadə etmişdi. O deyir: "İstədiyim məsələni İmam Baqirdən (ə) soruşub cavab alırdım. Belə ki, otuz min hədis İmam Baqirdən (ə), on altı min hədis isə İmam Sadiqdən (ə) hədis öyrəndim.”
Məhəmməd ibn Müslim "Ərbəəmiətu məsələtin” (Dörd yüz məsələ) adlı bir kitab yazmışdı. Bu kitabdakı məsələlər onun İmam Baqir (ə) və İmam Sadiqdən (ə) eşitdiyi məsələlərin cavabları idi. İmam Baqirin (ə) məktəbinin yetişdirmələrindən biri də Cabir ibn Yezid Cufidir. O da Kufə şəhərində anadan olmuş, İmam Baqirin (ə) elmindən faydalanmaq məqsədilə Mədinəyə köçmüşdür. İmam Baqirin (ə) gözəl məktəbindən istifadə etməsi sayəsində böyük elmi rütbələrə yüksəlmişdir. Cabir İmam Baqirin (ə) coşub-daşan elm və bilik bulağından istifadə edərək çoxlu sayda kitab və əsərlər yazıb qoymuşdur ki, bu da şiələrin hədis və maarifi yazmağa olan diqqətinə daha bir sübutdur. Cabirin yazdığı kitablar aşağıdakılardır:
1.Təfsir kitabı;
2. Nadir məsələlər kitabı;
3.Fəzilətlər kitabı;
4. Cəməl (döyüşü) kitabı;
5. Siffeyn (döyüşü) kitabı;
6.Nəhrəvan (döyüşü) kitabı;
7.Əmirəl-möminin Həzrət Əlinin (ə) məqtəl kitabı;
8.İmam Hüseynin (ə) məqtəl kitabı.
Yezid ibn Əbdülməlik Ömər ibn Əbdüləzizin ölümündən sonra Yezid ibn Əbdülməlik hakimiyyətə gəlir. O, çox əyyaş, kefcil, laqeyd bir adam olub əxlaqi və dini qayda-qanunlara əsla riayət etmirdi. Buna görə də, onun hakimiyyət dövrü Bəni-Üməyyənin hakimiyyətdə olduğu ən pis və azğınlıq dövrü hesab olunur. Onun hakimiyyəti dövründə İslam tarixində heç bir fəth, zəfər və parlaq bir hadisə baş verməmişdir.
Yezid ibn Əbdülməlik Ömər ibn Əbdüləzizin hakimiyyəti dövründə vəliəhd olduğundan əsl simasını dəyişib adi şəkil almış və bu yolla camaatın fikrini özünə cəlb etmişdi. Bu baxımdan da, onun hakimiyyətinin ilkin çağları, xüsusilə də, onun keçmiş xəlifənin yolunu davam etdirəcəyi vədəsini verdikdən sonra camaat onu razılıqla qarşılamışdır. Bu vədə (keçmiş xəlifənin yolunun davam etdiriləcəyi vədəsi) Ömər ibn Əbdüləzizin dövründə (az da olsa) haqq-ədalət ləzzətini dadanlar üçün bir ümid müjdəsi idi. Ancaq çox çəkmədi ki, bu intizar ümidsizliyə çevrildi. Çünki onun hakimiyyətə gəldiyi bir neçə gündən sonra proqram dəyişdi və bütün vədələr boşa çıxdı.
Yalan şəhadət Yezid ibn Əbdülməlik öz qanunsuz əməllərinin üstünü örtmək və gördüyü günahlardan özünə bəraət qazandırmaq üçün planlı şəkildə qırx nəfər adlı-sanlı qoca kişiləri məcbur etdi ki, onun günahsız olması barədə şəhadət versinlər. Onlar da şəhadət verdilər ki, xəlifələr üçün heç bir hesab-kitab və cəza yoxdur. Onların şəhadəti elə də kiçik iş olmayıb Bəni–Üməyyənin öz hökumətini möhkəmlətməsi üçün aldadıcı siyasətin bir hissəsi hesab edilirdi. Çünki Bəni-Üməyyə sülaləsi öz siyasi məqsədinə nail olmaq üçün Mürciə dəstəsi kimi ideoloji bir təriqət yaratmış, həmin təriqətin ideoloji fəaliyyəti Bəni-Üməyyənin din pərdəsi altında hökumət dayaqlarının möhkəmlənməsi üçün bir vasitə olmuşdur. Bəni-Üməyyə hakimiyyətinə qulluq edən bu cür təriqətlər bir sıra təfsir və dini bəhanələrlə Əməvi xəlifələrinin qeyri-İslami işlərinə pərdə çəkirdilər. İbn Qüteybə Dinəvəri yazır: "Yezid ibn Əbdülməlik əvvəllər aldadıcı əxlaqına görə Qüreyş qəbiləsinin məhəbbətini qazanmışdı. Əgər hakimiyyətə gəldikdən sonra Ömər ibn Əbdüləzizin yolunu davam etdirsəydi, camaat ondan şikayətlənməzdi. Ancaq o, hamının gözlədiyinin əksinə olaraq hakimiyyətə gəldikdən sonra iş metodunu tamamilə dəyişib eynilə qardaşı Vəlidin getdiyi yolla getməyə başladı. Onun bu rəftarı müsəlmanların qəzəbi ilə üzləşməli oldu. Belə ki, camaat onu hakimiyyətdən salmaq qərarına gəldi. Yezid camaatın hüquq və tələblərinə o qədər etinasızlıqla yanaşırdı ki, hətta Qüreyş və Bəni-Üməyyədən də bir dəstə adam onun hakimiyyətinin əleyhinə çıxdı. Yezid ibn Əbdülməlik camaatın etirazlarına qulaq asıb öz hakimiyyət metodunu dəyişmək əvəzinə təzyiq və çətinliklərini daha da artırdı. O, Qüreyş və Bəni-Üməyyə tayfalarının bir neçə böyük şəxsiyyətini ictimaiyyətdə nizam-intizamı pozmaq və qiyam qaldırmaqda ittiham edib əmisi Məhəmməd ibn Mərvana əmr verdi ki, onları tutub həbs etsin. Tutulanlar iki ilə yaxın həbsdə qaldıqdan sonra Məhəmməd onları zəhərləyərək hamısını qətlə yetirdi. Yezid bundan əlavə, Qüreyşin digər otuz nəfər adlı-sanlı adamlarını tutub onları külli miqdarda cərimə edərək bütün mal-dövlətlərini müsadirə edib iflasa uğratdı. Belə ki, onlar Şam və sair yerlərin ətrafına çəkilib kasıbçılıq içərisində yaşamağa başladılar. Yezid bununla da, kifayətlənməyib onlarla əlaqə saxlamış bütün adamları qiyam və hökumətlə müxalifətdə töhmətləndirib dara çəkdirdi.”
Çalıb-oxumaq və qumar Bəni-Üməyyə sülaləsinin əvvəlki xəlifələri öz boş vaxtlarını qədim ərəb qəhrəmanlarının döyüş və qəhrəmanlıq epopeyalarına dair şairlərin qəsidələrinə qulaq asmaqla keçirirdilərsə, sonrakı xəlifələrin dövründə çalıb-oxumaq qəsidə və şerlərin yerini tutdu, xilafət sarayının gecə məclislərində şairlərin qəhrəmanlıq şerləri və döyüş dastanları əvəzinə çalıb-oxumaq adət oldu.
Hişam ibn Əbdülməlik Hişam çox paxıl, qəzəbli, cəsur, zalım, rəhmsiz və natiq bir şəxs idi. O, mal-dövlət yığmağa, abadlıq işləri görməyə çalışırdı. Hakimiyyəti dövründə bəzi iş yerləri təsis etdirdi və əl sənayesi daha da rövnəqləndi. Ancaq rəhmsiz və zalım olduğundan onun dövründə camaatın vəziyyəti çox ağırlaşdı, insani hisslər demək olar ki, aradan getdi, xeyirxahlıq işləri yoxa çıxdı, daha heç kəsin heç kəsə ürəyi yanmadı.
Azğın ünsürlərin nüfuzu Görkəmli alim və tarixçi Seyyid Əmir Əli İslam cəmiyyətinin o dövrdəki siyasi-ictimai vəziyyətini çox gözəl şəkildə bəyan etmiş, Hişamın əxlaq və rəftarını geniş şəkildə şərh etmişdir:
"İkinci Yezidin ölümü ilə hakimiyyət onun qardaşı Hişama çatdı. O,hakimiyyətini yalnız daxildəki çəkişmələri və xarici döyüş alovlarını söndürdükdən sonra möhkəmlətdi. Çünki o dövrdə Şimal istiqamətindən türkmən tayfaları və Xəzər xaqanlığı mərkəzi hökumətə hücumlar edirdilər, Şərqdə isə Abbasi sülaləsinin rəhbərləri Əməvi sülaləsini hakimiyyətdən salmaq üçün gizlicə öz işlərini görürdülər. Ölkə daxilində də, çox şücaətli və döyüşkən olan xaricilər (xəvaric) çaxnaşma yaratmışdılar. Bu çəkişmələrdə ərəblərin ən gözəl igidləri ya daxildə gedən vuruşmalarda öldürüldülər, ya da xilafət sarayının bədməramlı siyasətinin qurbanı olurdular. Çünki keçmiş xəlifənin öz vəzir və ətrafındakı işçilərinə olan kor-korana arxayınçılığı nəticəsində hakimiyyət özünüsevər və ləyaqətsiz adamların əlinə keçmişdi. Onlar da öz növbələrində bacarıqsız olduqlarından və hakimiyyəti pis idarə etdiklərindən, camaatda hökumətə qarşı nifrət hissi oyatmışdılar. Düzdür, öz ağır və çətin vəzifələrinə layiqincəsinə əməl edən azsaylı adamlar da qalmışdılar. Ancaq camaat arasında dinə qarşı rəğbət azalmış, saray adamları və onlara bağlı olanlar arasında isə demək olar ki, itib batmışdı. Axı onlar öz maddi mənfəətlərini təmin etməkdən başqa bir məqsəd güdmürdülər.
O çətin dövrdə İslam cəmiyyəti hakimiyyət gəmisini batmaqdan xilas edə biləcək qüvvətli bir şəxsə ehtiyac duyurdu. Buna görə də, Hişamın bir sıra xüsusiyyət və üstünlüklərə ehtiyacı var idi ki, onun nəticəsində İslam cəmiyyətini hər tərəfdən əhatə etmiş çətinlikləri aradan qaldıra bilsin. Hişamın ötən xəlifədən (Yezid ibn Əbdülməlikdən) bacarıqlı olmasında şübhə yoxdur. Çünki Hişamın dövründə xilafət sarayı çirkin ünsürlərdən təmizlənmiş, vüqar və mətanət laqeydsizliyi əvəz etmiş və cəmiyyət millətə xələl gətirən tüfeyli adamlardan təmizlənmişdi. Ancaq Hişamın yaratdığı həddən artıq çətinliklər camaatı boğaza yığmış, onun qənaəti get-gedə xəsisliyə çevrilmiş, bəzi çatışmayan əxlaqi və insani cəhətləri vəziyyəti daha da pisləşdirmişdi. O dardüşüncəli, özbaşına, çox şəkk edən və nankor adam idi. Buna görə də, heç kimə etimad etmir, onun əleyhinə qurulmuş planları boşa çıxartmaq üçün hiyləgər əməliyyatlar və casusluqlardan istifadə edirdi. Hər şeyə tez inandığından, kiçik bir bədgümanlıq nəticəsində ölkənin seçilən şəxsiyyətlərini aradan götürürdü. Onun ifrat dərəcəsində olan bu nankorluğu şəhərin vali, hakim və başçılarının tez-tez çıxarıb dəyişdirməsi, çox acı nəticələrə səbəb oldu.”
İmam Baqir (ə) Şamda İmam Baqirin (ə) şərəfli həyatının mühüm hadisələrindən biri də, o Həzrətin Şama səfəridir.
İmam Baqirin (ə) həməsri olmuş Hişam ibn Əbdülməlik İmam Baqirin (ə) camaat arasındakı məhəbbət və nüfuzundan daima qorxmuş, o Həzrətin ardıcıllarının (şiələrinin) onu "İmam” kimi tanımasını bildiyi üçün həmişə onun mənəvi nüfuzunun və eləcə də, şiələrinin artmasının qarşısını almağa çalışmışdır.
İmam Baqir (ə) bir dəfə öz əziz oğlu Cəfər ibn Məhəmməd (ə) (İmam Sadiq (ə)) ilə həcc ziyarətinə getdiyi il Hişam da həcc ziyarətinə gəlmişdi. Həcc mövsümü zamanı İmam Sadiq (ə) bir dəstə müsəlman arasında Əhli-beytin (əleyhimussəlam) fəzilət və İmaməti barədə söhbət etmiş, bu söhbət dövlət məmurları tərəfindən dərhal Hişama çatdırılmışdı. İmam Baqiriı (ə) öz hökuməti üçün daima təhlükəli hesab edən Hişam bu söhbətdən bərk qəzəbləndi, ancaq (bəlkə də, məsləhət belə olmuşdur) həcc mövsümü zamanı ona və həmçinin, oğlu İmam Sadiqə (ə) heç bir zərər yetirmədi. Lakin paytaxta (Dəməşqə) qayıtdıqdan dərhal sonra Mədinənin valisinə əmr etdi ki, İmam Baqir (ə) və oğlu İmam Sadiqi (ə) Şama (Dəməşqə) göndərsin.
İmam Baqir (ə) məcbur olub əziz oğlu İmam Sadiq (ə) ilə birgə Şama getdi. Hişam öz əzəmətini göstərmək və eləcə də, öz xəyalına əsasən, İmam Baqirin (ə) məqamını azaltmaq üçün üç gün o Həzrətə görüş icazəsi vermədi. Bəlkə də, bu üç gün ərzində o, İmam (ə) ilə necə üz-üzə gəlmək və o Həzrətin məqamını camaat arasında necə gözdən salmaq haqda tədbir tökürdü.
Ox atma yarışı Əgər Hişamın hökumət sarayı elm mərkəzi olsaydı, bəlkə də, o, seçilmiş alimləri yığıb elmi müzakirələr təşkil edərdi. Ancaq Əməvi xəlifələrinin, o cümlədən də, Hişamın sarayı bu cür alimlərdən məhrum olduğundan, şair, dastan söyləyən və məddahların alimlərin yerini tutduğundan Hişam belə bir məclis təşkil etmək qərarına gəlmədi. O, çox yaxşı bilirdi ki, əgər elmi müzakirə yolu ilə İmam Baqir (ə) ilə mübarizə etsə, onun sarayındakılardan heç kəs İmamın öhdəsindən gələ bilməyəcək. Buna görə də, belə qərara gəldi ki, (öz fikrində qələbə qazanacağını yəqin edib) başqa bir yolla mübarizə etsin.
Bəli,təəccüblü də olsa, Hişam ox atma yarışı təşkil edib İmam Baqiriı (ə) da ora dəvət etmək qərarına gəldi. O bu yolla İmamı (ə) məğlub edib camaatın gözündə kiçiltmək istəyirdi. Bu məqsədlə İmam Baqir (ə) hökumət sarayına daxil olmazdan qabaq Hişam sarayın bir neçə işçisinə əmr etdi ki, nişangah qoyub ox atmaqla məşğul olsunlar. İmam Baqir (ə) məclisə daxil olub bir qədər əyləşdi. Birdən Hişam üzünü İmama (ə) tutub dedi: "Ox atma yarışında iştirak etmək istəyirsinizmi?” İmam Baqir (ə) buyurdu: "Mən artıq qocalmışam, ox atmaq vaxtım ötüb keçib, məni üzürlü sayın.” Yaxşı fürsət tapıb İmam Baqiriı (ə) məğlubiyyətin iki addımlığında durduğunu güman edən Hişam israr edib ona and verdi. Eyni zamanda Bəni-Üməyyə böyüklərindən birinə işarə etdi ki, öz ox-kamanını İmam Baqirə (ə) versin. İmam əlini uzadıb kamanı tutdu,bir ox qoyub yayı dartdı. Ox düz nişangahın ortasına sancıldı. Sonra ikinci oxu qoyub atdı, ox birinci oxun ortasına batıb onu sındıraraq hədəfə sancıldı. Üçüncü ox da ikinci oxu sındırıb nişangaha sancıldı. Beləliklə, doqquz ox atdı və oxların hər biri özündən qabaqkı oxu sındırıb düz nişangahın ortasına sancıldı. Bu heyranedici hadisə hamını mat-məəttəl qoyub hamını o Həzrəti alqışlamağa məcbur etdi. Gümanı yanlış çıxan və planı puç olan Hişam bərk narahat olub özündən ixtiyarsız olaraq dedi: "Afərin sənə, ey Cəfərin atası! Sən ərəb və əcəmin (qeyri-ərəbin) ox atanlarının ən üstünüsən. Bəs deyirdin qocalmışam?” Bu vaxt Hişam başını aşağı salıb bir qədər fikrə getdi. Sonra İmam Baqir (ə) və oğlu İmam Sadiqi (ə) öz yanında xüsusi yerdə otuzdurub onlarla çox hörmətlə davrandı. Daha sonra üzünü İmama (ə) tutub soruşdu: "Qüreyş sənin sayəndə bütün ərəb və əcəmə ağalıq etməyə layiqdir. Belə ox atmağı kim sənə öyrətmiş və bunu nə vaxta öyrənmisən?” İmam Baqir (ə) buyurdu: "Özün bilirsən ki, Mədinə camaatı bu işə adət edib, mən də cavanlıqda bir müddət bu işlə məşğul olmuş, sonra isə tərk etmişəm. Bu gün sən israr etdiyin üçün qəbul etdim.” Hişam dedi: "Cəfər (İmam Sadiq (ə)) də ox atmaqda sənin kimi məharətlidir?” İmam Baqir (ə) buyurdu: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi [[[Məkkə]]nin fəthi, İslamın mövqeyinin möhkəmlənməsi, cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i.a] tamamladım” ayəsində buyurulmuş kamil din və tamamlanmış nemət bizik. Biz Peyğəmbər ailəsi (İmamət və rəhbərliyi) bir-birimizdən irs aparırıq və əsla yer üzü bu cür bir şəxsiyyətdən (İlahi hüccətdən) boş olmaz.”
Məsihi yepiskopu ilə münazirə Hişamın sarayının İmam Baqirin (ə) elmi əzəmətini nümayiş etdirmək üçün münasib yer olmadığına baxmayaraq, xoşbəxtlikdən o Həzrət üçün Şam şəhərini tərk etməzdən qabaq camaatın fikrini oyadıb öz elmi məqamını onlara göstərmək üçün çox yaxşı bir fürsət düşdü. İmam Baqir (ə) bu fürsətdən istifadə edib Şam əhalisinin fikrini tamamilə dəyişdi. Hadisə belə baş vermişdi: Hişamın İmam Baqirə (ə) qarşı hörmətsizlik etməyə əlində bir bəhanəsi yox idi. Çarəsiz qalıb o Həzrətin Mədinəyə qayıtmasına razılıq verdi. Elə ki İmam Baqir (ə) öz əziz oğlu ilə saraydan çıxdı, sarayla üzbəüz olan meydanın axırında yerə oturmuş böyük bir insan dəstəsi gördü. İmam onların nə üçün yığıldığını soruşduqda, ona dedilər ki, bunlar xristian keşiş və rahibləridir. Öz adət-ənənələrinə uyğun olaraq ildə bir dəfə keçirilən böyük elmi məclislərinin başlanmasını, elmi çətinliklərini həll etmək məqsədilə böyük yepiskopun gəlməsini gözləyirlər. İmam Baqir (ə) naməlum şəxs şəklində camaatın arasına girib orada iştirak etdi. Bu xəbər dərhal Hişama çatdırıldı. Hişam bir neçə nəfər təyin edib onlara tapşırdı ki, gedib yaxından o məclisdə iştirak etsinlər. Çox çəkmədi ki, həddən artıq qocalıb əldən düşmüş yepiskop gəlib çox hörmət və ədəblə məclisin yuxarı başında oturdu. Sonra camaatı nəzərdən keçirdi. İmam Baqirin (ə) siması onu özünə cəlb etdiyi üçün üzünü İmama (ə) tutub soruşdu: "Biz xristianlardansan, yoxsa müsəlmanlardansan?”
İmam Baqir (ə): "Müsəlmanlardanam.”
— Onların alimlərindənsən, yoxsa nadanlarından?
— Nadanlardan deyiləm.
— Əvvəl mən sual edim, yoxsa sən soruşursan?
— İstəyirsinizsə, siz soruşun.
— Hansı əsasa görə siz müsəlmanlar iddia edirsiniz ki, Cənnət əhli yeyib-içəcək, ancaq onlardan ifrazat xaric olmayacaq? Bu məsələyə dair bu dünyada aşkar bir nümunə varmı?
— Bəli, bu məsələnin aşkar nümunəsi ana bətnində olan uşaqdır. O,anasının qarnında qidalanır, ancaq ondan ifrazat xaric olmur.
— Təəccüblüdür! Bəs siz dediniz ki, alimlərdən deyilsiniz?
— Mən belə demədim, mən dedim ki, nadanlardan deyiləm.
— Başqa bir sualım var.
— Buyurun!
— Hansı əsasa görə deyirsiniz ki, Cənnət meyvələri azalmır və nə qədər istifadə etsən, yenə də olduğu kimi qalıb əskilmir? Dünyada olan şeylərdən buna dair bir nümunə qeyd edə bilərsinizmi?
— Bəli, onun bu dünyada aşkar nümunəsi alovdur. Siz bir məşəlin alovundan bir neçə məşəl yandırsanız da, birinci məşəlin alovu yenə də olduğu kimi qalacaq və ondan əsla əskilməyəcək.
Yepiskopun fikrinə gələn hər nə çətin sual var idisə, hamısını soruşdu və hamısı haqqında qaneedici cavab eşitdi. Özünü aciz görüb bərk hirsləndi və dedi: "Camaat, dini məlumatı məndən çox olan bir adamı bura gətirmisiniz ki, məni rüsvay edəsiniz? Müsəlmanlar bilsinlər ki, onların rəhbərləri bizdən üstün və biliklidirlər. And olsun Allaha, daha sizinlə söhbət etməyəcəyəm. Əgər gələn ilədək sağ qalsam, məni daha öz aranızda görməyəcəksiniz.” Bunu deyib yerindən qalxaraq kənara çıxdı.
Nalayiq bir töhmət Bu hadisə qısa bir zamanda bütün Dəməşqə yayı
|